İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Makronla hərbi ittifaq qurur: Jandarmlar Ermənistanı qorumağa gəlir

Avropa İttifaqının mülki missiyasının tərkibində 70 fransız hərbçisi bölgəyə yerləşir; rus səfir və fransız deputat da məlumatı təsdiqləyib - Qərb rus ordusunu sıxışdırır; region yeni təhdidlərin astanasında...

Avropa İttifaqının Ermənistana iki illik mülki missiyasını göndərmək qərarı veriləndə bəlliydi ki, məqsəd təkcə Azərbaycanla sərhəddə monitorinq aparmaq yox, Cənubi Qafqazda təsirləri gücləndirmək, regiona yerləşmək və Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır.

“Yeni Müsavat”ın analitik şöbəsi yazır ki, bu minvalla Ukrayna müharibəsinə başı qarışmış rus ordusunun hərbçilərinin də sərhəddən tədricən çıxarılması, onları beynəlxalq hərbi missiyanın əvəzləməsi əsas hədəflərdəndir. Bu istəklə sinxronluq təşkil edən Gümrüdəki 102-ci rus hərbi bazasını evakuasiya etmək çağırışları, etiraz aksiyaları, KTMT-dən qopmaq arzularının dilə gətirilməsi təsadüfi deyil: Qərb Ermənistandakı mövcud iqtidarı ürəkləndirir ki, Rusiyanın orbitindən uzaqlaşın, biz sizə bütün dəstəyi verəcəyik.

Yeri gəlmişkən, haqqın.az-a diplomatik mənbələrdən məlum olub ki, Fransa Azərbaycan və Ermənistan sərhədində yerləşən Avropa İttifaqının mülki missiyasının hərbi-siyasi kontingentə çevrilməsi təşəbbüsünü fəal şəkildə müzakirə edir. Saytın iddiasına görə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, 100-dək müşahidəçinin daxil olacağı missiyaya 70 fransız jandarmı daxildir. Fransada jandarm ölkənin silahlı qüvvələrinin bir hissəsidir və Müdafiə Nazirliyinə tabedir. Bu yaxınlarda Fransanın aparıcı “Le Figaro” nəşrinin baş redaktor müavini Jan Kristof Buisson da Fransa hərbi missiyasının Ermənistana göndərilməsi barədə məlumat yayıb. “Buissonun bu məlumatı Fransa prezidentindən aldığını düşünməyə bütün əsaslar var. Yanvarın sonunda Makron Yelisey sarayında jurnalisti qəbul edib. Məhz Makronla görüşdən sonra Buisson hərbi missiya haqqında danışıb”, - deyə sayt yazır.

Fransanın niyyəti haqda Fransa parlamentinin deputatı Natali Loizeau da danışıb. Onun sözlərinə görə, o, Azərbaycanın “missiya ilə əməkdaşlıq edəcəyinə” ümid bəsləyir. Loizeau hesab edir ki, Avropa İttifaqı “özünü münaqişədən çox uzun müddət uzaqlaşdırıb. İndi isə Aİ və ATƏT daha çox iş görməlidir”. Bu günlərdə haqqın.az-a müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da sərhəddə fransız jandarmlarının yerləşdiriləcəyi barədə məlumat olduğunu təsdiqləyib. Səfir  həmçinin müsahibəsində rusiyalı sərhədçilərin sərhəddə olmasını yada salaraq, eləcə də Rusiya sülhməramlı qüvvələrinin mövcudluğunu nəzərə alaraq, Fransa hərbçilərinin yerləşdiriləcəyi təqdirdə regionda yeni təhdidlərin olacağını deyib.

Bundan əlavə, RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib ki, “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı olaraq qalır. Ona BMT mandatı verməyə ehtiyac yoxdur”. İliçev bunu belə izah edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında Rusiya sülhməramlılarının fəaliyyət üsulları artıq müəyyən edilib: “Bu məsələdə mübahisənin iştirakçıları arasında konsensus var”, - İliçev qeyd edib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının fəaliyyəti həm Ermənistan, həm də Azərbaycan tərəfindən dəstəklənir. “Ərazinin yekun statusunun qeyri-müəyyənliyi kontekstində bu, əsas əhəmiyyət kəsb edir”, - diplomat əminliklə əlavə edib.

Yada salmaq yerinə düşər ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bölgəyə beynəlxalq sülhməramlılar gələ biləcəyini açıqlayıb. Onun fikrincə, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamaq, sülhməramlı kontingent üçün BMT mandatı almaq lazımdır, yaxud da Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərilməlidir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bir müddət əvvəl beynəlxalq sülhməramlıların cəlb edilməsi üçün münaqişənin bütün tərəflərinin razılığının vacibliyini qeyd etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan etmişdi ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun missiyaları ilə əvəzlənməsi ideyası müəyyən suallar doğurur. Rəsmi Bakı hesab edir ki, Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda monitorinq missiyası yerləşdirərkən onun “legitim maraqları nəzərə alınmalıdır”, Ermənistan isə bu missiya ilə “əməkdaşlıq edəcəyini” deyib. Bildirib ki, bu missiya vasitəsi ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq.  Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və Ermənistanda sərhəddə patrul xidməti həyata keçirəcək, qurum açıqlayıb. Beynəlxalq Böhran Qrupunun şərhçiləri hesab edirlər ki, belə bir missiyanın mövcudluğu iki ölkə arasında gərginliyi azalda bilər, amma uğurlu nəticə əldə olunması üçün missiyanın mandatı və maliyyə imkanları məhdud olmamalıdır. Bütün bu gedişata, Ermənistanın cəhdlərinə Bakının reaksiyası necə olmalıdır? Sərhədə fransız jandarmların gəlməsi gərginliyə, qarşıdurmaya səbəb ola bilərmi? Rusiya Aİ-nin missiyasının tərkibində fransız hərbçilərinin Ermənistana yerləşməsini necə qarşılayacaq?

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” -  27.09.2021, Sputnik Azərbaycan

Tofiq Abbasov

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, uzaq keçmişə ekskursiya etmək lazımdır: “Avropa hərbçilərini şərqə göndərir, kəşfiyyat aparırdılar. O vaxt dəqiqliklə ölən cihazlar yox idi, təsbehin dənələrini ata-ata müəyyən edirdilər ki, misal üçün Konya ilə Van gölü arasında hansı məsafə var. Onların vəzifəsi kəşfiyyat idi. Bundan sonra birinci dünya müharibəsinə qədər, habelə iki dünya müharibəsi zamanı fransızlar kartoqrafiyanı öz üzərinə götürdülər. Həmin metodologiya bu gün də qüvvəsini saxlayır. O 70 nəfər kəşfiyyat aparacaq, bölgənin geoloji strukturunu öyənəcək, Azərbaycanın yerləşdiyi mövqenin nədən ibarət olduğunu müəyyənləşdirəcək. Üstəlik, 70 nəfərlik fransız xüsusi təyinatlısı gəlirsə, deməli, növbəti təxribatları hərəkətə gətirəcəklər. Onlar xoş niyyətlə gəlmirlər. Əgər xoşniyyətli olsaydılar, hərbçi göndərməzdilər”. Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edir, Ermənistan göründüyü kimi başqa davranışlar sərgiləyi: “Fransadan olan jandarmların göndərilməsi Rusiyanın da ürəyincə deyil. Biz əvvəllər qeyd edirdi ki, Cənubi Qafqazda Rusiya, Çin, ABŞ, Qərb maraqları var. İndi faktiki bu maraqlar toqquşur. Amma Azərbaycanın öz strategiyası mövcuddur. Hətta 70 yox, 700 fransız jandarmı göndərilsin xalqımızın əzmini qırmaq mümkün deyil. Azərbaycan istənilən təxribatın qarşısını almağa hazırdır, bunun üçün peşəkar ordumuz, silah-sursatımız, yetərli gücümz var”.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, 70 fransız jandarmının sərhədə gəlməsi simvolik xarakter daşıyır. Onun fikrincə, say etibarı ilə onların təsir ikanları sıfıra yaxındır. Bununla belə N.Cəfərli hesab edir ki, postPutin dönəminə hazırlıq gücləndikcə Qərb ölkələri regionda aktivləşməyə başlayır: “Rusiyanın Ermənistanla tarixi münasibətlərini nəzərə alsaq, indi boşalacaq yeri Fransa tutmağa çalışır. Təbii ki, Fransanın bu siyasəti həm də Azəbaycana qarşı addımdır. Bakının Böyük Britaniya ilə yaxınlığı Fransanı qıcıqlandırır. Eyni zamanda, Fransa jandarmalarının Rusiyanın nəzarətində və hərbi bazasının olduğu ölkədə yerləşməsi, üstəlik, onların içərisində kəşfiyyatçılar olması Rusiyanı qətiyyən məmnun edə bilməz. O deməkdir ki, Rusiya-Ermənistan əlaqələri gərginləşəcək”. N.Cəfərli Azərbaycanın bölgədə yaranmış bu gərgin münasibətlərdən istifadə etməli olduğunu düşünür: “Kifayət qədər qəliz oyunlar gedir və Azərbaycan səhv etmədən siyasət yürütməlidir. Xüsusən də bölgədə logistika daha böyük əhəmiyyət kəsb edəcək. Faktiki olaraq, rusların yerinə onlar nəzarət etmək istəyir. Azərbaycan isə Britaniya, ümumilikdə anqlosakson dünyası ilə əlaqələri gücləndirməlidir. Hazırda fürsətlərin açılacağı məqam yetişir və bu situasiyada Rusiyadan istəklərimizi artıra bilərik”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR