İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “sülh göyərçinləri üçün”...səngərlər

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, “Bütün təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq”. İnanaqmı? Təbii ki, yox. Guya Ermənistanın keçmiş rəhbərləri açıq şəkildə Azərbaycana müharibə elan edirdilərmi? Hətta Xocalı caniləri Köçəryan-Sərkisyan cütlüyü də illər ərzində Azərbaycanla saysız-hesabsız sülh danışıqları apardılar, özlərini “sülh göyərçinləri”nə tay tutmağa çalışdılar.

Soruşan gərək, Nikol, “bütün təxribatlar”a kim əl atır? Martın ortalarından etibarən Laçın-Kəlbəcər istiqamətində Ermənistan ordusu davamlı şəkildə atəşkəsi pozur, ölkənin rəhbərliyi hara baxır? Əgər Nikol Paşinyanın öz  fərari ordusuna “dayan” komandası verməyə acizdirsə, təxribatlara son qoymağa cürəti çatmırsa, belə bir “iradə sahibi” Azərbaycanla necə sülh imzalaya bilər? Hələ sülh müqaviləsini imzalamayıb, cani eks-prezidentlər onun imzalayacağı sazişin ləğzi prosedurundan danışırlar.    

Ermənistanın baş naziri söz oyunu ilə məşğuldur. Onu bu günlərdə 2026-cı il parlament seçkilərini necə qazanmağın yolları düşündürür, Azərbaycanla sülh anlaşması yox. Hətta Azərbaycan dövləti indiki şərtlər daxilində Ermənistanla sülh müqaviləsini, yaxud çərçivə sənədini imzalamağa qərar versə, Nikol Paşinyan bir bəhanə ilə prosesi pozacaq, əmin olun. Dəfələrlə olub ki, Paşinyan öz ağalarının təlimatı, qaş-göz işarəsi ilə normal polemikadan yayınıb, tarixi fürsətləri dəyərləndirməkdən imtina edib.

Çünki çox qorxur, Makron bir tərəfən göz ağardır, Rusiyadakı ağaları digər tərəfdən, hələ digərlərini demirik. Belə olduğu təqdirdə onun sülh sənədinə imza atması problemli görünür. Odur ki, söz oyunları ilə 2026-cı ili kürsüsünü qorumaqla başa vurmağı, sonra da vəziyyətə uyğun olaraq hansısa addımlar atmağı, yaxud yarana biləcək fürsətlərdən yararlanmağı düşünür. Əbəs yerə “Real Ermənistan”dan danışmır, reallığa uyğun olaraq nələrsə qopartmağa çalışır. Ona görə də “İrəvan Dialoqu 2025” beynəlxalq forumunda özünü “yaxşı oğlan” kimi göstərmək istəyib.

 

Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır. Guya Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır. Sitat: “Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqlarımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onu müşayiət edən sənədlərin imzalanması məqsədi ilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq”. Ay “sadiq” oğlan, çox da zilə çıxma, axı, sənin “sadiq”liyini Xanlkəndidə “Qarabağ Ermənistandır. Nöqtə”, dediyin vaxt da görmüşük, Şuşada içib, yallı gedəndə də...2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanata imza atan bəlkə sən olmamısan, elə isə 9-cu bəndə “asi” çıxmağının səbəbi nədir? Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında dəhlizin açılmasına təminat verdiyin halda, bu istiqamətdə 5 ildir niyə beş addım irəli atmamısan?!

Paşinyana ünvanlanası sualların özü onun sülh bəyanatlarında nə qədər saxtakar olduğunu ortaya çıxarır, hətta cavab verməsə belə. Əslində bir neçə gün öncə Albaniyada Azərbaycan telekanalına müsahibəsində də oyunbazlığını nümayiş etdirmişdi, həm konstitusiya dəyişikliyi, həm də Minsk Qrupu ilə bağlı. İndi də deyir ki, Ermənistan Konstitusiyasını şəxsən dəyişdirəcək.

Azərbaycan və Ermənistan sülh sazişinin mətni yekunlaşıb: növbəti addım nə  olacaq?

Bah, sən dedin, biz də  inandıq. Özü də nə vaxt dəyişdirəcəkmiş: Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa şəxsən dəyişikliklər edəcək. Baxın, Azərbaycan Prezidenti bəyan edib ki, ölkəmizə qarşı ərazi iddialarının əksini tapdığı konstitusiya və normativ hüquqi aktlar dəyişdirilməsə, sülh müqaviləsinin imzalanmasının heç bir mənası qalmayacaq. Yəni sülh adına prosesin ilkin yolu Azərbaycan dövlətinin irəli sürdüyü şərtə əməl olunmasından keçir. Paşinyan isə iddia edir ki, əgər Konstitusiya Məhkəməsi imzalanan sülh sazişini təsdiqləməsə, şəxsən konstitusiyasını dəyişdirəcək. Nağıl var, nağıl var e. Minsk Qrupundan imtinanı da sülh müqaviləsinə calamağa çalışır. Müqaviləni imzalayanda Minsk Qrupundan da imtina edək, deyir. Qarabağ məsələsi ilə bağlı yaradılmış Minsk Qrupu adlı artıq ölü üçlükdən əl çəkmir Ermənistan. Məşhur misal var: “İt motaldan əl məkdi, motal itdən əl çəkmədi”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə “sülh göyərçini uçuran” Paşinyanın nə qədər ciddi olduğunu “sübut edib”. Elə “İrəvan Dialoqu–2025” adlı beynəlxalq forumda “etnik təmizləmə” barədə sərsəm iddialar səsləndirib. Sitat: “Etnik təmizləmələr bizdən o qədər də uzaqda deyil, onların şahidiyik. Biz bu faciələrlə sərhədlərimizdə rastlaşmışıq”. Bunu o ölkənin naziri deyir ki, 1989-cu ilədək tarixi torpaqlarında yaşayan 300 mindən artıq azərbaycanlını deportasiya ediblər və bu gün də onların geri qayıdış hüququnu tanımaqdan imtina edirlər. Qarabağdakı ermənilər isə ölkəmizi könüllü tərk ediblər, çünki əksəriyyəti Azərbaycana qarşı cinayətlərdə iştirakçı olmuşdular, məsuliyyətdən qorxdular, getdilər. Şükür eləsinlər...

Azərbaycan XİN Nikol Paşinyana və bütövlükdə erməniçiliyə kifayət qədər tutarlı cavab verib. Görünən budur ki, məsələ tezliklə bitməyəcək, ən azı Dəmir Qapaz zərurəti yarana bilər...Xüsusilə də ona görə ki, Paşinyan İrəvanda sülh nağılları danışarkən şərti sərhədlərdə erməni hərbçilər səngərlər qazırdılar...Bəlkə Paşinyanın “sülh göyərçinləri” üçün qazırlar...

Elşad Paşasoy,
Musavat.com

    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR