Onlayn ictimai-siyasi qəzet
"İstisna etmirəm ki, 4 kəndi verməsək, Azərbaycan hücuma keçə bilər".
Bizim.media xəbər verir ki, bunu martın 27-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, azərbaycanlılar bu barədə açıq danışıblar.
Spikerin fikrincə, sərhədin çəkilməsinə Tavuşdan başlamaq ən düzgün addımdır, çünki orada mübahisəli ərazilər xeyli azdır:
“Düşünürəm ki, bu proses nəticəsində biz sərhədin tam konturunu əldə edəcəyik. Bu bölgədə ümumiyyətlə, heç bir ciddi mübahisə yoxdur. Qalan ərazilərlə bağlı isə mübahisələr var”.
Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyandan sonra parlamentin sədri Alen Simonyan da eyni cümləni işlədərək Ermənistanın 4 kəndi qaytarmayacağı halda Azərbaycanın müharibəyə başlayacağını bildirib.
Bəs Ermənistan rəhbərliyinin bu cür açıqlamalar verməyə vadar edən nədir?
"Deyəsən başda baş nazir olmaqla hökumət üzvləri və parlament sədri qapalı iclasların birində sözləşiblər ki, Ermənistan cəmiyyətini mümkün müharibə ilə qorxutsunlar. Azərbaycan üçün faydalı təbliğat vasitəsidir".
Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən bildirib.
"Əsas sual tarixlə bağlıdır. Nikol Paşinyan 4 kəndi hansı tarixdə Azərbaycana qaytarmağı planlaşdırır? Aydındır ki, bundan öncə Paşinyan müdafiə nazirinə əmr verməlidir ki, ordu bölmələrini həmin kəndlərdən çıxarsın. Bunu həyata keçirməklə bərabər geri çəkildikdən sonra ordu bilrlikləri Ermənistan ərazisində yeni mövqelər müəyyənləşdirməlidirlər. Paşinyan bu işləri uzatmamalıdır. Zaman onun əleyhinə işləyir. O, aprelin 5-də Brüsselə gedəcək. Səfərdən əvvəl və ya sonra ən başlıcası aprel ayında bu məsələ həllini tapmalıdır. Nikol Paşinyanın Kəlbəcər və Ağdamın boşaldılması nümunəsində olduğu kimi rəsmi Bakıdan 4 kəndi boşaltmaq üçün zaman istəyə biləcəyi də istisna deyil. Kəlbəcərdə ermənilər çıxmalı idilər, Qazaxa bitişik 4 kənddə isə ermənilər yaşamır", - deyə politoloq qeyd edib.
Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyana çox vaxt verilə bilməz. Belə ki, Paşinyanın 4 kəndin qaytarılmasıyla bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücünün artmasına da şərait yaradır.
Xalidə Gəray
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ