Onlayn ictimai-siyasi qəzet
Bu ilin 19 mayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana işgüzar səfəri çərçivəsində İranın ali liderinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi ilə görüşdə tərəflər kommunikasiyaların bloklanması məsələsini və Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsini müzakirə etmişdilər.
Həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdə də İran rəsmisi bildirmişdi ki, Tehran “düşmənlərin Ermənistanla strateji əlaqələrini pozmağa imkan verməyəcək”.
Əhmədian demişdi ki, “kənar qüvvələr bütün regionda sülhün olmasında maraqlı deyil”.
Budur, üstündən bir neçə ay keçib və İranın “qatı düşməni” ABŞ-nin prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanması baş verib, həmçinin İrandakı şovinistlərin qorxulu röyası olan Zəngəzur dəhlizinin “Tramp yolu” adı altında açılmasına qərar verilib.
İran prezidenti Məsud Pezeşkian sabah, 18 avqustda Ermənistana səfər edəcək. Təsəvvür edin, may ayında Ermənistanın vaxtilə deyildiyi kimi, “iki qəpiklik” iddianı, “sülh kəsişməsi”ni müzakirə edən İran rəhbərliyi Azərbaycanın diqtə etdiyi şərtlərə uyğun olaraq Zəngəzur dəhlizi ətrafında müzakirələr aparacaqlar. Bu arada xüsusilə fərqləndirilməlidir: cənab Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı qorxusu, narahatlığı yoxdur.
Prezident seçiləndən sonra Azərbaycana iki dəfə - Bakıya və Xankəndiyə - səfər edən Məsud bəy ilk açıqlamalarında da bildirirdi ki, əgər dövlətlərin ərazi bütövlüyü mübahisə mövzusu olmayacaqsa, o halda Zəngəzurdan narahat olmağa dəyməz. Azərbaycan Prezidenti ilə səmimi, yüksək səviyyəli danışıqlardan və reallığı doğru-düzgün qiymətləndirərək kommunikasiyaların bərpasının həm də İran xalqı və dövləti üçün əhəmiyyətli perspektivlər vəd etdiyinə inanaraq konkret mövqeyini ortaya qoydu.
8 avqust razılaşmasından sonra cənab Pezeşkian bəyan etdi ki, İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünü pozulmadığı təqdirdə dəstəkləyir. Ölkəsindəki radikalların hay-küyünə rəğmən Məsud bəy təmkinini pozmadan bildirdi ki, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.
Sitat: “Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur”.
Düzdür, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını da ifadə etmişdi. Amma hesab etmək olar ki, bu, sadəcə fars şovinistlərini də bir az sakitləşdirməyə yönəlik qeyd idi. Pezeşkian da yaxşı bilir ki, ABŞ-nin Ermənistanda varlığı çoxdan təmin olunub, İrəvanda azı 2 min nəfərlik kontingentin – hərbçi, kəşfiyyatçının yerləşdirilməsindən, ABŞ-Ermənistan hərbi təlimlərinin davamlı şəkildə keçirilməsindən, İrəvanın hələ Bayden administrasiyası ilə xartiya imzalamasından bəri. Üstəlik, Avropa İttifaqının kəşfiyyatçı dəstələri Ermənistanın sərhədləri və şərti sərhədləri boyunca səpələniblər. Bütün bunlar varkən ABŞ və Ermənistanın birgə şirkətinin Zəngəzur dəhlizini tikməsi və orada mövcudluğu İran üçün nə böyük təhlükə vəd edə bilər ki?
İranın Ermənistan ətrafında “qırmızı xətt” çəkənləri vəziyyəti o qədər qəlizləşdirdilər ki, axırda bölgəyə ABŞ-nin gəlişi mütləq həqiqətə və zərurətə çevrildi. İran dünənədək Zəngəzur dəhlizini qəbul etmirdi, hətta bu marşrutun adını qısqanırdı, buyursunlar, “Tramp yolu” gəldi masaya. İndi həmin o radikalların cıqqırı çıxmır Amerika, Tramp əleyhinə nəsə deməyə cəsarət eləmirlər. Vilayəti, Cavani kimi anti-Azərbaycan mövqelilər əvəzində Pezeşkianı, hətta onun oğlunu ittiham edirlər.
Mənsur Həqiqətpur kimi Azərbaycan düşməni də onlara qoşulub. Anlamaq istəmirlər ki, Pezeşkian real siyasət yürütməklə həm də onları xilas etməyə çalışır, yoxsa bu, “sirkə siyasəti” onların öz qabların çatladacaq. 12 günlük müharibədə başlarını bunkerdən bayıra çıxara bilməyənlər hansısa kritik anda yenə də qeybə çəkiləcəklər, bu gün “şir”ə dönsələr də...
Budur, Məsud Pezeşkianın Ermənistana səfəri ərəfəsində ən çox müzakirə olunan Zəngəzur dəhlizidir - Tramp marşrutu. Kəsəsi, Zəngəzur dəhlizi – Tramp yolu İranı iki yerə bölüb. Pezeşkianın siyasətini və bu məsələ ilə bağlı mövqeyini dəstəkləyənlərlə yanaşı, mollaların, sepahçıların, ölkənin təcrid vəziyyətində yaşamasından fayda götürənlərin radikal yanaşmalarını müşahidə etməkdəyik. Dini liderin Zəngəzur dəhlizinin açılmasına “imkan vermədiyini” iddia edən vilayətilər mövcud durumdan rəncidə olublar. Prosesi pozmağa cəsarət və imkanları yoxdur, amma yenə də ayrı-ayrı rəsmilərin mövqelərinə təsir edə bilirlər. Məsələn, İran Ticarət Palatasının Nəqliyyat, Tranzit və Logistika Komissiyasının rəhbəri Rza Rüstəmi bildirib ki, Zəngəzur dəhlizinin açılması İranın tranzit mövqeyini zəiflədə və Avropa ilə quru bağlantılarını çətinləşdirə bilər. O iddia edib ki, Zəngəzur dəhlizinin (Tramp yolu) yaradılması bölgədəki tranzit balansını dəyişəcək.
Rustəmin sözlərinə görə, bu vəziyyət İranın yükdaşıma şirkətlərini Türkiyənin marşrutundan istifadə etməyə məcbur edəcək ki, bu da nəqliyyat xərclərini artıracaq və rəqabət qabiliyyətini azaldacaq, məhsulların maya dəyəri isə 12-15% təsirlənəcək.
Heç şübhəsiz ki, yanlış hesablamadır, İran üçün əlavə dünyaya çıxış imkanı yaranırsa, üstəlik, Araz dəhlizi ilə bağlı işlərin sürətləndirilməsi halında cənub qonşumuz əlavə şans qazanırsa, burada hansı itkilərdən danışmaq olar? Bu gün Zəngəzur dəhlizi - Tramp marşrutunun acığını Naxçıvana və əksinə gedən TIR sürücülərindən çıxan iranlı radikallar bununla özlərinə, ölkələrinə problem yarada biləcəklərini anlamaq istəmirlər. Sabah – Zəngəzur dəhlizinin bütün ölkələri, o cümlədən İran üçün faydasını görəndə Azərbaycanın üzünə necə baxacaqlar, düşünürlərmi?! Əslində...Axı, biz o üzləri Qarabağı azad edərkən əsgərimizin yolunu kəsdikləri zaman, Ermənistana, Xankəndi separatçılarına yardımlar daşıdıqları illərdə görmüşük...Öyrəncəlidirlər.
Radikallar kirimir. Ermənistana təsir göstərmək üçün hər varianta əl atırlar. Xüsusilə də Pezeşkianın İrəvan səfəri öncəsi çox fəallaşıblar. Bilirlər ki, İran prezidentinin Ermənistan rəhbərliyi ilə görüşündə Zəngəzur dəhlizi əsas müzakirə mövzusu olacaq, ona görə də suyu bulandırmaq üçün maksimum çalışırlar.
“Mehr” xəbər verir ki, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Ermənistanı İran İslam Respublikasının Bakı-İrəvan razılaşması ilə bağlı narahatlığını aradan qaldırmağa çağırıb və bu, ABŞ-ın regiona gələcək müdaxiləsi üçün əsas ola bilər. Xərrazi Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşüb və danışıqlar aparıb. Ermənistan və Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin dəyişməzliyinə, eləcə də Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına hörmət edilməsinin zəruriliyini vurğulayan Xarrazi ABŞ-ın Ermənistanda iki ölkə arasında kommunikasiya marşrutunu idarə edən investor şirkəti şəklində olması ilə razılaşmadığını bildirib və bu, ABŞ-ın regiona gələcək müdaxiləsi üçün əsas ola bilər. “Biz ümid edirik ki, Ermənistan hökuməti İran İslam Respublikasının problemlərini həll edəcək”, - Xərrazi bildirib.
Ermənistan xarici işlər nazirinin müavini də öz növbəsində İran İslam Respublikası prezidentinin Ermənistana gözlənilən səfəri və yeni memorandumların bağlanması ilə iki ölkə arasında əməkdaşlıq yolunun daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Digər bir xəbərdə isə bildirilir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi siyasi, iqtisadi və geosiyasi mülahizələrə istinad edərək Cənubi Qafqazın İran və digər regional dövlətlər, xüsusilə də Rusiya üçün strateji əhəmiyyətini vurğulayıb. İranın şimal-qərb sərhədində baş verən hadisələri diqqətlə izlədiyini deyən diplomat vurğulayıb ki, İran Qafqazda baş verənləri “açıq gözlə” izləyir. Baqai deyib ki, xarici müdaxilə və regiondankənar qüvvələrin regionda mövcudluğu yalnız geosiyasi fəsadları daha da ağırlaşdıracaq və konstruktiv məqsədə xidmət etməyəcək. XİN təmsilçisi Ermənistan və Azərbaycan Respublikası arasında bu yaxınlarda bağlanmış sülh müqaviləsinə toxunaraq qeyd edib ki, 12-ci maddə onların ümumi sərhədləri boyunca heç bir xarici silahlı qüvvələrin yerləşdirilməyəcəyini nəzərdə tutur. “Biz bu məsələyə çox həssas yanaşırıq, çünki Ermənistanın özü də xarici qüvvələrin mövcudluğunun nəticələrini bilir”, - Baqai əlavə edib. Sözçü həmçinin İranın region ölkələri ilə əlaqələri gücləndirməyə və Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi gücləndirən istənilən təşəbbüsü dəstəkləməyə hazır olduğunu bildirib.
Göründüyü kimi, Azərbaycan dövlətinin yürütdüyü siyasət və əldə etdiyi növbəti uğurlu nəticə İranı bölüb, hakimiyyət təmsilçiləri, eks-nazirlər, eks-deputatlar da bu mövzuya köklənərək bir-birinə zidd mövqelər sərgiləyirlər. Ermənistan rəhbərliyi bəyan edir ki, Zəngəzur dəhlizi – Tramp marşrutu nəinki ermənilərin, hətta İranın da faydasına olan nəhəng layihədir, qorxu-hürküyə gərək yoxdur. Hətta İran XİN rəhbəri Abbas Əraqçi İran hakimiyyətinin Zəngəzur dəhlizi reallığı ilə barışmalı olduğunu etiraf edib. Əraqçi Vaşinqton razılaşması ilə bağlı deyib ki, ermənilər “İranı onun qırmızı xətlərinin qorunacağına əmin ediblər”. Amma yenə də İrandan çağırışlar səslənir ki, Ermənistan onları əmin etməlidir və sair. Hesab etmək olmaz ki, bu, İranda ermənilərə etibarın olmaması ilə bağlıdır. Daha çox Azərbaycana qarşı patoloji nifrətdən qaynaqlanır. Əgər Ermənistan belə, Zəngəzur dəhlizinin onun üçün “nəfəslik” rolunu oynayan İranla sərhədin qapanmasına səbəb olmayacağını əminliklə bildirirsə, o halda Tehrandakı şovinistlərin yaxa yırtması əcaibdir.
Faktiki olaraq Zəngəzur dəhlizinə razılıq vermiş Pezeşkianın İrəvan səfərinə qarşı mövqe sərgiləyir radikallar. İndiyədək İranın heç bir prezidentinin Ermənistan səfəri öncəsi İranda belə atmosfer olmamışdı...Faktiki olaraq fırtına qopub – Zəngəzur dəhlizi fırtınası...Şovinistlər Azərbaycanın 44 günlük müharibədəki zəfərini güc-bəla ilə həzm etmişdilər, indi də Zəngəzur dəhlizi gəldi – üstəlik də Tramp marşrutu. Byük dərddir, Vilayəti, Həqiqətpur, Cavani...necə dözəcək?..
Vaşinqtonda, Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri 8 avqust tarixi razılaşmasından sonra da dəhlizlə bağlı İrandakı əks mövqe sahiblərinin yaddaşı deyəsən, çox zəifdir. Onlar unudurlar ki, Azərbaycan Prezidenti sözünə və imzasına sahib çıxması ilə daim fərqlənib, Zəngəzur dəhlizi ilə bağlı da hədəfinə çatacaq. Azərbaycanın İranla bağlı mövqeyində dəyişikliyə nail olmaq istəyən İrandakı fars şovinistləri yaxşı-yaxşı düşünsələr, yaxşı olar...
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ