Onlayn ictimai-siyasi qəzet
“Şahmurad məqbərəsi Qərbi Azərbaycanın (indiki Ermənistan) Tovuz mərzi deyilən ərazisində yerləşir. 1995-ci ildə ermənilər tarixi saxtakarlığa yol verərək ərazinin adını dəyişib “Tavuş” adlandırdılar. Tavuş Ermənistan Respublikasının 10 mərzindən biri hesab olunur, ərazi Ermənistanın şimal-şərqində - Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tovuz mərzinin daha öncə Azərbaycanın Qazax qəzasının tərkibində olması ilə bağlı arxiv sənədləri mövcuddur”.
Musavat.com xəbər verir ki, bunu mədəni irsin araşdırılması üzrə ekspert, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, Ermənistanda “Şahmurad məbədi” adıyla tanınan bu abidənin kimə məxsusluğu və ya kim tərəfindən tikilməsi hələlik elmə məlum deyil:
“Bu barədə erməni elmi nəşrlərində də heç bir məlumata rast gəlinmir. Məqbərənin daxili və xarici divarlarındakı abidəyə məxsus yazılar, təbii daş nümunələri, daşlar və tağlar üzərindəki oymalar, elementlər və digər nümunələr ermənilər tərəfindən dağıdılaraq məhv edilib, abidə tanınmaz hala salınıb.
Abidənin qalıqlarını müayinə edərkən onun memarlıq quruluşunun verdiyi imkan daxilində bəzi fikir və mülahizələri irəli sürmək olur. Məqbərənin yerləşdiyi ərazi Tovuz mərzi şimaldan Gürcüstan, cənubdan Geğarkunik (Göyçə mahalı), cənub-qərbdən Kotayk (Dərəçiçək mahalının ərazisi), qərbdən Loru (Dağlıq Borçalı və Pəmbək mahalı) mərzləri ilə əhatələnib. Coğrafi baxımdan ərazi Qafqaz Albaniyasının tərkibində olub. Bu baxımdan abidənin memarlıq quruluşuna görə onu Alban dövrü memarlığının unikal nümunəsi hesab etmək olar.
Binanın ümumi memarlıq quruluşu Azərbaycanın Ağdərə rayonu ərazisindəki Xudavəng monastır kompleksinə daxil olan Arzu xatun məbədinin oxşarıdır. Lakin Şahmurad məqbərəsi dizayn quruluşuna görə Arzuxatun məbədindən daha öncə tikildiyi ehtimalını yaradır. Çünki Arzu xatun məbədinin ölçü cəhətdən böyük olması, daxili və xarici interyerin mürəkkəbliyi bunu deməyə əsas yaradır. Erməni vandalizminə uğradılan bu abidənin VI-VII əsrlərddə tikildiyini ehtimal etmək olur. Lakin onun niyə Şahmurad adlandırılması hələlik bizə məlum deyil”.
Şahanə Rəhimli
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ