İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyadalar və sürücülər üçün təhlükə - çıxış yolu nədir?

Paytaxt Bakıda son dövrlər moped, skuter, motosikl və velosiped sürənlər ifrat həddə çoxalıb. Kimisi bunu iş üçün, kimisi hobbi, kimisi sağlamlıq, kimisi idman üçün həyat rejiminə çevirib.

Ancaq vəziyyət o yerə çatıb ki, bulvarda, səkilərdə sürətlə hərəkət edən skuterlər piyadalara, motosiklet, mopedlər isə avtomobil sürücülərinə təhlükələr yaradır.

Dünyada bu cür kiçikölçülü nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq sənədlər tələb olunur və onlar xüsusi zolaqda hərəkət edə bilərlər. Bizdə isə harada gəldi hərəkət edirlər və ciddi problemlər yaradırlar.

Bəs bu məsələ necə tənzimlənməlidir?

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

 Eldəniz Cəfərov 

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a danışıb: “Moped, skuter ölkəmizdə idman, əyləncə növü kimi istifadə olunur. Əvvəllər motosiklet də idman növü olub, amma geniş yayılmadı və nəqliyyat vasitəsi kimi populyar  olmadı.

Son dövrlər xarici ölkələrdə olan yeni  texnologiyalar, fərdi mobillik vasitələri bizim ölkəmizə də gəlib, vətəndaşlarımız, xüsusən də gənclərimiz sürür və nəqliyyat vasitəsi kimi deyil, qeyd etdiyim kimi, sadəcə, əyləncə vasitəsi kimi istifadə olunur. Doğrudur, mopedlərdən artıq onlayn  çatdırmalara görə istifadə sayı artıb, lakin təəssüf ki, təhlükəsizlik məsələləri nəzərə alınmayıb. Çox sayda qaydalar var ki, onlara riayət edilməlidir. Məsələn, skuter  dediyimiz elektro samokatlardan istifadə edən vətəndaşlar bilməlidir ki, onların yaşı 16-ya çatmayıbsa, bu elektro skuteri avtomobil yolunda sürmək hüquqları yoxdur, avtomobil yolunda sürürlərsə bunun qaydaları var, məsələn, yalnız avtomobil yolunun sağ kənar yolunda sürülməli, bundan istifadə edən vətəndaşın başında xüsusi dəbilqə olmalı, skuterin önündə və arxasında mütləq qaydada işıqlandırma fənərləri olmalıdır. Avropa ölkələrində artıq bu qaydalar var və qaydaya əsasən elektroksuterlər yolda hərəkət edirsə, onun sürəti saatda 25 km-dən artıq olmamalıdır.  Bu qaydalara riayət tələb olunur, amma təəssüf ki, vətəndaşlarımız buna əməl etmir.

Qeyd edim ki, qanunvericilikdə elektroskuter və mopedlərlə bağlı xüsusi  qadağa mövcud deyil. Hesab edirəm ki, bununla bağlı qanunvericilikdə dəyişiklik edilməli, məsələ nizama salınmalıdır.

Moped sürənlər də məsuliyyətsizlik  edirlər. Qaydalara əsasən, mopedlər avtomobil yolunda yalnız yolun sağ istiqamətində hərəkət etməli, işıq fənərləri olmalıdır. Təəssüf ki,  vətəndaşlar bu qaydalara əməl etmir, qanunvericilikdə boşluqlar olduğundan yol-patrul əməkdaşları da konkret iş görə bilmirlər. Məsələn, mopedlərin nömrəsi, vətəndaşın sürücülük vəsiqəsi olmadığından, onun axtarılmasında, məsuliyyətə cəlb edilməsində problemlər yaranır. Bunun üçün mopedlərə də nömrə-nişan alınması məsələsi ortaya qoyula bilər.

Elektroskuterlərə gəldikdə, hesab edirəm ki, burada xüsusi qanun qəbul etməyə ehtiyac yoxdur. Elektroskuterlərlə bağlı qaydalar dövlət yol polisi tərəfindən media vasitəsi ilə elan edilməlidir. Çünki elektroskuterlər sadəcə fərdi modelllik vasitəsidir, necə ki, məsələn, velosiped, əlillik arabası kimi və sairə. Lakin onunla bağlı da qaydalar elan olunmalıdır. Məsələn, bildirilməlidir ki, elektroskuter necə və harada sürülməlidir və sairə. Bundan sonra isə həmin qaydaları pozan vətəndaşlar sürücü kimi olmasa da, vətəndaş kimi məsuliyyətə cəlb oluna, cərimələnə bilər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR