İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan azərbaycanlıları ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: hakimiyyət...

"Gürcüstan hakimiyyəti azərbaycanlıların ölkənin müstəqilliyinin qorunmasında və inkişafında mühüm rola malik olduqlarını, həmçinin Azərbaycan və gürcü xalqlarının birliyinin bölgənin təhlükəsiz gələcəyi üçün həyati əhəmiyyət kəsb etdiyini nəzərə alacaq".

Musavat.com-un məlumatına görə, bunu ƏHD partiyası sədrinin müavini, millət vəkili Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, səsvermə sübuta yetirdi ki, Gürcüstan seçicilərinin seçkinin taleyini həll edə biləcək çoxluğa malik hissəsi məsələnin hansı partiyanın, yaxud partiyalar blokunun parlament çoxluğunu qazanması ilə bağlı olmadığını, söhbətin dövlətin müstəqilliyindən getdiyini başa düşürlər və onlar vətəndaşı olduqları dövlətin müstəqil inkişafında, sattellitə, vassala çevrilməsində maraqlı deyillər:

elcinmirze.jpg (238 KB)

“Bu baxımdan, mənə görə, seçkilərdə sadəcə “Gürcü arzusu” yox, Gürcüstan vətəndaşlarının, xüsusilə də gürcülərin və azərbaycanlıların qüruru qalib gəlib.

Bu xüsusda, Gürcüstandakı soydaşlarımızın daim vətəndaşı olduqları dövlətin müstəqilliyinin, suverenliyinin keşiyində dayandıqlarını, Azərbaycan dövlətinin və Prezidentinin bölgənin təhlükəsizliyinə, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsinə, inkişafına xidmət edən siyasətini dəstəklədiklərini qeyd etmək istəyirəm”.

Millət vəkili diqqətə çatdırıb ki, azərbaycanlıların sıx yaşadıqları bütün bölgələrdə hakim “Gürcü arzusu” partiyasının yüksək səs qazanması, soydaşlarımızın Gürcüstanın müstəqil dövlət kimi inkişafında mühüm komponentlərdən olduğunu bir daha təsdiqləyir:

“Həmçinin sübuta yetirir ki, azərbaycanlılar Güsrcüstanın siyasi arenasında önəmli, bir çox hallarda isə həlledici təsir potensialına malikdir”.

E.Mirzəbəyli qeyd edib ki, seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü yumşaq müstəmləkəçilik siyasətinə və regiondankənar qüvvələrin bölgədə yaratmaq istədikləri ayırıcı xətləri şaxələndimək niyyətinə ciddi zərbədir:

“Dövlətlərə öz geosiyasi maraqlarının istifadə aləti, xalqlara isə “qurbanlıq canlı qüvvə” kimi yanaşan Qərbin Gürcüstanda uzun illərdən bəri gerçəkləşdirmək istədiyi siyasətin yeni təzyiq və təhdid mesajları ilə əhatə olunmuş növbəti həmləsinin iflasa uğraması, təkcə region xalqlarının deyil, bütövlükdə daha geniş bir ərazidə yaşayan onmilyonlarla insanın təhlükəsizliyinə, rifahına və azadlığına xidmət edir. Azərbaycanla Gürcüstanın hər iki dövlətin və regionun təhlükəsizliyi naminə nümayiş etdirdikləri birlik, hər iki dövlətin müstəqil inkişaf və milli təhlükəsizlik konsepsiyasından çıxış etməsi, Qərbin bölgədəki vassalı missiyasını yerinə yetirməyə çalışan Ermənistanın siyasi oyunlarının növbəti dəfə məğlubiyyətə düçar olması kimi də qiymətləndirilə bilər”.

Onun fikrincə, məhz Azərbaycanın, yalnız milli maraqlara söykənən və nümunə yaradan siyasəti, Gürcüstan vətəndaşlarının əhəmiyyətli hissəsinin və dost ölkənin siyasi hakimiyyətinin bu nümunədən örnək alaraq, nümayiş etdirdiyi mövqe Qərbin bölgədə ikinci cəbhə açmaq, regionu parçalamaq niyyətini qursağında qoydu:

“Bu baxımdan, Azərbaycan və Gürcüstan dövlətlərinin, eləcə də Azərbaycan və gürcü xalqlarının birliyinin hazırda tarixi əhəmiyyət daşıdığını vurğulaya bilərik.

Ümid edirəm ki, Gürcüstan hakimiyyəti azərbaycanlıların ölkənin müstəqilliyinin qorunmasında və inkişafında mühüm rola malik olduqlarını, həmçinin Azərbaycan və gürcü xalqlarının birliyinin bölgənin təhlükəsiz gələcəyi üçün həyati əhəmiyyət kəsb etdiyini nəzərə alacaq və soydaşlarımızın problemlərinə daha diqqətlə yanaşacaq, onların həlli istiqamətində real, təxirəsalınmaz addımlar atacaqdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR