Onlayn ictimai-siyasi qəzet
Son günlər uşaqlar arasında virus yayılıb.
Valideynlər bildirirlər ki, yüksək hərarət və səpkilərlə müşahidə edilən xəstəlik olduqca ağır keçir. Bəziləri bunu qızılca, bəziləri də skarlatina ilə səhv salır. Həkimlər isə bildirir ki, əsasən peyvənd olunmayan uşaqlarda qızılca ağır keçir. Bəzi valideynlər var ki, profilaktik peyvəndlərin vurulmasından imtina edir, bu səbəbdən də uşaqların həyatı təhlükə altına alınır.
Tanınmış pediatr Aytən İsmayılova mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, qızılca virusu olduqca güclüdür:
“İmmuniteti zəiflədir və tez zamanda ağırlaşmalara gətirir. Qızılca xəstəsinə müalicə yazdırmaq üçün özəl klinikalara, poliklinikalara aparmaq lazım deyil. Oradakı körpələri, hamilələri risk altına salırlar. Qızılcaya yoluxmuş xəstəyə xüsusi nəzarət lazımdır. Bu isə telefonla olmur. Ancaq birbaşa xəstə müayinə olunmalıdır. Buna görə sahə həkimi evə baş çəkməlidir.
Qızılca virusu xəstəliyin ilk həftəsində hələ səpkilər yox ikən daha çox yoluxucudur. Buna görə onu qrip ilə səhv salıb həkimə aparmaq lazım deyil. Gözlərdə qızartı, halsızlıq, davamlı başağrısı olsa, qızılca ola bilər və səpkiləri gözləmək lazımdır. Eyni zamanda həkimə də məlumat verilməlidir.
İndi hamı əl-ayağa düşüb tez peyvənd vurdurmağa gedə bilər, uşağı yoluxmasın. Bu, düzgün olmayacaq. Çünki indi epidemiya başlayır. Onun peyvəndi canlıdır. Uşağı yoluxduğunu bilmədən peyvənd etdirərlərsə, bu da ağırlaşmaya səbəb ola bilər. Qızılca virus xəstəliyi olsa da, həm viral, həm bakterial ağırlaşmalar tez görülə bilər, sətəlcəm (pnevmoniya), ensefalit (beyin iltihabı) meningit, karlıq, kolit və sairə. Qızılca ölümlə də nəticələnə bilər. Qızılca skarlatina və oxşar digər xəstəliklərlə fərqləndirilməlidir. Qızılca səpkiləri xırda-xırda, birləşməyə meylli, üzdən başlayır. Bütün bədənə yayılır. Səpkilər mədə-bağırsaqda da olur, pəhriz qidalanma lazımdır. Gözlərdə güclü viral konyuktivit səbəbindən işıqdanqorxma olur. Qızılca virusu göz əzələ siniflərini zədələyərsə, çəplik, görmə problemi, korluq yarada bilər. Xəstə ilə təmasda olan uşaqlara profilaktik immunoqlobulin təyin olunur. Qızılcaya immunitet ömürlük yaranır. Peyvəndi iki dəfə edilir - 1 və 6 yaşda. Hamilələr və 12 aya kimi uşaqlara peyvənd edilmir. Buna görə xəstələr onları rahat yoluxdura bilər”.
Həkim əlavə edib ki, peyvənd olunmuş uşaqlar xəstəliyi yüngül, simptomsuz keçirə bilər: “Bununla yanaşı, onlar aktiv mənbə hesab olunmur. Əhalinin 90%-dan çoxunun peyvəndli olması xəstəliyin yayılmasına əngəldir. Bizdə bu faiz aşağıdır ki, haradansa gələn bu virus belə arta bilir. Uşaqların peyvəndini vaxtında etdirmək lazımdır. Valideynlərin imtina ərizəsi ilə razılaşanda nəticə belə də olacaqdı”.
Yeri gəlmişkən, “2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur. Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib”.
Bu barədə “Yeni Müsavat”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, istənilən yoluxucu xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha səmərəlidir:
“Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir. Uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ