İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyada ölümlərinin dəhşətli statistikası - Ekspert şərhləri

Elməddin Muradlı: “Bir insan məsuliyyətsizlik edib yol-nəqliyyat hadisəsinə səbəbkar olursa, burada sürücünün nə günahı var?”

Eldəniz Cəfərov: “Boyaların pozulması səbəbindən sutkanın qaranlıq vaxtı görünməyən piyada keçidləri var”

Demək olar ki, hər həftə piyada vurulması (bəzi hallarda ölüm) ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Bu günlərdə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bu ilin statistikasını təqdim edib. İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, piyada məsuliyyətsizliyi qeydə alınmış yol-nəqliyyat hadisələrinin başlıca səbəblərindən biridir: “Respublika ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, son dövrlər piyada vurma hadisələrinin sayında artım dinamikası müşahidə olunmaqdadır: “Statistik göstəricilərə əsasən, cari ilin 10 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnmiş 592 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 41,6 faizini təşkil edir. Təkcə Bakı şəhəri üzrə bu göstəricinin 63,9 faiz təşkil etməsi isə ciddi narahatlıq doğurur. Belə ki, hesabat dövrü ərzində paytaxt ərazisində 239 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 110 nəfər həlak olub, 147 nəfər isə yaralanıb lakin bu qəbildən olan yol-nəqliyyat hadisələrinin təhlili onu da deməyə əsas verir ki, yol hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadaların məsuliyyət baxımından məsələyə münasibəti həmişə birmənalı olmur. Piyadavurma hadisələrinin profilaktikası sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə birgə aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin geniş vüsət almasına baxmayaraq, təəssüf ki, hələ də öz həyat və sağlamlığına biganə qalan, özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün real təhlükəyə yaradan piyadaların sayı az deyil.”

M. Ağayev payız-qış mövsümünün gəlişini də nəzərə alaraq çağırış edib: “Bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmağı, əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edirik. Piyadalar qulaqlıqdan istifadənin ətraf mühitlə əlaqəni əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə almalı, yolu keçərkən nizamlama vasitələrinin tələblərinə sözsüz əməl etməli, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməli, sürücülərin onlara yol verdiklərinə tam əmin olduqdan sonra hərəkətə başlamalı, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmaqdan çəkinməlidirlər. Əziz piyadalar! Sadalanan yol hərəkəti qaydalarına riayət etməklə, uşaq və yeniyetmələrə örnək, həyat və sağlamlığımız üçün isə etibarlı zəmin yaratmış olarıq”.

Nəqliyyat eksperti Elməddin Muradlı Musavat.com-a bildirdi ki, piyada vurmaları ilə nəticələnən yol-nəqliyyat hadisələrində gündəlik ən azı 3 nəfər ölür:

elmeddin45.jpg (30 KB)

“Yaxınlaşan avtomobilin qarşısına qəflətən çıxan piyadalar bu diqqətsizliyin nəticələrini düşünmürlər. Əksər hallarda günahkar sürücülər olur. Bu yanaşmanı dəyişmək lazımdır. Real vəziyyət nəzərdən keçirilməlidir, istintaq orqanlarının araşdırması obyektiv olmalıdır. Bir insan məsuliyyətsizlik edib yol-nəqliyyat hadisəsinə səbəbkar olursa, burada sürücünün nə günahı var? Deyək ki, kimsə sərxoş vəziyyətdə yolu keçməyə cəhd edir, yaxınlaşan avtomobili görmür, nəticə bəllidir- bir nəfər özünü təhlükəyə atdığı üçün həlak olur, digəri isə məsuliyyətsizliyin qurbanı kimi həbs olunur. İntihar xarakterli piyadavurma hadisələri də çoxdur. Bəzi hallarda ölən piyadanın yaxınları sürücünü maddi baxımdan sıxışdırırlar. Bu sui-qəsd, qəsdən törədilmiş hadisə olmaya bilər. Əlbəttə, sürücülərin günahı ucbatından baş verən qəzalar da olur ki, daha çox sürət həddinin aşılması hallarında qeydə alınır. Yeri gəlmişkən, bu yaxınlarda piyada keçidində piyada ölümünə səbəb olan sürücü bəraət aldı. Qanunvericiliyin tələblərində qeyd olunub ki, yaxınlaşan nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq olmaz. Aidiyyəti qurumlar bu məsələyə son dərəcə ciddi yanaşmalıdırlar. Nəzarət tədbirləri gücləndirilməlidir. Maksimal dərəcədə diqqətli olmaq lazımdır ki, bir hadisədə iki zərərçəkən olmasın. Başqa ölkələrin təcrübələrini öyrənməliyik. Hadisələrə yanaşma kökündən dəyişməlidir. Heç bir sürücü bilərək piyada ölümünə səbəb olmaq istəməz”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Bakıda şəhərində piyada keçidləri ilə bağlı problemlərə diqqət çəkdi:

1605986366_hokm_9cd4f09b16412c9f4d81a47f560de41a_ha3czfy8k9i0blj1uq4t_1662102192.jpg (18 KB)

“Bəzi piyada keçidləri döngələrdə, enişlərdə yaxud yoxuşlarda qoyulur. Boyaların pozulması səbəbindən sutkanın qaranlıq vaxtı görünməyən piyada keçidləri var. Azərbaycanda piyadalara münasibət qənaətbəxş deyil. Aidiyyəti qurumlar bəzən bilərək, bəzən də bilməyərək əks-təbliğat aparırlar. Bəzən piyadaların məsuliyyətsizlik etməsi inkaredilməz faktdır. Qanunamüvafiq vəzifə öhdəlikləri həyata keçirilməlidir. Keçidlərə 100-150 metr qalmış xəbərdaredici yol nişanları quraşdırılmalıdır. Məlumatverici nişanlara da az rast gəlirik. Piyada keçidlərinin işıqlandırılmasına da ehtiyac var. Qurumlar öhdəliklərini yerinə yetirsələr, qəzaların sayı azalda bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR