İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın sensasion “nə hərb, nə sülh” planı: İrəvanda Ermənistanın tezliklə yox olacağını düşünürlər

Cənubi Qafqazda hərbi-siyasi gərginlik Ermənistan üçün əsas xarici maliyyə qaynağına çevrilib, rəsmi İrəvan indiki situasiyanı mümkün qədər uzadaraq, ABŞ və Qərbin paraları ilə Ermənistanı hələ bir müddət də ayaqda tuta biləcəyinə ümid bəsləyir... Paşinyan hakimiyyəti artıq əmindir ki, əgər, Azərbaycanla sülh sazişi imzalanarsa, Qərbin də rəsmi İrəvana indiki marağı arxa plana keçərsə, onda, Ermənistanın Türk İttifaqından asılı vəziyyətə düşməsi, bir müddətdən sonrasa, tamamilə çöküşü qaçılmaz olacaq...

Cənubi Qafqazda sülh prosesinin uğur qazanma ehtimalı o qədər də cəlbedici səviyyədə deyil. Hər halda, Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda yekun sülh sazişinin imzalana biləcəyi qətiyyən inandırıcı deyil. Üstəlik, belə qəliz situasiyanın həm Cənubi Qafqazda gedən proseslərdən, həm də bu regiondan kənar beynəlxalq güclərin geopolitik maraqlarından qaynaqlanan kifayət qədər ciddi səbəbləri mövcuddur. Və bu baxımdan, indiki situasiyanı regional sülh prosesi üçün “geopolitik labirint” də hesab etmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, hazırda regional sülh prosesini bloklayan Qərb siyasi dairələri həm də onu dəstəklədiklərini israrla bəyan edirlər. Belə ki, Cənubi Qafqazda hərbi-siyasi sabitlik hazırda ABŞ və Qərbin geopolitik maraqlarına daxil deyil. Çünki Qərb siyasi dairələri bu regionda hərbi münaqişənin yenidən bərpa edilməsi imkanlarına Cənubi Qafqazda Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması faktoru kimi yanaşırlar. Və bu səbəbdən də, Rusiyanı regiondan tamamilə sıxışdırıb, çıxartmaq niyyətində olan Qərb siyasi dairələri Ermənistana hələlik sülh masasından uzaqlaşmaq təlimatı veriblər.

er-ab-abs.jpg (97 KB)

Təbii ki, Rusiya ilə ənənəvi münasibətlər sistemi ciddi şəkildə pozulmuş Ermənistan ABŞ və Qərbdən gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməyə üstünlük verirlər. Üstəlik, rəsmi İrəvan Ermənistanı artıq çoxdan Qərbin geopolitik müstəmləkəsinə çevirdiyindən buna həm də məcburdur. Yəni, hazırda Paşinyan hakimiyyətinin Ermənistan adından qəbul etdiyi bütün siyasi qərarlar İrəvanda deyil, Qərbdə qəbul edilir. Və rəsmi İrəvan sadəcə, həmin qərarları öz adından ictimailəşdirərək, icra etməklə məşğuldur.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin son açıqlamalarında da rəsmi İrəvanın yaxın vaxtlarda sülh sazişinin imzalamaq icazəsi almadığını və ümumiyyətlə, belə bir niyyətinin olmadığını göstərir. Belə ki, rəsmi Bakının əsas şərtlərindən biri Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə birbaşa bağlıdır. Paşinyan hakimiyyəti isə bu məsələ ilə bağlı referendukun keçirilməsi məsələsinin 2027-ci ildən tez müzakirəyə çıxarılmayacağını bəyan edib. Və bu, o deməkdir ki, ən azından həmin tarixə qədər yekun sülh sazişinin imzalanması mümkün olmayacaq.

Eyni zamanda, rəsmi İrəvan sülh prosesini əngəlləyən tərəf kimi də görünmək istəmir. Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana “yarımçıq sülh” sazişi təklif edir. Belə ki, erməni baş nazir sülh sazişinin 17 müddəasından 13-nün artıq razılaşdırıldığını qabardır. Azərbaycana məhz həmin razılaşdırılmış 13 müddəa əsasında sülh sazişi imzalanmasını təklif edir, geri qalan 4 bəndin isə sonra müzakirə olunmasını mümkün sayır. Rəsmi İrəvan tam dəqiqliyi ilə bilir ki, Azərbaycan “yarımçıq sülh” sazişi variantını qəbul etməyəcək. Və bu baxımdan, bir tərəfdən sülh mövzusu ətrafında manipulyasiya edir, digər tərəfdənsə, ona sarsıdıcı zərbə vurur.

s1oHmLCtucJIoQ2aafYq.jpg (24 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti yaxın gələcəkdə Azərbaycanla yekun sülh sazişini imzalayaraq, münasibətləri normallaşdırmaq niyyətindən çox-çox uzaqdır. Əslində, Qərbin bu barədə israrlı təlimatları ilə yanaşı, Paşinyan hakimiyyətinin özəl siyasi maraqları da rəsmi İrəvanın belə manipulyasiyalarında xüsusi rol oynayır. Belə ki, Azərbaycanla sülh sazişinin imzalanmaması Paşinyan hakimiyyətinin özəl siyasi maraqlarına tamamilə cavab verir. Və rəsmi İrəvan indiki situasiyadan beynəlxalq məkanda maksimum səviyyədə faydalanmağa çalışır.

Məsələ ondadır ki, hazırda Azərbaycanla hərbi-siyasi gərginliyi, savaş təhlükəsini bəhanə edən rəsmi İrəvan Ermənistanın maraqlarını və ənənəvi erməni narrativlərini beynəlxalq gündəmdə saxlaya bilir. Eyni zamanda, Paşinyan hakimiyyəti mövcud situasiyanı qabardaraq, ABŞ, Avropa Birliyi və Fransadan həm hərbi dəstək alır, həm də Ermənistana maliyyə yardımlarının ayrılmasına nail olur. Və bu, o deməkdir ki, rəsmi İrəvan regional sülh prosesinin bloklanmasını Qərbdən maliyyə qoparılması üçün bəhanəyə çevirib.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan “nə hərb, nə sülh” situasiyanı mümkün qədər uzatmağa daha çox üstünlük verəcək. Çünki rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanmasından sonra ABŞ və Qərbin Ermənistana indiki marağının sürətlə azala biləcəyini anlamamış deyil. Hər halda, sülh sazişi Qərbin regional maraqlarında istinad mexanizmi ola biləcək faktorların böyük əksəriyyətini sıradan çıxartmış olacaq. Və buna paralel olaraq, Qərbin Ermənistana dəstək bəhanəsi ilə Cənubi Qafqaza yerləşmə planları qarşısında ciddi problemlər yaranacaq.

foto-4.jpg (74 KB)

Belə anlaşılır ki, Cənubi Qafqazda hərbi-siyasi gərginlik Ermənistan üçün əsas xarici gəlir mənbəyi rolunu da oynamağa başlayıb. Rəsmi İrəvan isə bu stabil maliyyə qaynağını məcbur qalmadıqca itirmək istəmir. Paşinyan hakimiyyəti indiki situasiyanı mümkün qədər uzadaraq, Qərb maliyyəsi ilə Ermənistanı hələ bir müddət ayaqda tuta biləcəyinə ümid bəsləyir.

Üstəlik, Paşinyan hakimiyyətinə yaxın erməni siyasi dairələri belə qənaətə gəliblər ki, əgər, Azərbaycanla sülh sazişi imzalanarsa, Qərbin də rəsmi İrəvana indiki marağı arxa plana keçərsə, Ermənistanın çöküşü qaçılmaz ola bilər. Bu halda, Ermənistanın Türk İttifaqından asılı vəziyyətə düşərək, bir dövlət kimi sıradan çıxma təhlükəsindən də danışmaq lazım gələcək. Və bu səbəbdən də, Cənubi Qafqaz hələ uzun müddət sülhdən uzaq qalmaqda davam edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR