Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna ilə Polşa arasında ciddi ixtilaf yaranıb. Buna səbəb Ukrayna xarici işlər naziri Dimitro Kulebanın bir açıqlaması olub. Hazırda Polşa mediası Kulebanı "persona non grata" elan etməkdədir.
Məsələ o qədər böyüyüb ki, Polşanın baş naziri münaqişəyə münasibət bildirməyə məcbur qalıb.
"Problemli tarixi məsələləri həll etmədən Ukrayna Aİ-yə daxil olmayacaq".
Musavat.com bildirir ki, bu sözləri Polşanın baş naziri Donald Tusk Ukrayna XİN başçısı Dimitro Kulebanın iradlarına görə söyləyib.
Olduqca ağır açıqlamalara Tusk belə davam edib: "Ukrayna istənilən halda tarixin dəfn edilməsi deyil, münasibətlərimizi bu tarix haqqında həqiqətə əsaslanaraq təşkil etmək baxımından Polşanın gözləntilərinə cavab verməli olacaq”.
“Axı mən bilirəm ki, bu həqiqət ağ-qara deyil. İddia ermirəm ki, Polşa tərəfində yalnız mələklər, Ukrayna tərəfində isə cinayətlər və cinayətkarlar var; amma II Dünya Müharibəsi zamanı və ondan sonra baş verənlərin obyektiv qiymətləndirilməsi Polşa-Ukrayna münasibətlərini əsaslı qurmaq üçün lazım olan elementlərdir”.
Bu gərginliyə səbəb nədir? Nə deyib özündənrazı Kuleba?
Məsələ burasındadır ki, Ukraynanın baş diplomatı 1947-ci ildə Vistula əməliyyatı zamanı ukraynalıların qovulduğu Polşanın şərqindəki Lyublin, Subkarpatiya və Kiçik Polşa ərazilərinin “Ukrayna torpaqları” olduğunu açıqlayıb.
Çərşənbə günü Kuleba və Polşanın xarici işlər naziri Radoslav Sikorski Olştin şəhərindəki "Kampus Polska Przyszłości" tədbirində birlikdə iştirak ediblər. Mövzu olaraq xüsusən də hər iki ölkəni bir-birindən ayıran mürəkkəb tarixi məsələlərdən bəhs edilib. İştirakçılardan biri Polşanın Volın qırğınının qurbanlarını nə vaxt çıxara biləcəyini soruşub.
Kuleba qeyd edib ki, tədbir iştirakçıları 1947-ci ildə Vistula əməliyyatı çərçivəsində Ukrayna əhalisinin köçürüldüyü Olştında görüşürlər.
“Siz Vistula əməliyyatının nə olduğunu başa düşürsünüz və bilirsiniz ki, bütün bu ukraynalılar yaşamaq üçün Ukrayna ərazilərindən, o cümlədən Olştında məcburi şəkildə qovulublar”, - deyə Kuleba cavab verib. “Amma mən bu haqda danışmıram ki, biz bu gün tarixi araşdırmağa başlasaq, söhbətin keyfiyyəti tamamilə fərqli olardı və biz tarixi çox dərin qazıb, "polyaklar ukraynalılara bunları edib, ukraynalılar polyaklara bunu edib" kimi pis şeyləri xatırlatsaq, söhbətin keyfiyyəti tamamilə başqa olacaq.
Bu açıqlama Polşada böyük hiddətə səbəb olub. Xüsusi ilə vurğulamaq lazımdır ki, Polşa iki ildən artıqdır ki, Rusiya ilə müharibədə Ukraynaya böyük dəstək verir.
Ukrayna XİN məsələ ilə bağlı xüsusi açıqlama da yayıb. Sitat:
"Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Polşaya qarşı ərazi iddialarını ifadə etməyib və ukraynalıların Polşada kommunist deportasiyası ilə bağlı deyib ki, onlar bir-birinə yaxın bir cəmiyyət kimi yaşadıqları ərazilərdən köçürülüblər".
Daha bir sitat: “Olştında keçirilən gənclər forumunun iştirakçılarından birinin sualını cavablandıran Ukraynanın xarici işlər naziri kommunist rejiminin cinayətləri - Vistula əməliyyatı nəticəsində Polşa ərazisindən zorla köçürülən minlərlə ukraynalıdan danışıb..."
Xatırladaq ki, Ukrayna Azərbaycana qarşı da nankor açıqlamalarla çıxış etmişdi.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ