İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı Putinin yanına aparan səbəb - Moskva danışıqları Vaşinqton görüşlərini sıfırlayacaq?

Ermənistanın baş naziri Rusiyadan əlidolu qayıdacaq, yoxsa...; ermənilər dərin məyusluq içərisindədir

Mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə yola düşüb. Ermənistan Nazirlər Kabinetinin yaydığı açıqlamada onun 9 May Qələbə paradında iştirak edəcəyi vurğulanıb.

Qeyd edək ki, Paşinyanın “9 may axşama qədər Moskvada olacağı” bildirilsə də, onun paradda iştirakı ilə bağlı hər hansı bir məlumat verilməmişdi. Ermənistanın baş naziri Praqa səfərindən dərhal sonra Rusiyaya səfər edəcəyini şəxsən açıqlamışdı. Maraqlıdır ki, bundan sonra Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gələn həftə mümkün görüş barədə danışarkən hadisələri qabaqlamamağı məsləhət görmüşdü. Peskov bildirmişdi ki, müəyyən planlar müzakirə olunur, müzakirə yekunlaşandan sonra Putin-Paşinyan görüşü barədə açıqlama veriləcək.

Görünür, Ermənistan hökuməti Kremldən verilən reaksiyadan nəticə çıxararaq ehtiyatlı davranıb və N.Paşinyan mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 78 illiyinə həsr olunan tədbirlərdə iştirak edəcəyi xəbəri ilə kifayətlənib.

Qeyd edək ki, N.Paşinyan Rusiyaya səfərin anonsunu həm də XİN başçıları səviyyəsində Vaşinqtonda üçlü formatda görüşlər bitər-bitməz vermişdi.

Rusiyanın Vaşinqtonun moderatorluğuna necə qıcıq olduğunu XİN sözçüsü Mariya Zaxarovanın mətbuata açıqlamaları da nümayiş etdirdi. Kreml Ağ Evin 3 gün ərzində danışıqlara moderatorluq etməsini sinirə bilməzdi sözsüz ki. Yeri gəlmişkən, Rusiya Prezidenti V.Putin hələ ötən ilin oktyabrında “Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa variantını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Və Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar. Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür” - deməklə faktiki olaraq İrəvanı ABŞ-ın moderatorluğundan çəkinməyə çağırmışdı. Amma bu moderatorluq baş tutdu. Güman ki, Kremldən sərt reaksiyaların gələcəyini, hətta cəza mexanizmlərinin işə salınacağını düşündüyü üçün N.Paşinyan dərhal Rusiya səfərinə tədarük gördüyünü elan etdi. Kremlə reverans edən Paşinyan həmçinin deyib ki, İrəvan hələ də sülh anlaşmasının “Rusiya variantı”na (avqust 2022-ci il) razıdır, hansını ki, Bakı dərhal rədd edib. Çünki orada “Dağlıq Qarabağ məsələsi”nin gələcək nəsillərə saxlanması nəzərdə tutulur. Erməni tərəfi Rusiya variantından məmnunluğunu gizlətmir, çünki o halda nə vaxtsa separatizmi təzədən alovlandırmaq şansı əldə eləmiş olur. Rusiyaya da belə “qeyri-müəyyənlik” sərfəlidir - “konflikt hələ həll edilməyib” bəhanəsi ilə Qarabağda hərbi mövcudluğunu sonsuzadək uzatmaq üçün. Təkcə Azərbaycan uduşda deyil. Ona görə ki, bu, öz əlimizlə dövlətçiliyimiz altına növbəti “gec partlayan mina qoymaq” anlamını verərdi. Bu arada “Past” erməni nəşri qarşıdakı Moskva görüşü haqda yazıb: “Paşinyan və Putunin bu həftə Moskvada görüşü planlaşdırılır. Bundan əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna Paşinyanla Əliyev arasında Kişinyovda görüşün mümkünlüyünü açıqlamışdı. XİN-dəki mənbəmizin məlumatına görə, Paşinyan iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İlham Əliyevlə görüşəcək. Üstəlik, həmin mənbə bildirir ki, Moskvada gözlənilən görüş Kişinyovda mümkün razılığın əldə olunması məqsədilə keçirilir ki, həmin sənəd müəyyən mənada Rusiya tərəfi üçün də məqbul olsun. Xüsusilə mümkün risklərdən və tələlərdən qaçmaq üçün Paşinyan Vaşinqtonda müzakirə olunan bütün paketi Moskvaya təqdim etməyə hazırlaşır. Əldə etdiyimiz məlumata görə, Putinlə müzakirə olunan əsas mövzu ilk növbədə Rusiya sülhməramlılarının "artsax"da bundan sonrakı mövcudluğu ilə bağlı olacaq". Öz növbəsində müxalifətçi deputat Tiqran Abramyan öz Facebook səhifəsində qeyd edir: “Paşinyanın son günlərinin ən diqqətçəkən ifadəsi bu oldu ki, "İlham Əliyev Qarabağa geniş muxtariyyət verməyə hazır deyil". Əslində Paşinyan bir il əvvəl formalaşdırdığı fikrini ortaya qoydu ki, o, “artsax” məsələsində plankanı aşağı salmağa məcburdur. Etiraf etdi ki, onun sözləri “artsax”ın öz müqəddəratını təyinetmə və ya müstəqillik hüququ ideyası kimi deyil, Azərbaycanın tərkibindəki MUXTARİYYƏT (seçdirmə Abramyanındır - red.) başa düşülməlidir. Azərbaycan isə bununla razılaşmır - danışıqların bütün mahiyyəti bundan ibarətdir".

Paşinyan sadəcə abırsız yalançıdır”-Sahib Alıyev

Sahib Alıyev: “Yəqin Paşinyana Qarabağ məsələsində geri çəkilmələrinin onlara necə baha başa gələ biləcəyi də anladılacaq”

Deputat Sahib Alıyev bu mövzuda “Yeni Müsavat”a maraqlı açıqlamalar verdi: “Yüksək səviyyəli Brüssel görüşləri öncəsi Paşinyan Moskvaya ona görə dəvət edilib ki, Rusiyanın marağına cavab verməyən hər hansı hərəkətə yol verməsin. Üstəlik, fikrimcə, ondan Azərbaycanın təklif etdiyi, Qərbin də razılaşdığı kimi danışıqların ikitərəfli deyil, üçtərəfli format üzrə aparılması və Zəngəzur dəhlizi, bəli, məhz dəhlizi ilə bağlı 10 noyabr 2020-ci il bəyanatında əksini tapan 9-cu maddəyə tam uyğun mövqe sərgiləməsi tələb olunacaq. Çünki Bayramovla Mirzoyan Arlinqtonda görüşərkən Vartanyan və Harutyunyanın qismində ən aşağıdan tutmuş, Dmitri Peskovadək ən yuxarı səviyyədə Moskanın səsləndirtdiyi və səsləndirdiklərindən də aydın görünürdü ki, orada nə danışıqların ancaq Azərbaycanla Ermənistan arasında aparılması istənilir, nə də proseslərin Laçın yolunda nəzarət-buraxılış məntəqsi qurulması məntiqinə uyğun irəliləməsi. Yəni fikrimicə, bu səfər zamanı Moskvada Paşinyanın qarşısında Brüsseldə üçtərəfli format məntiqindən davranmaq, Zəngəzur dəhlizinin tezliklə açılması və tam "eksterritorial" xarakter daşıması tələbi qoyulacaq". 

Amma S.Alıyev hətta Paşinyanın bu tələbə əməl etdiyi təqdirdə belə, Azərbaycanın Laçın yolunda geriyə addım atacağını güman etmir: “Yəqin Paşinyana Qarabağ məsələsində geri çəkilmələrinin onlara necə baha başa gələ biləcəyi də anladılacaq. Uydurma yox, əsl tarixləri xatırladılacaq ki, təkcə Qarabağa deyil, Ermənistana da hayları Rusiya dartıb gətirib. Ona görə də Rusiyanın cızdığı xətdən qırağa çıxmamalıdırlar. Bir sözlə, Paşinyan Moskvaya ilk növbədə Qarabağ məsələsində hər hansı güzəştə getməmək və dediyim digər məsələlərlə bağlı son xəbərdarlıq üçün çağrılıb. Hər halda, mən belə düşünürəm”.

Bu arada məlum olub ki, Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. “Financial Times” xəbər verir ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq. Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar. "Report"un məlumatına görə, qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”. Bu, fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.

Paşinyanın Rusiya səfəri Avropanın moderatoluq niyyətini poza bilərmi? Nəzərə alaq ki, bundan əvvəl bənzər hallar baş verib. S.Alıyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə bu həftə görüşəcəkləri haqda xəbər doğrudursa, demək, Arlinqtonda (1-4 may 2023-cü il tarixlərində XİN rəhbərlərinin görüşlərinin keçirildiyi şəhər-red.)  tərəflər açıqlandığından daha böyük razılığa gəliblər və əldə edilmiş irəliləyişin hər hansı bir təxribatla heçə endirilməməsi üçün iyunun birində Kişinyovda yox, daha tez Belçika paytaxtında görüşməyə üstünlük verilib. Təxribatı isə kimin törədə biləcəyi sirr deyil. ABŞ danışıqları öncəsi İrəvanda "Nemezis" terror dərnəyinin üzvlərinə “abidə” qoyduranlar geosiyasi alət gözündə gördüklərinə hər cür təxribat törətdirə bilərlər. Paşinyanın təcili Moskvaya çağırılması da onu göstərir ki, Arlinqtonda tərəflər açıqlandığından daha irəli getdikləri və bunu davam etdirmək əzmində olduqlarından Kremldə xəbər tutublar".

Tural İsmayılov: “Qərbin apardığı danışıqlar daha işləkdir”

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov da qəzetimizə diqqətçəkən mülahizələrini söylədi: “Biz nəzərdən qaçırmamalıyıq ki, bizim üçün Qarabağa hansısa müstəsna "hüquqların" verilməsi əsla müzakirə edilmir. Çünki Azərbaycan öz ərazilərini heç vaxt alver predmetinə çevirməyib. Ermənistan hakimiyyəti siyasi dələduzluqla məşğuldur. Öz aləmində “sağ göstərib, sol vurur”. Paşinyan hər şeyini Qərbə satsa da, Rusiyanın Ermənistandakı təsirlərindən qurtulması mümkün deyil. Rəsmi Moskva Vaşinqton və Brüssel formatlarını həzm edə bilmir". T.İsmayılov əminliklə bildirdi ki, Paşinyanın Rusiya səfərində ona qulaqburması veriləcək: “Rusiya Azərbaycan ərazilərində separatçılığın bitməsindən əndişə duyur. Rusiya Azərbaycanın ərazi bütövlüyünə Qərbin dəstəyini görmək istəmir. Özündən yeni bəhanələr uydurur. Hesab edirəm ki, bütün qısqanc təxribatlara rəğmən Rusiyanın planları alt-üst olacaq. İndi Vaşinqton da bu məsələdə daha fəal işləyir”.

Bu arada, Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib ki, ABŞ-da aparılan danışıqların nəticələri ilə bağlı tam məlumatı olmadığını, deputatların proseslə bağlı məlumat almaq üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Milli Assambleyaya dəvət edəcəyini istisna etmir. Deputatın sözlərinə görə, istənilən danışıqları artıq müsbət hal kimi qiymətləndirmək olar. “Yeganə sual nəticələrdir. Gözləntilərimiz özünü doğrultsa, yaxşı olardı, lakin bu, mürəkkəb prosesdir və gözləntilər baxımından hələ çox uzun yolumuz ola bilər”, - Xaçatryan bildirib. O əlavə edib ki, sülh sazişinin parametrləri baxımından Ermənistan üçün qəbuledilməz olan şərtlər qoyula bilər. Deputat əmin olduğunu bildirib ki, Azərbaycan bir çox hallarda İrəvan üçün qəbuledilməz olan öz maraqları üçün əlverişli vəziyyət yaratmaq üçün hər şeyi etməyə çalışacaq.

Göründüyü kimi, ermənilər çox narahat görünürlər və dərin məyusluq içərisindədirlər. Paşinyan Rusiyadan əlidolu, yoxsa əliboş gələcək, bu da çox maraqlıdır...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR