İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan daha çox erməni olmaq: BMT kürsüsündən fransızsayağı həyasızlıq

Belə bir deyim var: Roma Papasından daha artıq katolik olmaq. Bunu Fransa prezidenti Emmanuel Makrona aid etsək, yanılmarıq.

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında çıxış edərkən olduqca ölçülü və yumşaq, reallıqla barışmış, gələcəyə mesajlarla danışdı. O, Nyu Yorkun Mərkəzi Parkında velosiped sürərkən, Ərdoğandan kitab hədiyyə alarkən, Ermənistanın - Azərbaycan münasibətlərinə dair heç bir ittiham səsləndirməzkən, Bakı türmələrində olan erməni canilər barədə danışmazkən, “pozitivliyə” çağırarkən, Fransa prezidenti Azərbaycanın Ermənistana təzyiqindən danışır, aqressiv tezislər söyləyir, ortalığı qızışdırır.

Makrona nə düşüb ki, ən mötəbər kürsüdən bütün dünyaya və taleləri ilə barışan ermənilərə Fransanın İrəvanın yanında olduğunu xatırladır?

Makron BMT-dəki çıxışında deyir: “Fransa Azərbaycanın təzyiqləri və ərazi gərginliyi qarşısında Ermənistanla çiyin-çiyinə dayanır, beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün orada olmalıdır”.

Görünən budur ki, Makron Paşinyandan daha çox ermənilik edir, erməni revanşizmini ürəkləndirəcək açıqlamalar verir. Fransa Qafqazda sülh istəmir və iki dövlətin yenidən münaqişəyə girməsi üçün Ermənistanın üstünlüyünü təmin etməyə çalışır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə BMT Baş Assambleyasında Emmanuel Makronun çıxışı zamanı Azərbaycan əleyhinə söylədiyi fikirləri şərh edərkən deyib ki, Fransa Prezidenti Emmanuel Makronun 25 sentyabr tarixində BMT Baş Assambleyasında çıxışı zamanı, “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” fikirləri Fransanın həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsidir.

1451227.jpg (25 KB)

O bildirib ki, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir:

“30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistanın sülhsevər qurban ölkə kimi təqdim olunması Fransanın apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir. Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik”.

Siyasi şərhçi Sədrəddin Soltan deyir ki, vaxtı ilə Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, torpaqlarımız işğal altında olarkən Ermənistanı müdafiə edib.

1-28.jpg (65 KB)

"Əgər Rusiya, ABŞ hansısa məsələdə tərəfsiz olduqlarını göstərməyə çalışıblarsa, Fransa birmənalı olaraq Ermənistanın yanında olub. Azərbaycan torpaqlarının işğal altında qalmasına, hətta Qarabağın Ermənistanın ərazisinə birləşməsində belə Fransa meydan olub. Heç də təsadüfü deyil ki, SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan SSRİ dövründə Fransada qəzetə müsahibəsində Qarabağın Ermənistana birləşdirilməsinin vaxtı çatıb açıqlamasını vermişdi.

44 günlük müharibə zamanı Fransa az qalırdı ki, Azərbaycana ordu yeritsin. Makron yaralı jurnalistinin Qarabağdan çıxarılması üçün xüsusi təyyarə göndərilməsi haqqında açıqlama vermişdi. Lakin Azərbaycan hökuməti qanunsuz olaraq ərazimizə təyyarə göndərilməsinin qarşısını aldı. Və Fransa mətbuyatı 44 günlük müharibə zamanı Azərbaycana qarşı təbliğat apardı. Guya Azərbaycan ordusunda hansısa terrorçu qrup döyüşür.

Sonrakı dövrdə də Ermənistanı müdafiə etdi, sülh danışıqlarına maneə törətdi. Hətta tərəflərin görüşündə Azərbaycan Türkiyənin iştirakını təklif etsə də Fransa buna etiraz etdi. Ona görə də Azərbaycan İspaniya görüşündən imtina etdi.

Azərbaycan daha sonra təkbətək görüşlər təklif etdi. Fransa buna da imkan vermədi. Fransa Azərbaycanı sülhə meylli olmamaqda günahlandırır. Halbuki müharibədən sonra sülhlə bağlı təklifləri ilk olaraq Azərbaycan irəli sürüb.

Makron Ermənistanın təcavüzkar və işğalçı konstitusiyası ilə bağlı niyə fikir söyləmir? 250 mindən çox azərbaycanlının 1988-1989-cu illərdə Ermənistandan qovulmasından niyə danışmır? Hansı haqla ədalətli və sülhpərvər rolunda çıxış edir?

Digər məsələ Fransanın rəhbərliyinin Ermənistana 10 milyon avroluq hərbi yardım etməsidir. Fransa və Paşinyan hökumətinin təşəbbüsü ilə Azərbaycanın razılıq və icazəsi olmadan Avropa İttifaqının mülki müşahidə missiyası iki ildən artıqdır ki, bölgədə fəaliyyət göstərir. Bu qrupun hazırda sayı 200-dən çoxdur. Onların bölgəyə gəlməsinin təşəbbüskarı Fransadır. O hərbi jandarm missiyalı hərbi qrupdur.

Bu baxımdan Makronun BMT-dəki çıxışı Azərbaycana qarşı şər-böhtan kompaniyasının bir hissəsidir. Bu Fransanın dövlət olaraq beynəlxalq aləmdə imicinə zərbə vurur. Bu onu bir daha göstərir ki, Fransa münaqişəli, mübahisəli məsələlərdə hakim rolunda iştirak edə bilməz. Çünki dünyanın istənilən bölgəsindəki məsələlərdə Fransa həmişə ədalətsiz mövqe nümayiş etdirib.

Malidə Fransa qoşunu hakimiyyəti dəstəkləməkdənsə, terrorçularla əlaqə saxlayıb onlardan hökumətə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu, Fransa, Makron hakimiyyətinin iç üzüdür. Ona görə də Makronun Azərbaycanın qarasınca danışması qərəzlidir. İnanmıram ki, beynəlxalq ictimaiyyət onun fikirlərinə həmrəy olsun”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR