Onlayn ictimai-siyasi qəzet
İran xüsusi xidmət orqanlarının və polis qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində ölkədə guya fəaliyyət göstərən 700-ə yaxın İsrail agentinin ifşa edilərək saxlanıldığı açıqlanıb. İran rəsmiləri bunu böyük “kəşfiyyat uğuru” kimi təqdim edirlər.
Musavat.com xəbər verir ki, saxlanılan şəxslər Mossad casusu adı ilə ictimaiyyətə nümayiş etdirilir. Ölkənin müxtəlif bölgələrində çəkilən video görüntülərdə əlləri qandallanmış, zolaqlı dustaq paltarı geyinmiş məhbusların polisin müşayiəti ilə küçələrdə sıraya düzülərək aparıldığı əks olunub. İran polisi bu “edama aparma paradını” media qarşısında xüsusi olaraq təşkil edib.
Ekspertlər bildirirlər ki, İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları və daxildəki iqtisadi-siyasi böhran fonunda Tehran rəhbərliyi cəmiyyətə qorxu yaymaq üçün belə nümayişkaranə edam aksiyalarına əl atır. Çox zaman “Mossad agenti” damğası ilə həbs edilənlərin gerçəkdə günahsız vətəndaşlar olduğu, proseslərin qərəzli şəkildə aparıldığı barədə məlumatlar mövcuddur.
Bəzi mənbələr isə qeyd edir ki, İran xüsusi xidmət orqanları artıq o qədər həssas duruma düşüb ki, gecə qara eynək taxıb küçədə gəzən hər kəsi belə casus hesab edirlər. Bundan sonra həmin şəxslər qısa müddət ərzində işgəncələrə məruz qalır və edam edilir.
Bütün bunlar beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən insan hüquqlarının açıq şəkildə pozulması və qorxu siyasətinin davamı kimi qiymətləndirilir.
MUSAVAT.COM
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ