Onlayn ictimai-siyasi qəzet
Psixoloq Ülviyyə Murtuzova: “Pedofillər adətən tək və ya valideynləri ilə yaşayırlar”
Bir neçə gün öncə Bakı şəhəri Xətai rayonunda yerləşən məktəblərin birinin yaxınlığında yaşlı kişi 10 yaşlı məktəbli qıza təcavüz edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məktəbliyə təcavüz edən şəxsin saxlanıldığı deyilir. İddialara görə, təcavüzə məruz qalan azyaşlı hazırda xəstəxanadadır. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev mediaya açıqlamasında hadisədən məlumatlı olduqlarını, əlavə məlumatın veriləcəyini bildirib.
Ümumiyyətlə isə Azərbaycanda azyaşlılara qarşı zorakılıq halları ötən dövrlərlə müqayisədə çoxalıb. Vaxtaşırı mediadan qız və ya oğlan uşaqlarına işgəncə verilməsi, zorlanması kimi xəbərlər alırıq. İnsanlar pedofillərin çoxalmasından təşviş keçirirlər. Zaman-zaman bununla bağlı məsələ gündəmə gəldikdə insanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Bəzən qız uşaqlarına qısa ətək, açıq-saçıq geyim geyindirən valideynlər qınanılır. “Qızları açıq geyindirirlər, pedofillərin diqqətini çəkir” deyənlər az deyil. Bu fikir bəzi hallarda digərlərinin narazılığı ilə qarşılanır. Bir sözlə, mövzu ətrafında fikir ayrılıqları, mübahisələr səngimək bilmir. Ortada isə bir sual hər kəsi düşündürür: övladlarımızı pedofillərdən necə qoruyaq? Həqiqətən də uşaqların geyimi pedofillərə təsir edirmi? Yoxsa onlar üçün geyimin və digər amillərin fərqi yoxdur? Valideynlər nələrə diqqət etməlidirlər?
Yeri gəlmişkən, bir çox ekspertlər hesab edirlər ki, pedofilləri yalnız bir neçə il azadlıqdan məhrum etmək olduqca yanlış qərardır. Qeyd edilir ki, pedofil olan insanları ömürlük, birdəfəlik cəmiyyətdən təcrid etmək lazımdır. Çünki onlar heç vaxt islah olunmurlar. Ona görə də o adamlar əbədi, ömürlük həbs olunmalıdır.
Bəziləri isə bildirir ki, Qazaxıstanda pedofilləri kimyəvi yolla axtalayırlar. Fransada da, Belçikada da, bir çox xarici ölkələrdə də pedofiliya ilə mübarizə bu qanunla tənzimlənib. Avropa ölkələrində isə bağçalarda, məktəblərdə uşaq psixoloqları əsasən maarifləndirmə işləri aparırlar. Azərbaycanda da bu tətbiq edilə bilər.
Ülviyyə Murtuzova
Tanınmış psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, cinsi pozuntular deyilən çox ciddi mərhələlər var: “Bu, özünü üç cür göstərir, cinsi disfunksiyalar, cinsi kimlik pozuntuları və cinsi variasiyalar- parafiliyalar. Üçüncü bənddə, səkkiz spesifik parafiliya var, bu səkkiz parafiliyanın yeddincisi uşaqlara qarşı cinsi maraq, yəni pedofiliya adlanır. Bu, çox ciddi cinsi-psixoloji pozuntudur. Bu termin əslində cinsi doyum istəyini qarşılamaqla bağlı pozuntunu ifadə edir. Bu insanlarda yaş həddi varmı? Müəyyən keçid yeniyetməlik dövründə, getdikcə ağırlaşma, yaşa dolduqca bunun daha da artması müşahidə edilir. Burada homoseksualizm, heteroseksualizm münasibətləri rast gəlinir. Bunların ilkin mərhələlərində fantaziyalarla bağlı cinsi istəklər ortaya çıxır. Müəyyən subyekt üzərində gerçəkləşdirmək istədikləri, abstrakt, illüziyalar və sairə. Baxışdan onu tanımaq mümkündürmü? Bunu desək yanılırıq. Təbii ki, yeniyetməlik dövründə uşaqların müəyyən xarakterik xüsusiyyətləri var ki, onlarda vəzifəyə yönəlik aktiv davranışlar ortaya çıxır. Bu aktiv davranışlar onlara maneə törədən səbəb də ola bilər, gözlərini onlardan çəkən, yaxud görüntüyə fokuslanan mərhələlər də ola bilər. Bəli, geyim tərzləri onlarda ilkin olaraq oyadış yaradır. Onların həmin obyekt üzərində fokuslanmasını sürətləndirir. Onlar üzərində illüziya və fantaziya qurmaq üçün birbaşa təminatını yaradır. Amma yenə də bu əsas səbəbdir desək, yanılarıq. Pedofiliyadan əziyyət çəkən, cinsi pozuntunu yaşayan insanlar üçün geyimlərin, yaş həddinin heç bir formada təsiri yoxdur. Onların 6 yaşında, hətta 4-5 yaşında qız uşaqlarına belə nəzər yetirə bilər. Manyaklaşmış, bu pozuntu içində kök salmış insanlar üçün müxtəlif səbəblər ola bilər. Və bu insanlar heç nə olmamış kimi həyatlarına davam edirlər, arxasınca da böyük kütləni apara bilirlər. Təbii ki, onlarla ciddi psixotrik dərmanlarla paralel, psixoloji danışıq və seanslarla müalicə aparılmalıdır. Pedofillərin şüurundan və təfəkküründən silinməsi üçün müəyyən aylara söykənəcək metodlar var. Müalicə olunurmu, təbii ki olunur. Amma çox çətinliklə, iki-üç mütəxəssisin paralel olaraq müalicəsi ilə”.
Mütəxəssislər hesab edir ki, real həyatda uğursuz insanlardır. Özlərini ifadə edə bilmirlər, insanlarla normal münasibətlər qura bilmirlər, ən əsası belə insanlarda özünü qiymətləndirmə aşağıdır. Məhz bu səbəbdən həmin şəxslər ən köməksiz obyekti axtarırlar. Elə adam seçirlər ki, özünü müdafiə edə bilməsin. Pedofillər çox zaman tanış, ailəyə yaxın adamlar olur. Belələri çox zaman zorakılıq göstərdiyi uşağın ailəsinə yaxın, yaxud qonşuluqda yaşayan biri olur. Çox nadir hallarda pedofil zərərçəkənə uzaq adam olur. Uşaqlar sadəlövhdür. O insana etibar edir, ağlına da gətirmirlər ki, nə isə pis bir şey baş verə bilər. Pedofillər adətən tək və ya valideynləri ilə yaşayırlar. Ya işsiz olur, ya da tez-tez işlərini dəyişirlər. Çünki onlar özlərini ifadə edə bilməyən, kompleksli insanlardır. Onların içində həmişə aqressiya gizlənə bilər.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ