İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana əl uzatmayan keşişin ardıcılları – Eçmiədzin “sona qədər döyüşməliyik” deyir

Erməni Apostol Kilsəsinin arxiyepiskopunun erməni xalqını silaha sarılmağa dəvət etməsi ölkəmizdə heç kəsi təəccübləndirməyib. Bu, gözlənilməz bir çağırış deyil.

44 günlük müharibənin son günlərində belə çarəsiz durumda qalmış erməni xalqı, hakimiyyət, müxalifət tam məğlubiyyəti, darmadağını gözə alaraq kapitulyasiyaya hazır hala gələndə belə erməni keşişləri tamam başqa ovqatda idilər. Onlar müqaviməti davam etdirməyi, “sonuncu erməni qalana qədər döyüşməyi” tövsiyə və tələb edirdilər.

Hətta Kremlin iradəsi, rus hərbçilərinin müdaxiləsi ilə canlarını tam hərbi məğlubiyyətdən yeni qurtardıqları günlərdə, konkret olaraq, 2020-ci ilin dekabrında baş nazir Nikol Paşinyan Sisyanda Surb Qriqor Lusavoriç kilsəsinə baş çəkərək, müharibədə həlak olanlara ehtiram əlaməti kimi şam yandırarkən, kilsənin baş keşişi Perqev Zeynalyan nümayişkaranə şəkildə onunla əl tutuşmaqdan imtina etmiş, baş nazirin əli havada qalmışdı. Bundan başqa, yayılan videolarda keşişin Paşinyana xitabən nəsə mızıldadığı görünürdü. Sonradan məlum oldu ki, keşiş baş nazirdən kilsəni tərk etməyi tələb edib, yəni onu qovub.

Həmin vaxt Paşinyanın tərəfdarları kilsəyə hücum edərək, “üsyankar keşiş”in cəzalandırılmasını tələb etsələr də, başda katolikos II Qaregin olmaqla digər din xadimləri birbaşa və dolayısı ilə Zeynalyanı müdafiə etdilər. Bundan əvvəl Qaregin Paşinyanı erməni xalqının düçar olduğu məğlubiyyətə görə suçlu saydığını bildirmiş, onu istefa verməyə dəvət etmişdi. Zeynalyanın hərəkəti göstərirdi ki, o, gücünü şər-şəbədə yuvası Eçmiədzindən (erməniləri ruhaniyyat mərkəzi), katolikosdan alır.

Beləliklə, erməni kilsəsinin Azərbaycanla sülh istəmədiyi açıq-aşkar ortadadır. Ermənistanın iqtidarı və müxalifəti bir araya gələrək, sülh tərəfdarı olduqlarını bəyan etsələr də, kilsə sona qədər buna müqavimət göstərəcək.

Çünki Erməni Apostol Kilsəsi fəaliyyətə başladığı ilk vaxtlardan ta bu günə qədər özünü erməni xalqının iradəsinin ən legitim ifadəçisi sayır. Elə erməni xalqı da əsrlər boyunca kilsəni əsas idarəedicisi, yönləndiricisi, qoruyucusu, xilaskarı kimi görüb. Bu, ona görə belə olub ki, nə qədər saxta tarixi məxəzlər yaratsalar da, yüzlərlə “elmi məqalə” üyüdüb töksələr də, ermənilərin bu regionda dövlətləri olmayıb. Yapışdıqları bir Tiqran və “Böyük erməni knyazlığı”dır, onunla bağlı da şişirtmələr, təhriflər o qədər çoxdur ki, bu, mübahisəli mövzudur. Bu baxımdan ermənilər tarixən kilsənin himayəsinə sığınıblar və erməni katolikosu din xadimi olmaqla yanaşı, “ermənilərin hökmdarı” rolunu da oynayıb. Bu minvalla kilsənin hakim rolu ermənilərin alt şüuruna qədər işləyib.

Ancaq ötən əsrin 20-ci illərində ermənilər Antanta qüvvələrinin hesabına qısaömürlü müstəqil dövlət quranda da, daha sonra SSRİ-nin tərkibində “müttəfiq respublika” adıyla muxtariyyat statusi alanda da, erməni kilsəsi öz dominantlığından əl çəkməyib, yenə də erməni xalqının təfəkkürünün formalaşmasında iştirak edib. Erməni xalqının uzaqmənzilli planlar qurması, qonşu dövlətlərin ərazisinin işğal edilməsi hesabına “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasına qapılması məhz erməni kilsəsindən gəlir. Ermənilərin yaşadıqları ölkələrdə qiyam qaldırmaları, silaha sarılaraq üsyan çıxarmaları, dövləti içindən sarsıtmağa yönəlmiş hərəkətləri erməni kilsəsinin fitvası ilə baş verib. Kilsə bunu “erməni milli azadlıq mübarizəsi” adlandırır.

bako.jpg (133 KB)

Qarabağ ermənilərinin bu gün Bakıda həbsxanada olan sabiq liderlərindən Bako Saakyan vaxtilə (2009-cu ildə) Erməni Apostol Kilsəsinin Artsax yeparxiyasının dirçəlişinin 20 illiyinə həsr olunmuş toplantıda çıxış edərkən demişdi: “Erməni Apostol Kilsəsi xalqımızın sağ qalmasında və inkişafında əvəzsiz rol oynamışdır. Tarixi dövlətçiliyin itirildiyi dövrlərdə kilsə siyasi hakimiyyət funksiyalarını üzərinə götürmüş və əsrlər boyu xalqın milli kimliyini və ləyaqətini, birliyini və azadlıqsevər ruhunu qoruyub saxlamaq üçün ən mühüm və bəlkə də yeganə dayağı olmuşdur”.

Bu günlərdə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın kilsədə çıxış edərkən “bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam” deməsi də göstərir ki, kilsə xadimləri həmin xətti davam etdirmək əzmindədirlər. Qalstanyan və digərləri əmindirlər ki, yalnız kilsə gözü qırılmış, məğlubluq kompleksinə girmiş erməniləri toparlamaq, konsolidasiya etmək və düşmən üzərinə qaldırmaq gücündədir.

baqrat.jpg (66 KB)

Ermənilərin kilsəyə inamı, etiqadı nə qədər güclü olsa da, onlar kütləvi şəkildə anlayırlar ki, artıq qılınc-qalxan, rəşadət, cəngavərlik dövrü deyil, döyüşləri gözə görünməyən, səsi gələn dronlar, 200-300 kilometr o tərəfdəki təpə arxasından raket buraxan zenit-raket kompleksləri, üstəlik, qarşı tərəfin sayca çox, əzm və bacarıqca daha güclü olan əsgərləri həll edir. Ayıq ermənilər onu da bilirlər ki, hazırda zəifdirlər və kilsənin çağırışı, “Astvasın köməyi ilə” revanş müharibəsinə qalxsalar, daha sarsıdıcı zərbə alacaqlar.

Bəs erməni ruhanilər bunu başa düşmürmü? Belə görünür ki, bir xeylisi gerçəkliyi anlamır və ya qəbullana bilmir, bəzilərinin də hikkəsi, iddiası rasional düşüncələrini üstələyib, bəsirət gözünü bağlayıb. Bu, ermənilərin dini fanatizminin gerçək təzahürdür: “sonuncu erməniyə qədər döyüşmək”.

Bir neçə il əvvəl "artsax"da hamının xoşbəxt yaşadığını, hər kəsin ziyarətə getdiyini, bunun ermənilər üçün qazanılmış bir şirinlik olduğunu deyən Baqrat Qalstanyan unudur ki, 1991-94-cü illər arasında əldə etdikləri “hərbi nailiyyətlər” həm epizodik, həm də müvəqqəti olub. O vaxt onlardan fərqli olaraq Azərbaycan xalqına nə dövlət sahib çıxa bilmişdi, nə də hansısa ruhani mərkəz. İndi isə vəziyyət fərqlidir, dövlət güclüdür və hərbi qüdrətini taraz saxlamaqda qərarlıdır.

Bir detal da var: Xankəndidə Bakıya ilk etiraz, “miatsum” mitinqi məhz ən mühüm kilsə bayramlarından biri günü baş tutub. Kilsə həmin gün “ermənilərin haqq işi üçün” Astvasdan xeyir-dua almaq istəyib.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR