İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın xüsusi səfirindən sərsəm iddia - kapitulyasiya aktı 2025-də qüvvədən düşəcək?

Ermənistan bu il də Azərbaycanla sülh müqaviləsindən müxtəlif bəhanələrlə yayınmağı bacardı. 2022-ci ilin başa çatmasına 11 gün qalsa da, artıq bu qənaətin altını cızmaq olar. Hərçənd bununla “qərbçi” Nikol Paşinyan bəlkə heç özü də istəmədən Rusiyanın əlinə işləmiş oldu, Brüssel sülh prosesini pozmaqla Kremlin bölgədəki maraqlarının reallaşmasına çalışdı. Baxmayaraq ki, sülh müqaviləsinin ləngiməsi yeni müharibə ehtimalını da xeyli artırıb. Hansı ki, kapitulyant ölkəyə daha böyük fəlakət vəd edir. Təəssüf ki, erməni revanşist-radikallar bir yana, heç özlərini mötədil sayan İrəvan rəsmiləri də bu günədək “miatsum” sevdasından qurtula bilməyiblər. Məsələn, Paşinyanın xüsusi tapşırıqlar üzrə xüsusi səfiri Edmon Marukyan Laçın yolu ilə bağlı vəziyyəti şərh edərkən deyib ki, “Artsax və Azərbaycan arasında beynəlxalq ictimaiyyətin iştirakı ilə birbaşa təmaslar mexanizminin yaradılması zəruridir”. Ardınca da iddia edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat konkret 5 il ərzində qüvvəyə malik müvəqqəti sənəddir.

Əvvəla, Azərbaycan rəsmi şəkildə dəfələrlə bəyan edib ki, Qarabağdakı erməni icması ilə heç bir “beynəlxalq mexanizm” çərçivəsində, hansısa tərəfin iştirakı ilə danışıq aparmayacaq. Azərbaycan vətəndaşı olan ermənilərlə sırf öz vətəndaşları kimi danışacaq.   

İkinci tərəfdən, Marukyanın sözündən belə çıxır ki, 2025-ci ilin noyabrından sonra kapitulyasiya sənədinin hüquqi qüvvəsi olmayacaq və Ermənistan öz öhdəliklərindən imtina edəcək? (zatən onsuz da İrəvan onun əsas bəndlərinə, xüsusən də 4 və 9-cu bəndlərinə riayət eləmir). O zaman niyə Azərbaycan da ondan imtina eləməsin? O halda baxarıq görək, bunun altını ən çox kim çəkəcək?

Əslində sənədin müvəqqətiliyi yalnız sülhməramlı kontingentin qalma müddətinə (5 il) aiddir. Üçüncü yandan, əgər Ermənistan məntiqlə müharibə yox, gerçəkdən sülh istəyirsə, o halda 10 noyabr sənədinin sülh müqaviləsinə çevrilməsini əngəlləməməlidir. Çünki sənəd Bakı ilə sülh sazişi imzalamaq üçün müəyyən mənada aralıq anlaşma, əlverişli hüquqi zəmin anlamındadır. Amma biz bunun əksinə yönəlik cəhdləri görürük. İrəvan 3-cü ildir kapitulyasiya sənədini görməməzlikdən gəlir, onu öz bildiyi kimi şərh və təhrif edir. Ümumiyyətlə, özünü məğlub və “izqoy” tərəf kimi yox, az qala “supergüc” kimi aparır, Bakıya hətta şərtlər irəli sürür, hansısa “beynəlxalq mexanizm”dən dəm vurur.  

10 noyabr üçtərəfli bəyanatı 2025-də qüvvədən düşəcək? İrəvanın bu hoqqa və hiylələri gələn il də davam edərsə, kontraddımlarımız nə olacaq?

Fərhad Mehdiyev: “Nazir özünü təmizə çıxarmaq istəyirsə, oğlunun gəlir  mənbəyini açıqlamalıdır”

Fərhad Mehdiyev: “Marukyan kimiləri elə hesab edirlər ki, beş ili yola versələr və bu müddətdə Zəngəzur dəhlizini açmasalar bununla məsələ bitmiş olacaq, onlar tamamilə yanılırlar”

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatındakı bəzi müddəalar uzun müddətlidir, bəziləri isə konkret vaxtda avtomatik olaraq qüvvədən düşən müddəalardır: “Marukyanın dediyi məsələ həm ermənilərin xeyrinədir, həm zərərinədir. Onun sözündən belə çıxır ki, 10 noyabr üçtərəfli bəyanatı 2025-ci ildə qüvvədən düşəcəksə, Laçın dəhlizi də bağlanacaq. Laçın dəhlizi axı məhz həmin sənəddə əksini tapır. 2025-ci ildə sülhməramlıların bölgədə qalma müddəti başa çatır. Bununla bağlı sözügedən sənəddə müddəa əksini tapır. Yəni bu müddəa sülhməramlıların çıxması ilə qüvvədən düşmüş sayılacaq. 10 noyabr üçtərəfli bəyanatında müddəalardan biri Kəlbəcər, Laçın və Ağdamın Azərbaycana geri qaytarılmasını nəzərdə tuturdu. Bu addım atıldığı üçün artıq həmin müddəa qüvvədən düşmüş-həyata keçmiş sayılır. Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı müddəa isə qüvvədən düşməyəcək. Marukyan kimiləri elə hesab edirlər ki, beş ili yola versələr və bu müddətdə Zəngəzur dəhlizini açmasalar bununla məsələ bitmiş olacaq. Əslində isə onlar tamamilə yanılırlar. 10 noyabr üçtərəfli bəyanatının məhz Zəngəzur dəhlizinin açılmasını tələb edən maddəsi konkret vaxtda qüvvədən düşən maddələr sırasına aid deyil”.

Akif Nağı Prezident Administrasiyasında Yeni Sabah

Akif Nağı: “Onda Laçın yolu birdəfəlik bağlanmalıdır”

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, əslində 10 noyabr üçtərəfli  bəyanatı daha çox niyyət protokolu kimi dəyərləndirilə bilər. Biz o sənədi məcburiyyətdən deyil, əks tərəfə xoş niyyətimizi göstərmək üçün imzalamışıq. O sənədin bizim üçün elə də ciddi əhəmiyyəti yoxdur: “Əgər ermənilər bu sənədin müvəqqəti xarakterindən danışırlarsa, bizim üçün daha yaxşı. Onda Laçın yolu birdəfəlik bağlanmalıdır. Marukyanın danışığı onu göstər ki, ermənilər bizim xoş niyyətimizi düzgün başa düşməyib. Ona görə də istənilən vaxt imzamızı geri götürüb, prosesləri qaldığımız yerdən davam etdirə də bilərik. Məncə, proses elə ona doğru gedir. Nikol Paşinyan çalışır ki , məsələni Azərbaycan-"artsax" müstəvisinə keçirsin. Ancaq bunun artıq mümkün olmadığını anlamaq istəmirlər. Ermənistan rəhbərliyi heç üstün mövqedə olduqları İkinci Qarabağ müharibəsinə qədərki dövrdə bu niyyətlərinə nail ola bilmədi, indi qalib Azərbaycanı nə cür məcbur edə bilərlər? Ona görə də istənilən halda proses Azərbaycanın istəklərinə uyğun davam edəcəkdir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR