İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistan üçün “kupça” ala bilməsə...

İnqilabi proseslər adətən inqilabi sürətlə baş verir. Daha həftələrlə, aylarla, illərlə sürmür. Necə ki, 2018-ci ilin yazında Nikol Paşinyan qısa zamanda buna nail oldu. Çünki hakimiyyəti zorla qamarlamış Qarabağ klanının qurduğu xunta rejimi 20 ilin tamamında (1998-2018) öz daxili dayaqlarını faktiki itirmişdi. Əksəriyyət ondan cana doymuşdu.

Hərçənd Xocalı hərbi caniləri Robert Köçəryan və Serj Sərkisyan ilk baxışda “miatsum”la bağlı maksimuma nail olmuşdular. Azərbaycan torpaqlarının 20%-i işğal edilmişdi. Nəticə etibarilə bu quldur-cəlladlar erməni toplumunun gözündə az qala, mifik “milli qəhrəman” kimi idilər. Ancaq çox bel bağladıqları yeni status da cinayətkar tandemi xilas etmədi. Haylar onlardan kütləvi üz döndərib Paşinyanın dalınca getdilər. “Məxməri inqilab” reallaşdı.

Hələ harasıdır, 44 günlük müharibədə acınacaqlı məğlubiyyətdən sonra keçirilən erkən parlament seçkilərində (2021) erməni xalqı məğlub baş nazirin Paşinyanın partiyasını təzədən qalib elədi. Özü də parlamentdə mütləq səs çoxluğu ilə. Bu da Qarabağ klanının “kitabının” həmişəlik bağlanması anlamına gəlirdi...

Maraqlıdır ki, inqilab sonrası keçirilən bütün sorğularda, o cümlədən 2-ci Qarabağ savaşından sonrakı plebissitlərin hamısında Paşinyan və hökumətinin reytinqi radikal müxalifətinkini daim üstələyib. Dəfələrlə. Doğrudur, son illər Nikolun reytinqi düşüb. Amma radikal-revanşistlərin ondan da çox düşüb və yekunda nisbət dəyişməyib. Çünki köhnə rejimə nifrət aşağı-yuxarı yerindədir.

Bunu Ermənistan baş naziri də bilir və o üzdən rahat və arxayındır, “daşlaşmış” gerçəklikdən məharətlə istifadə edir. O sırada “kitabı bağlanmış”ların qabağa verdiyi keşiş Baqrat və dəstəsinə münasibətdə iqtidar “yumşaq güc” hesabına sabitliyi məharətlə nəzarətdə saxlayır...

Görünür erməni ekspert Ovannes Avetisyan da bu və digər amilləri ciddiyə aldığı üçün deyir ki, Ermənistanda müxalifətin mitinqlərinə 100 mindən çox insan toplaşsa belə, hakimiyyət dəyişikliyi olmayacaq. Onun əminliyinə görə, hakimiyyət dəyişikliyi Nikol Paşinyanın güclü olduğuna görə yox, müxalifətin çox zəif olması səbəbindən baş tutmayacaq.

Bəs müxalifət niyə zəifdir?

Əsas səbəbə yuxarıda toxunuldu – 2020-ci il savaşından sonra da əhalinin ona azalmaq bilməyən nifrət və qəzəbi. Ötə yandan 44 günlük müharibədə məğlub olan ən əvvəl elə həmin müxalifət idi - keçmiş iqtidar və xunta rejimi, Qarabağ klanı. Paşinyan cəmi 2 ilə (2018-2020) ordu qura bilməzdi ki. Necə ki, 4 ildir qura bilmir...

Məsələ həm də ondadır ki, köhnə xunta rejiminin, yaxud hazırkı müxalifətin “böyük Ermənistan” ideyası “Dəmir yumruq”dan sonra tam iflasa uğrayıb, “miatsum” və status isə gorbagor olub. Beləcə, radikal müxalifətin öz xalqına deyəcəyi yeni heç bir sözü yoxdur, qalmayıb. Düz-əməlli konstruktiv gündəlik və proqramları, ağlabatan vədləri də elə.

Bəyəm bu kriminal dəstə sülh gündəliyi nədir bilirmi ki? Onlar mahiyyət etibarilə “müharibə partiyası”, terror təfəkkürlü təxribatçı ünsürlər. Artıq gün kimi aydındır ki, erməni xalqı bunlardan nə qədər uzaq dursa, bir o qədər başı dinc olar...

Düzdür, Paşinyan da “ətəyində namaz qılınası” erməni deyil. Amma yenə o, öz soydaşlarına konkret gündəm təqdim edir. Onları “xəyali Ermənistan”dan imtina edib “real Ermənistan” qurmağa çağırır. Erməni kilsəsi daxil, müxalifət də bu ideyanı - yeganə xilas formulunu dəstəkləyirmi?

Əsla. Radikallar bədbəxt soydaşlarını yenə müharibəyə, silaha sarılmağa, qırğına çağırır. Bu dəfə “real Ermənistan” adlı simvolik dövlətin də sonunu gətirəcək bir müharibəyə. O halda sərhəd dirəkləri həqiqətən İrəvanda quraşdırılacaq.

Yox, Nikol Vovayeviç ən praqmatik erməni olaraq, onları qabaqlayıb bu il sülh müqaviləsi imzalasa, hesab edin ki, Ermənistan üçün Bakı və Ankaradan “kupça” ala bilib. Ondan sonra odioz radikal-revanşistlərin ölkədən qaçması yalnız zaman məsələsinə çevriləcək...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR