İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Azərbaycan və Ermənistan arasında siyasi aktivləşmə gözlənilir, çünki...“

Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda xorvatiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Bakı və İrəvan bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra bildiyini açıqlayıb. O, qeyd edib ki, bir neçə gün əvvəl verdikləri təkliflərlə bağlı Azərbaycandan cavab alınıb və müzakirələrin yekunu olaraq Ermənistan Azərbaycan tərəfinə öz cavabını bildirəcək.

Bəs ortada olan təfərrüatların məzmunu nədən ibarət ola bilər? Bakı və İrəvanın mövqelərinin yaxınlaşması nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Musavat.com-a danışıb: “Ötən ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana sülh müqaviləsi imzalanması istiqamətində 5 maddəlik təklif irəli sürmüşdü. Ermənistan tərəfi dərhal bu təklifləri qəbul etdiyini bildirdi və daha sonra yayılan məlumatlarda gördük ki, burada Ermənistanın suverenliyi, təhlükəsizliyi üçün heç bir təhdid olmadığı da əlavə olunur. Daha sonra il ərzində Praqa və Soçi görüşlərində həm də Ermənistan Azərbaycan ərazisinin bütövlüyünü və suverenliyini hüquqi sənədlərdə də təsdiqlədi. Təəssüflər olsun ki, ilin sonunda diplomatik sahədə müəyyən çətinliklər yarandı, Ermənistan danışıqlar prosesindən birtərəfli çıxdı, həm xarici işlər nazirləri səviyyəsində Moskvada görüşdə Ermənistanın xarici işlər naziri Ararart Mirzoyan iştirak etmədi, həm də dekabrın 7-də Brüsseldə ali səviyyədə nəzərdə tutulmuş görüş Ermənistanın təxribatları nəticəsində baş tutmadı”.

Politoloq qeyd edib ki, 2023-cü ildə siyasi sahədə bir qədər aktivləşmə olacağını gözlənilir:
“Ermənistanın xarici işlər naziri Azərbaycanı ittiham edirdi ki, Ermənistanın verdiyi təkliflərə rəsmi Bakıdan bir cavab gəlməyib, lakin biz görürük ki, Ararat Mirzoyan son çıxışında təklifləri aldığını bildirdi. Təbii ki, təfərrüatlar açıqlanmır. Lakin hesab edirəm ki, burada Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipləri əsasında müəyyən əlavələr olmamış deyil. Ona görə də bu bir qədər kontinental saxlanılır. Lakin istənilən halda yeni görüşün keçirilməsi artıq bir zəruriyyətə çevrilmişdir. Çünki regionumuzda siyasi-diplomatik aktivliyin yaranmasına böyük ehtiyac var. Sonuncu ali səviyyədə görüş ötən ilin 31 oktyabrında Soçidə olub, bundan sonra heç bir diplomatik təmas formalaşdırılmayıb. Təbii ki, müxtəlif görüşlərin keçirilməsi regionda gərginliyin aşağı salınmasına xidmət edir . Lakin Ermənistan bəzi məsələlərdə çox böyük prinsipallıq nümayiş etdirir, xüsusilə də üçtərəfli birgə Bəyanatın 4-cü və -cu maddələri hələ də yerinə yetirilməyib ki, bu da böyük təəssüf doğurur, eyni zamanda təhlükəsizliyə təhdid törədir. Ona görə də düşünürəm ki, bu görüş sayəsində mövqeləri bir qədər də yaxınlaşdırmaq mümkündür. Çünki Azərbaycanın sülh istiqamətində təşəbbüsləri hər zaman olub və ölkəmiz daha çox regionda sülhü və əməkdaşlığı, iqtisadi inteqrasiyanı, sərhəldərin blokdan çıxmasına çalışır və Ermənistandan da konstruktivlik istənilir.

Beləliklə, düşünürəm ki, yeni görüş həm də bizə qapalı saxlanılan təffərrüatların məzmununu öyrənməyə bir fürsət yaratmış olacaq”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR