Onlayn ictimai-siyasi qəzet
Türkiyə Böyük Millət Məclisinin sədr müavini, DEM Partiyasının İstanbul millət vəkili olmuş və bir müddət əvvəl vəfat edən Sırrı Süreyya Öndərin avtomobilində suiqəst məqsədilə “düzənək” (yəni partlayıcı qurğu) yerləşdirilməsi ilə bağlı iddialara DEM Partiyasından rəsmi açıqlama verilib.
Musavat.com partiyanın məlumatına əsasən yazır ki, 2 aprel 2025-ci il tarixində Sırrı Süreyyanın avtomobilində şübhəli mexanizm – texniki baxımdan partlayıcı qurğu ola biləcək bir düzənək aşkarlanıb. Bu barədə hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib və hadisə ilə bağlı təhqiqat başladılıb.
DEM Partiyasının açıqlamasında deyilir:
“Sırrı bəyin həyatı boyunca maruz qaldığı təhdidlərin bu səviyyəyə gəlib çıxması bizi dərindən narahat edir. Hadisənin hərtərəfli araşdırılması və arxasında duran şəxslərin cəzalandırılması üçün hüquqi prosesi diqqətlə izləyəcəyik.”
Hadisənin Sırrı Süreyya Öndərin vəfatından qısa müddət əvvəl baş verməsi əlavə suallar doğurub. Partiya və onun tərəfdarları məsələ ilə bağlı ictimaiyyətə daim məlumat veriləcəyini bildiriblər.
Xatırladaq ki, Sırrı Süreyya Önder 2025-ci ilin aprel ayında vəfat edib.
Musavat.com olaraq qeyd edək ki, Sırrı Süreyya Önder terror təşkilatı olan PKK-ya yaxınlığı ilə tanınırdı. PKK-nın siyasətdəki uzantısı sayılan DEM Partiyanın önəmli simalarından biri olub. Etnik mənsubiyyəti türkmən olsa da, o, öz xalqının deyil, əsasən kürdlərin separatist meylli maraqlarını və mənafelərini təmsil etməyi üstün tutmuşdu. Bu səbəbdən də Türkiyənin milliyyətçi kəsimi tərəfindən ona çox zaman “vətən xaini” kimi münasibət göstərilib.
Sırrı Süreyya Önder eyni zamanda Türkiyə Cümhuriyyətinin konstitusiya əsaslarını dəyişməyə yönəlmiş radikal fikirləri ilə də gündəmə gəlib. Lakin son illərdə onun mövqeyində və fikirlərində bəzi dəyişikliklər, yumşalmalar müşahidə olunurdu.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ