Onlayn ictimai-siyasi qəzet
Gədəbəydə polisə silahlı müqavimət göstərən şəxsə kömək etməkdə ittiham edilən şəxsin cinayət işi üzrə təfərüatlar məlum olub. Cinayət işi materiallarında məlum olub ki, şübhəli şəxs polisə ov tüfəngi ilə atəş açmaq istəyən zaman digər polis əməkdaşı tüfəngi əli ilə tutaraq mane olub.
Musavat.com xəbər verir ki, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham edilən 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlunun cinayət işində hadisənin təfərrüatları məlum olub. Bir neçə ay əvvəl çıxarılan hökmdə hadisənin bilinmyən təfərrüatları məlum olub.
Müəyyən edilib ki, Nəriman Cəfərov tanışı Nəsib Hüseynovun polis əməkdaşlarından qaçmasına kömək edib. Belə ki, polis əməkdaşları Nəsib Hüseynovu saxlayan zaman Nəriman Cəfərov müdaxilə edib. O, polis əməkdaşlarından birinə zərbə endirərək Nəsib Hüseynovun qaçmasına şərait yaratmaq istəyib.
Məlumata görə Nəsib Hüseynov oğurluq ittihamı ilə axtarışda olub. Polis əməkdaşları onun Gədəbəy rayonu Şəkərbəy kəndində olduğunu müəyyən edib. Həmin vaxt Nəsib Hüseynov at belində, çiynində ov tüfəngi ilə hərəkətdə imiş. Polis əməkdaşları kəndə gələn zaman onu tanışları Elman Cəfərov və Nəriman Cəfərovla birlikdə bir evdə olduğunu aşkar ediblər.
Polis əməkdaşları evə daxil olan zaman Nəsib Hüseynov ov tüfənginə əl atıb. Polis əməkdaşlarından biri iki dəfə yerə xəbərdarlıq atəşi açaraq təslim olmasını istəyib. Lakin Nəsib Hüseynov silahını işə salmaq istəyərkən digər polis əməkdaşı müdaxilə edərək tüfəngin istiqamətini tavana çevirib. Atəş açılıb və tavana dəyib. Bu zaman polis əməkdaşı Nəsib Hüseynovun ayaq nahiyyəsindən atəş açaraq zərərsizləşdirmək istəyib. Nəsib Hüseynov yaralı vəziyyətdə qaçmaq istəyərkən evdə olan polis əməkdaşları onu saxlayıb. Bu zaman Nəriman Cəfərov polis əməkdaşının sifətinə yumruqla vurub. Bunu fürsət bilən Nəsib Hüseynov evdən çıxa bilib. Lakin həyətdə olan polis əməkdaşı onu saxlayıb.
Nəriman Cəfərov məhkəmədə dindirilən zaman əməlindən peşman olduğunu deyib və polis əməkdaşlarından üzr istəyib.
O, hadisə günü yaşananları danışarkən bunları deyib: “Elmanın evində idik. Nəsib də ora gəldi. Mən yemək qızdırırdım. Nəsib araq içmək istəyirdi. Mən namaz qıldığım üçün içmədim. Nəsib arağı süzəndə polislər içəri girdi. Nəsib silahlı onalara tərəf çevirdi. Mən qorxub yerə uzandım. Polisi vurduğumu xatırlamıram. Ola bilər ki, ara qarışanda əlim dəyib. Yenə də üzr istəyirəm”.
O, hakimiyyət nümayəndəsinə müqavimətdə təqsirli bilinib və barəsində 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həbsdə saxlandığı 8 ay 11 gün təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 7 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Bildirək ki, hadisə zamanı üçüncü şəxs Elman Cəfərov da polis əməkdaşlarına müqavimət göstərib və onlardan brinin bel nahiyyəsinə stulla zərbə endirib. Bu iki şəxsin əməlləri ayrıca icraata verilmiş cinayət işində araşdırılıb və barələrində qanuni tədbir görülüb.
Qeyd edək ki, bu hadisəyə qədər N.Hüseynov barəsində oğurluq, Elman Cəfərov barəsində isə qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə əlavə cinayət icraatı olub.
İlkin Muradov
Musavat.com
26 Fevral 2025
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ