İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: "İranda rejim çoxdan iflas edib"

"Rejim tərəddüd və çaşqınlıq içindədir, davam edən etirazlara son qoya biləcək yolların axtarışındadır. Təbii ki, siyasi rəhbərlikdə də bu cür vəziyyətlərdə fərqli fikirlər yaranır, fərqli yollar göstərilir, buna görə də vahid xətt yoxdur və siyasi hakimiyyətdən fərqli və ziddiyyətli mesajlar verilir. Bu cür ziddiyyətli bəyanatlar rejimin necə çətin vəziyyətdə olduğunu və artıq vəziyyətə nəzarətin itirildiyini göstərir".

Bu fikirləri Musavat.com-a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov deyib.

b17fdd30-5b65-321c-a543-837dceed5b25_850.jpg (51 KB)

O qeyd edib ki, rejim həm geri çəkildiyini göstərmək istəmir, həm də hər hansı güzəştlər olmasa vəziyyətin daha da ağırlaşacağını anlayır: "Əxlaq polisi ilə bağlı ziddiyyətli fikirlərin əsas səbəbi budur. Həmçinin ola bilər ki, bu cür ziddiyyətli mesajlarla rejim etirazçıları çaşdırmaq və onların müəyyən hissəsinə nəyinsə dəyişə biləcəyi ümidlərini verməklə etirazları zəiflətmək istəyir".

Fuad Çıraqov İran və Rusiyanın öz siyasətləri ilə artıq bir-birini qarşılıqlı asılılığa məhkum etdiklərini və faktiki müttəfiqlərə çevrildiklərini vurğulayıb: "İkisinin də vəziyyəti çox ağırdır. İranın Rusiyaya dronlar verməklə dəstək verməsi ilə əvəzində kömək istəməsi məntiqidir. Başqa hansı dövlətdən istəyə bilər ki? İranın dronları var, ancaq bu silahla dinc etiraz aksiyalarına qarşı nə etmək olar? İrana indi etirazları yatırmaq üçün canlı qüvvə və adi silahlar lazımdır. Bu günlərdə İranın Suriyadan 14 min rejimə sadiq və "ideoloji sağlam" qüvvəsini çıxarması haqqında məlumat yayıldı. Bunun səbəblərindən biri təbii ki, daxili etirazlardırsa, digər səbəbi Azərbaycanla artan gərginlikdir".

Politoloqun fikrincə, İran rejimi çoxdan iflas edib, özünü doğrultmayıb: "Əhalinin rejimə inamı çoxdan itib. Son 10 ildə sadəcə süni yollarla və ictimai manipulyasiyalarla, Ruhani kimi şəxslərlə yalançı ümidlər verməklə rejimin ömrünü uzadırdılar. Rejim artıq bitib. Xatırladım ki, vaxtilə şah rejimi 1 il ərzində etiraz aksiyalarından sonra çökmüşdü. Rusiya ilə bağlı vəziyyət fərqlidir. Daxili dayanıqlıq və böyük resurslar var. Siyasi hakimiyyət və siyasi kurs dəyişsə də, hələ ki, əminliklə proqnoz vermək çətindir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR