Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda cəmiyyəti ciddi şəkildə narahat edən məsələlərdən biri də pensiya yaşının ilbəil artırılmasıdır. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 63.5-dir. Bu siyasətin yumşaldılmasının, pensiya yaşının azaldılmasının zəruriliyindən daha çox danışıldığı halda, deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sərt mövqe ilə çıxış edib.
O deyib: “Pensiya yaşının azaldılması bu gün gündəmdə deyil və yəqin ki, gələcəkdə də aktual olmayacaq. Dünyada hələ pensiya yaşının azaldıldığı ölkə yoxdur”.
Deputat hətta pensiya yaşının daha da artırılmasını istina etməyib. Komitə sədri bildirib ki, pensiya yaşının artırılması bütün dünyada müşahidə olunur: “Ümumiyyətlə, insan ömrü uzanır. Azərbaycanda 2021-ci illərdə bir qədər azalma oldu. Bu da həm COVİD, həm də Vətən müharibəsində gənc insanların dünyasını dəyişməsi ilə bağlı idi. Bu da orta ömür uzunluğuna öz təsirini göstərdi. Azərbaycanda orta ömür kifayət qədər dinamik şəkildə artır. 2040, bəlkə də 2045-ci ildə bizim orta ömür 80 yaşa gəlib çatacaq. Buna görə də pensiya yaşı məsələsi bir günlük, bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. Biz 30 ilə uyğun olaraq əmək bazarını, sığorta sistemini, Dövlət Sosial Müdafiə Fondunun imkanlarını, insanların yaşını nəzərə almalı və buna uyğun da bir qiymət götürməliyik”.
Real həyatda gördüklərimiz, xüsusən kişilərin ürək xəstəliklərindən pensiya yaşı ərəfəsində, bəzən pensiya yaşına çatmamış, 70-i haqlamamış ölməsi statistik olaraq artmaqdadır. Belə olan halda nəyə görə pensiya siyasəti daha da sərtləşdirilir? Bunun özü insanlara psixoloji basqı kimi də qiymətləndirilir. Eyni zamanda iddialar da var ki, pensiya yaşının artırılması yüksək vəzifələr tutan şəxslərin postunda daha çox qalması arzusundan da qaynaqlanır. Yəni məmurlara pensiya yaşının çox olması sərf edir və ona görə hökumət təmsilçiləri bu istiqamətdə siyasətin sərtləşməsinə təsir edirlər.
Natiq Cəfərli: “Təqaüdlər qaneedici səviyyəyə çatdıqdan sonra yaş məsələsi müzakirə oluna bilər”
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, Azərbaycanda müzakirə olunmalı əsas məsələ pensiya yaşının yuxarı olması deyil, pensiyaların məbləğinin aşağı olmasıdır. Ekspert qeyd etdi ki, yaşlı insanların əksəriyyəti pensiyaya çıxmaq istəmir: “Maaşlar yüksək, təqaüdlər isə aşağıdır. Təqaüdlər qaneedici səviyyəyə çatdıqdan sonra yaş məsələsi müzakirə oluna bilər. Sistemin özündə olan ən böyük problemlərdən biri təqaüdün yığım hissəsidir. Qanunvericiliyə görə, minimum təqaüd artdıqca təqaüd kapitalının yığım hissəsi də artır. Hazırda bu rəqəm 40 min 320 AZN-dir. Azərbaycanda o qədər də yüksək əmək haqqı yoxdur ki, təqaüd yaşına çatana kimi bu məbləğ yığılsın və normal təqaüd verilsin. İlk növbədə bu məsələ həllini tapmalıdır. Bundan başqa, sözügedən vəsait təqaüdçülərin öz vəsaiti hesabına yığılır. Təqaüdçülər zamanı gələndə bu məbləğdən istifadə edə bilməlidirlər, eyni zamanda vərəsəlik hüququ olmalıdır. Məbləğin varislərə ötürülməsi üçün qanuni əsaslar yaradılmalıdır. Yəni bu qədər ciddi problem var ikən pensiya yaşı ikinci dərəcəli məsələdir”.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru Sahib Məmmədov isə hesab edir ki, pensiya yaşının artırılması əvəzinə, daha köklü islahatlar aparılmalıdır. S.Məmmədovun fikrincə, pensiya islahatları sahəsində ən ciddi problemlərdən biri qeyri-rəsmi əmək bazarının həcminin yüksək olmasıdır: “Təqaüd yaşının artırılması prosesi davam edir. Kişilər üçün pensiya yaşı 65 olaraq müəyyən edilib, qadınların pensiya yaşı isə 2027-ci ilədək 65-ə çatdırılacaq.
Sahib Məmmədov: “Pensiya yaşının artırılması əvəzinə, daha köklü islahatlar aparılmalıdır”
Bu hədd hər il yarım il artırılacaq. Yaxın illərdə pensiya yaşının daha da artırılması məsələsinə baxılacağını düşünmürəm, çünki bu, sosial ədalətsizlik olar. Pensiya yaşına çatmadan vəfat edən insanların sayını nəzərə alsaq, bu, real görünmür. Pensiyadan sonrakı orta yaş həddi 7-8 ildir. Pensiya yaşı bizdən daha yuxarı həddə olan ölkələr var. Məsələn, Avropa ölkələri, Yaponiya, amma orada pensiyadan sonrakı ömür daha uzundur. Pensiya yaşının yaxın illərdə azaldılacağını ehtimal etmirəm. Pensiya yaşı ona görə artırılır ki, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti kifayət qədər deyil. Dünya standartında 3-4 nəfər işləyənə nisbətdə 1 nəfər pensiyaçı olmalıdır. Bizdə isə bu rəqəm aşağıdır. Məsələn, 130 nəfər işləyənə nisbətdə 100 təqaüdçü var. Buna görə də Sosial Müdafiə Fondunda vəsait çatışmazlığı yaranır. Azərbaycanda 1,7 milyon nəfər muzdlu işçiyə nisbətdə 1 milyon 300 min nəfər təqaüdçü var. Yığım kifayət qədər deyil, çünki qeyri-formal əmək bazarının həcmi yüksək olaraq qalır".
O ki qaldı pensiya yaşının azaldılmasına, S.Məmmədov hesab edir ki, indiki vəziyyətdə bu real deyil: “Bunun üçün dövlət büdcəsindən transferlər olmalıdır. Hökumətin bunu edəcəyini düşünmürəm. Amma müəyyən kateqoriyalar üçün güzəşt tətbiq edilə bilər. Qanunvericilikdə incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda təklif edirəm ki, qeyri-formal əmək bazarının həcmi azaldılsın. Muzdlu işçilərin əksəriyyəti vergi orqanlarında qeydiyyatdan keçməyib. Kölgə iqtisadiyyatının həcmi azaldılmalıdır”.
Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son açıqlamalarından birində bildirmişdi ki, Azərbaycanda effektiv pensiya yaşı 62-dir: “65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir. Ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir. Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək, 30 yaşından pensiya olacaq. Bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min pensiyaçının arasında olan rəqəmlərdir”.
Hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 63.5-dir. Qadınların pensiya yaşı tədricən - 2027-ci ilədək 65-ə çatdırılacaq.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ