İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda qətliam kimi olay: 15 nəfəri öldürən qorxunc təhlükə

Ekspertlər həyəcan təbili çalır; texniki spirtlə bağlı acı həqiqətlər bu yazıda

Bakının Sabunçu rayonunda son 3 gündə 11 nəfər spirtdən zəhərlənərək ölüb. Bir neçə gün əvvəl eyni rayonda bir yerdə yeyib-içən 4 dostun da zəhərlənərək ölməsi barədə xəbər yayılmışdı.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki,  22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.  Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Bəs belə zəhərlənmələr tez-tezmi baş verir? Ölüm ehtimalı neçə faizdir? Ümumiyyətlə, texniki spirtlərdən istifadə hansı orqanları zədələyə bilər? Texniki spirtin ən təhlükəli növü kimi metil spirtini göstərirlər. Bu spirt növünün əsas təhlükəsi nədədir?

Həmin qəzaya görə Azər Maqsudova 6 ilədək həbs verilə bilər

Azər Maqsudov 

Mövzu ilə bağlı “Yeni Müsavat”a  danışan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, metil spirtindən zəhərlənmə ilə bağlı müraciətlər ildə bir neçə dəfə baş verir və çox vaxt ağırlaşmış vəziyyətdə olan xəstələr gətirilir. “Ölümlərin baş verməsinə imkan vermirik, təcili müdaxilə edirik. Metil spirti toksiki təsirə malikdir və 80-85 faiz halda müdaxilə etməyəndə şəxs ölə bilər. Mərkəzi sinir sisteminə, ürəyə, ciyərlərə çox pis təsir göstərir. 30 milli litrdən 150 milli litrə qədər qəbul zəhərlənmə verir və ölüm dozası hesab olunur. Mən insanlara tövsiyə edərdim ki, həm etil, həm də metil spirtinin qəbulundan çəkinsinlər. Metil spirti çox vaxt qoxusu və rəngi ilə etil spirtinə bənzəyir. Qatı formada olanda zəhərlənmə sürətlə baş verir və ölümlə nəticələnir. Metil spirti etil spirtindən fərqli olaraq mərkəzi sinir sisteminə və göz sinirinə təsir edir. Bu da insanı kor edə, həmçinin qaraciyər və böyrək çatışmazlığı yarada bilər. Mağazalarda satılan araqlarda metil spirtinin olduğunu müəyyən etmək çox çətindir. Bunu ancaq laborator müayinə təsdiqləyə bilər”.

Qida mühəndisi, nutrisioloq Fərid Səfərov qəzetə açıqlamasında bildirib ki, taxıl spirti olan etil spirti tibdə geniş istifadə olunmaqla yanaşı, qida və içki istehsalı üçün də istifadə olunur. Taxta yonqarlarının distillə edilməsi ilə əldə edilən metil spirti isə müxtəlif sənaye sahələrində istifadə olunur. Onun sözlərinə görə, metil spirtinə məruz qalma və ya dəri ilə təmas da zəhərlənməyə səbəb ola bilər: “Ancaq təəssüf ki, bəzi "işbazlar", asan və rahat üsulla pul qazanmaq istəyən sahibkarlar süni şəkildə saxta üsullarla içkilər hazırlayaraq satışa çıxarırlar və nəticə çox zaman pis olur.

Rəngsiz və uçucu metil spirti su ilə tamamilə qarışır. Metil spirtinin istehsalı ucuz başa gəldiyi üçün içkilərin hazırlanmasında etil spirti əvəzinə tez-tez istifadə olunur.

Əhəmiyyət vermədən,  ucuz olduğu üçün və ya bilmədən istifadə edilən, tərkibində metil olan bu cür saxta içkilər sağlamlığımız üçün çox təhlükəlidir, müxtəlif zəhərlənmələrə, hətta ölümə səbəb olur. Saxta spirtli içkilər xüsusilə sinir sisteminə zərər verir. Görmə pozğunluğu və ya tamamilə görmə itkisi, şüursuz hərəkətlər, hərəkətliliyin olmaması, başgicəllənmə, ürəkbulanma, qusma və ölümlə nəticələnə bilir. Ona görə də insanlar spirtli içki alarkən tərkibini oxusunlar, qablaşmasına diqqət etsinlər və tanınan məhsulu alsınlar". 

Məhsəti Hüseynova - Ac qarına hansı qidaları qəbul etmək olmaz? - DİQQƏT! -  Sağlam Qida

Məhsəti Hüseynova

“Qida təhlükəsizliyi Hərəkatı”nın rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, texniki spirt insanların daxilə qəbul etməsi üçün nəzərdə tutulmayıb və onun əldə olunması o qədər də asan deyil: “Bu spirtdən daha çox sənaye sahələrində texniki məqsədlər üçün istifadə olunur. Sağlamlıq üçün zərərlidir və zəhərlənməyə səbəb ola bilər. İçdikdə qaraciyər və böyrəklərə ciddi ziyan vura bilər ki, bu da ölümlə nəticələnə bilər. Onun tərkibindəki kimyəvi maddələr insan orqanizmini məhv edir. Ümumilikdə isə spirtli içkilərdən zəhərlənmənin bir sıra səbəbləri ola bilər. Onlardan biri də saxta üsulla hazırlanan, mənşəyi bəlli olmayan içkilərin qəbul edilməsidir. Mənşəyi bəlli olan içkini qısa müddətdə normadan artıq qəbul etdikdə də zəhərlənmə verir. İnsanlar spirtli içkini ac qarına içməsinlər və az miqdarda qəbul etsinlər. Spirt içki qəbul edərkən dərman atmasınlar. Bu da zəhərlənmə verə bilər”.       

Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin hüququnun  pozulmasıdır” - VİDEO - Oxu.az

Eyyub Hüseynov

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova görə, 2019-cu ildə spirtli içkilərin istehsalı ilə bağlı lisenziya ləğv ediləndən sonra vəziyyət daha da pisləşib: “Ondan sonra 60-dan çox spirtli içki istehsalçısı meydana çıxdı. Nəticədə çox ucuz araqlar satışa çıxarıldı və bazarda qiymət siyasətində qeyri-mütənasiblik yarandı. Bundan narahat olan standartlara uyğun spirtli içki idxalçıları hökumət qarşısında məsələ qaldırdılar. Ötən ilin sonlarında spirtli içkilərin minimum qiyməti müəyyən olundu. Lakin dəyişən bir şey yoxdur, keyfiyyətə nəzarət hələ də yüksək deyil. Belə olan halda əlbəttə ki, zəhərlənmələr olacaq”.     

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR