İnsanlara hürriyət, millətlərə istiqlal!

Peruda iğtişaşlar nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb

Peruda hökumət əleyhinə aksiyalar zamanı ölənlərin sayı 53 nəfərə çatıb.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, yanvarın 18-də etirazçılar Makusani şəhərindəki polis idarəsini və məhkəmə binasını yandırıb.

Perunun hakimiyyət orqanları Lima departamentində və digər regionlarda fövqəladə vəziyyət rejimi elan edib.

Peruda hökumət əleyhinə aksiyalar Prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlayıb. Etirazçılar hazırkı dövlət başçısı Dina Boluartenin istefa verməsini və yeni seçkilərin keçirilməsini tələb edir.

Peru prokurorluğu iğtişaşlarda iştirak edən 300 nəfərin saxlanıldığını və toqquşmalarda 176-sı polis olmaqla 531 nəfərin xəsarət aldığını bildirib.

Peruda nələr baş verib

2022-ci il dekabrın 7-də Pedro Kastilyo Konqresin ona qarşı artıq üçüncü impiçment elanından öncə Konqresin (Peru parlamenti) buraxıldığını elan etdi. Ölkənin konstitusiya məhkəməsi prezidenti dövlət çevrilişində günahlandırdı. Ardınca Konqresin təcili iclasında deputatların böyük əksəriyyəti impiçmentin lehinə səs verdi və Pedro Kastilyo hakimiyyətdən uzaqlaşdırıldı. Vitse-prezident Dina Boluarte ölkənin müvəqqəti lideri kimi and içdi.

Qiyamda ittiham edilən Pedro Kastilyo Ali məhkəmə tərəfindən 18 aylıq ibtidai həbs cəzasına məhkum olunub. O, özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək hələ də özünü qanuni prezident saydığını bildirib.

Hadisələr bəzi hallarda iğtişaşlarla müşayiət olunan hökumət əleyhinə miqyaslı aksiyalara səbəb olub. 2022-ci il dekabrın 13-də Dina Boluarte ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

Ən qanlı toqquşmalar yanvarın 9-da Huliak şəhərində baş verib və 17 nəfərin ölümü ilə nəticələnib. Yanvarın 11-də qeydə alınan sonuncu aksiya zamanı isə etirazçılar Kusko şəhərindəki aeroportu ələ keçirməyə çalışıb.

Peruda prezident-parlament qarşıdurması artıq ənənəyə çevrilib. 2020-ci ildə ölkədə beş gün ərzində üç prezident dəyişib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR