Onlayn ictimai-siyasi qəzet
“Müstəqillik” əldə edəndən Ermənistanın dörd rəhbəri olubdur. Güman, oxucu mənimlə razılaşar ki, Paşinyan əvvəlki üç erməni liderindən ciddi şəkildə fərqlənir. Bəli, o, cəllad Köçəryana və Sərkisyana bənzəmir, hətta Levon Ter-Petrosyana da oxşamır.
Sonuncu da bir ara bir az praqmatik olmağa çalışdı, amma bacarmadı və çəkilib yerində oturdu, bir alim kimi Matenadaranda tədqiqatlar aparmağa başladı. Mən hələ onu demirəm ki, bizim torpaqlarımız məhz Levon Ter-Petrosyanın vaxtında işğal olunmuşdu.
Cənubi Qafqaz respublikaları müstəqilik və suverenlik uğrunda çarpışanda Levon Ermənistan Milli Konqresinin lideri və ümumiyyətlə, erməni milli azadlıq hərəkatının başçısı kimi onlara heç bir dəstək göstərmədi, Kremlin dediyi ilə oturub durdu ki, Moskva Dağlıq Qarabağı Ermənistana versin!
Bizim indi ləğv etdirməyə çalışdığımız erməni konstitusiyasındakı və “müstəqillik bəyannaməsində”ki Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları və təhdidlər də məhz onun vaxtında qəbul olunmuşdu, məhz onun dövründə erməni qanunvericiliyində Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi elan olunmuşdu.
Levon sonrakı illərdə də heç bir konstruktivlik və praqmatizm nümayiş etdirmədi. O vaxt danışıqlarda iştirak edən Azərbaycan rəsmiləri belə bir detalı xatırlayırdılar ki, Bakı Dağlıq Qarabağa Tatarıstanın statusunu verməyə hazır olduğunu deyəndə Ter-Petrosyan heyrətlə soruşmuşdu ki, məgər siz bunu edərsiniz? Amma sonradan Kreml əhli onun qulağına nə pıçıldamışdısa, o, hətta Azərbaycanın belə təklifini də qəbul etməmişdi...
Bəli, bir daha deyirik ki, Nikol bu üç erməni liderinin hamısından fərqlənir. Əlbəttə, İkinci Qarabağ savaşına qədər bir Paşinyan vardı, indi isə tamam başqa bir Paşinyan. Hətta onu da etriraf edirik ki, Paşinyan hələ də ziddiyyətli bəyanatlar verməkdə, “bir addım irəli, iki addım geri” atmaqda davam edir. Amma o, yenə də öz vətəndaşlarının psixologiyasını, ən başlıcası isə, onların Azərbaycana və ümumiyyətlə, türklərə qarşı münasibətini dəyişmək istəyir.
Bu adam deyir ki, biz ya “tarixi Ermənistanı”, ya da vətəndaşlarının rifahı özünün ən böyük ideyası olan real Ermənistanı qəbul etməliyik. Bu adam bir neçə dəfə deyib ki, bizim heç bir qonşu ölkəyə qarşı ərazi iddiamız yoxdur.
Elə bugünlərdə bəyan etdi ki, Azərbaycan Ermənistan üçün heç bir təhlükə törətmir. Hətta dəhlizlə bağlı da belə bir detala diqqət çəkdi ki, Azərbaycan guya dəhlizi İrandan çəkməyi düşünür, amma İrəvan daha sadələşdirilmiş şərtlər təklif edə bilər...
Bir sözlə, Nikol Paşinyan nəsə etməyə çalışır. Amma hələ ki bunu bacarmır və ona görə də bəzən çox ziddiyyətli bəyanatlar verir və özü-özünü inkar edir...
Səbəbi də budur ki, ermənilər passiv (hələ ki!) şəkildə ona müqavimət göstərirlər.
Amma irəliləmələri-geriləmələri nəzərə almasaq, Paşinyan yenə də qərbçi siyasət yürütməyə çalışır. Bilirsiniz, Ermənistanın Rusiyaya bağlılığının özü maraqlı bir fenomendir. Dəfələrlə yazmışıq ki, bu vaxta qədər İrəvanı Rusiyanın orbitində saxlayan Dağlıq Qarabağ problemi idi - indi bu, yoxdursa, deməli, Rusiyaya sədaqət də yoxdur.
Həm də bizə daim elə gəlibdir ki, Ermənistan bu vaxta qədər bir ölkə kimi Moskvaya bağlı olub, əhali isə daim Qərbə can atıb.
Məsələn, bugünlərdə oxudum ki, Ermənistanda rusdili vacib predmetlərin siyahısından çıxarılıb. Müqayisə üçün deyək ki, bəzi postsovet ölkələrində, məsələn, Mərkəzi Asiyada belə deyil. Sonuncuların liderləri qürurla deyirlər ki, onların ölkəsində rus dilinin çəkisi yenə də artır, hətta bunu Rusiyanın yüksək çinli insanları ilə danışıqlarda xüsusi olaraq qabartmağa çalışırlar.
Hətta cəmiyyətin özündə də rusdilli olmaq hələ də “elitarlığın” bir əlaməti hesab olunur. Bu azmış kimi, gənclər işə düzələrkən onlardan rus dilini bilmək tələb olunur!
Səhv etmiriksə, Ermənistanda bunların heç biri yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, hayların Rusiyadan qopması heç də ən azı humanitar baxımdan ağrılı və məşəqqətli proses olmayacaq. Ən başlıcası isə Kremldə hələ də belə hesab edirlər ki, Ermənistan-Rusiya münasibətlərində suyu bulandıran guya N.Paşinyandır. Amma bizə elə gəlir, hətta Nikol hakimiyyətdən getsə belə, onun yerinə daha keçmiş kriminal Dağlıq Qarabağ klanının təmsilçiləri gəlməyəcək.
Azərbaycana münasibətə gəldikdə isə daha qatar gedib, bir daha ermənilər üçün keçmiş qayıtmayacaq - elə Nikol da ziddiyyətli şəkildə olsa da, həmvətənlərinə məhz bunu başa salmaq istəyir...
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ