Onlayn ictimai-siyasi qəzet
"İranın mühafizəkar dairələri, istər Pezeşkian olsun, istərsə də digər islahatçı, mötədil prezidentlər, hər zaman onlara mane olublar və olacaqlar da".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edir ki, islahatçı və mötədil prezidentlər adətən ölkədə ciddi islahatlar aparmır, iqtisadi məsələləri həll etməyə və xarici dövlətlərin daxili işlərinə çox da qarışmamağa üstünlük verirlər:
Elxan Şahinoğlu
"Lakin mühafizəkarlar bunun tam əleyhinədirlər; ölkə daxilində sərt qərarlar qəbul edirlər, başqa dövlətlərin daxili işlərinə də qarışırlar və silahlı, terrorçu qruplaşmaları silahlandırırlar. Bu səbəbdən, bu mövzularda çox vaxt mötədil prezidentlərin və mühafizəkarların, habelə ali dini çevrələrin maraqları bir-birini əks etdirir. Bu dəfə də Məsud Pezeşkian əsasən iqtisadi problemləri həll etməyə çalışır. Onun qonşu dövlətlərlə normal münasibətlər qurmaq istədiyi hiss olunur. Xarici terrorçu qrupları maliyyələşdirmək kimi bir marağı yoxdur. Ancaq bütün bunların əleyhinə olan mühafizəkarlar, həm qonşu dövlətlərlə normal münasibətlər qurmurlar, həm də Azərbaycan və Türkiyə ilə mövcud siyasətlərini davam etdirməyə çalışırlar. Üstəlik, Pezeşkianın özünə də maneələr yaradılır.
Onun çıxışında Şəhriyarın şeirlərindən sitat gətirməsinə dərhal kiminsə çıxıb qeydlə reaksiya verməsi özü də onu göstərir ki, adi bir türk dilində danışması da bu mühafizəkar dairələrdə ciddi reaksiya doğurur. Pezeşkianın tələb olunanı ondan odur ki, bu mühafizəkarların nə deməsindən asılı olmayaraq, verdiyi vədləri yerinə yetirsin, iqtisadi problemləri həll etsin, insanlara daha çox azadlıq versin və İranda yaşayan xalqların istəklərinə diqqətlə yanaşsın.
Əlbəttə ki, özü də bunu istəyir. Mühafizəkarlar hər zaman bu siyasətdə Pezeşkiana mane olacaqlar və Konstitusiyaya görə də ali-dini liderin səlahiyyətləri çox böyükdür. Amma məsələ burasındadır ki, Pezeşkianı xalq seçib. Ali-dini lider isə seçkili bir orqan deyil, bir neçə molla onu seçir. Buna görə də Pezeşkian bu səlahiyyətdən istifadə edərək, mühafizəkarların müqavimətinə baxmayaraq, hədəflədiyi vəd etdiyi islahatları həyata keçirməyə çalışmalıdır".
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian Təbrizdəki Mədəniyyət Evində çıxış edən. M.Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd söyləyib və zaldakıların alqışını qazanıb. Xüsusilə də onun bu bəndlərlə azərbaycanlı seçicilərə verdiyi vədləri unutmadığı diqqət çəkib.
Lakin bu məqamda tribunaya yaxınlaşan şəxsin prezidentə hansısa qeydlər təqdim etməsi nəzərdən yayınmayıb. Hesab olunur ki, İranın türk prezidentinin seçicilərlə türkcə danışması qıcığa səbəb olub və ona xəbərdarlıq edilib. Pərt olan Pezeşkian isə şeirini saxlayıb, farsaca : “İki cümlə türkcə şeir oxumaqdan problem yoxdur” deyir.
Beləliklə, doğma ölkəsi Azərbaycanın mərkəzində, bir neçə il parlamentdə təmsil etdiyi Təbriz şəhərində olarkən, şeirin bir neçə misrasını bitirə bilməməsi, söylədiyi şeiri yarımçıq kəsməyə məcbur olması xeyli müzakirələrə səbəb olub.
Xalidə Gəray
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ