İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “milçək yuvası”na ağac soxdu – Kilsə və lobbiyə qarşı SON SAVAŞ başladı

Ermənistan Baş naziri Nikol Paşinyan çoxdan zəhləsi getdiyi erməni kilsəsinə qarşı deyəsən qəti addımlar atmağa, dələduz və riyakar keşiş-meşişlərin əl-ayağını yığmağa hazırlaşır. Son olaraq o, dünən parlamentdə çıxışı zamanı erməni katolikosluğunu sərt ittiham edib, faktiki yıxıb-sürüyüb.

Arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının aksiyaları fonunda Paşinyan bildirib ki, erməni Apostol Kilsəsi tarixi dövrlərdən bəri “təsir agenti” olub. Yəni bir qayda olaraq, xarici güclərin əlində alət, tutarqa rolu oynayıb.

Haqlıdır. Amma Nikol Vovayeviç əslində “milçək yuvası”na ağac soxur. Çünki kilsə həmişə özünü erməni toplumundan üst qurum kimi aparmağa, təsdiqləməyə çalışıb. Öz soydaşlarını axırı daim fəlakət vəd edən yola sürükləyib. Çox vaxt da buna nail olub. Amma özü “sudan quru” çıxsa da, altını erməni xalqı çəkib. Artıqlaması ilə...

Paşinyan da görünür bunu bütün ciddiliyi ilə anlayan ilk erməni rəhbəridir. Artıq o, fərqindədir ki, kilsə, yalançı din xadimləri yerində oturdulmayınca, qonşu Azərbaycan və Türkiyə ilə böyük sülh anlaşmaları, barışıq heç vaxt mümkün olmayacaq. Eləcə də Ermənistanın 29.7 min kv km ərazidə varlığı mifə çevriləcək. Uydurma “artsax” kimi.

Belə aqibətdən yayınmağın, “Böyük Ermənistan” dalınca qaçmaqdansa, “əldəki” real Ermənistanı qorumağın tək yolu referendum keçirib konstitusiyasını dəyişmək, orada erməni katolikosluğuna tanınan imtiyazla bağlı maddəni ləğv etməkdir. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına dair hissənin çıxarılması da öz yerində...

YENİM.jpeg (232 KB)

Yəni “bir güllə ilə bir neçə dovşan vurmaq”. İnanmaq istərdik ki, Ermənistan rəhbəri bu yöndə səmimi şəkildə səy göstərir, müvafiq ictimai zəmin yaratmaqla məşğuldur.

Ayrı çarə yoxdur, qalmayıb. Daha bir səbəbə: hazırda revanşistlərin önündə gedənlər, o sırada keşiş Baqrat xaricdəki imkanlı erməni lobbisinin tam dəstəyinə malikdir. Bu isə hakimiyyət üçün simbioz, ikiqat təhlükə deməkdir.

Üstəgəl, lobbinin də Nikol Paşinyan və onun hökuməti ilə arası yoxdur. Çoxdan. Hətta baş nazir xaricə, özəlliklə Fransaya səfərlər edərkən diaspora, daşnaklar həmişə ona qarşı etiraz aksiyaları təşkil edir, Paşinyanı aşağılayan şüarlar səsləndirirlər. Onu “xain”, “Türkə satılan xəyanətkar” adlandırırlar.

Yeri gəlmişkən, həmin daşnakların bəzilərinin Ermənistana girişi rəsmən qadağan edilib. Nəhayət, kilsə də, lobbi də “zəngin” terror təcrübəsinə malikdir...

Sözü ona gətiririk ki, söhbət faktiki kilsə və lobbiyə qarşı həlledici savaşdan gedir. Lap dəqiqi, bu, təkcə hakimiyyət davası yox, ölüm-dirim savaşıdır, erməni xalqının və onun simvolik dövlətinin var olub-olmayacağı savaşdır.

Odur ki, hakimiyyət ona atılan “əlcəyi” götürmək zorunda. Əks halda, Paşinyan erası bitəcək. İlk növbədə Ermənistan, sonra da bölgə üçün bütün neqativ nəticələri birgə.

Belə acınacaqlı aqibətdən qaçmaq mümkündür. Hər halda, hökumətin əlində rəqiblərinə qarşı olduqca sanballı, bənzərsiz kozırı var – erməni cəmiyyətinin əksəriyyətinin dəstəyi. Bunu radikal-revanşistlərin son etirazlarının da fiasko olması qabarıq şəkildə təsdiqlədi.

Qalır indi bu dəstəyi maddiləşdirmək. Onu sülh sənədləri, təzə konstitusiya halına salmaq. Həm də vaxt itirmədən...

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR