İnsanlara hürriyət, millətlərə istiqlal!

Parovozun qabağında qaçan Paşinyan – Konstitusiya dəyişikliyi 2027-yə qalsa, Ermənistan qalmayacaq!

Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi məsələsində özü üçün xəyallar, “yol xəritəsi” qurub. Gah Bakı ilə sülh sənədini günü bu gün imzalamağa hazır olduğunu deyir, gah da konstitusiya dəyişikliyinə gələn il də yox, 2027-ci ildə gediləcəyini bildirir. Halbuki imzalanmağa əsas əngəl elə Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan konstitusiyasıdır.

Paşinyan isə hələ də inad edir ki, ölkəsinin “Əsas Qanun”u sülh müqaviləsinin imzalanmasına mane deyil, çünki onun zənnincə, sülh sənədi mətnindəki bəndlərdən biri ərazi iddiasını mümkünsüz edir. Bu zaman ən azı, belə bir reallığı unudur ki, sülh müqaviləsi konkret rəsmi şəxslər tərəfindən təsdiqlənmiş sənəddirsə, konstitusiya xalqın təsdiqlədiyi sənəd sayılır. Yəni onlar fərqli hüquqi qüvvəyə, gücə malikdir. Məhz bu səbəbə müqavilənin uzunömürlü olması üçün onun yerli konstitusiyalara uyğun olması şərt!

İkincisi, məntiqlə Ermənistanın Azərbaycana rəsmən ərazi iddiası yoxsa, onda nədən onun konstitusiyasında “Dağlıq Qarabağ”la bağlı istinadın götürülməsini erməni tərəfi bunca ağrılı qarşılayır? Ermənistanın Müstəqillik Aktında və konstitusiyasında niyə “Dağlıq Qarabağın” adı çəkilməlidir? Məgər Azərbaycan Konstitusiyasında indiki Ermənistanın hər hansı ərazisinin və ya şəhərinin, o cümlədən qədim Türk yurdu İrəvanın adı keçir?

Beləcə, Paşinyan parovozun qabağında qaçan qeyri-ciddi, qeyri-adekvat adam təəssüratı yaradır...

Bu xüsusda erməni politoloq Beniyamin Poqosyan Paşinyandan daha “insaflı” görünür. Poqosyana görə, sülh müqaviləsi 2026-cı ilin ortalarından tez imzalanmayacaq (Teleqraf.com).

Onun sözlərinə görə, sazişin imzalanması Ermənistan konstitusiyasının dəyişdirilməsinə bağlıdır, çünki bu, Azərbaycanın əsas tələbidir. “Konstitusiya layihəsi yalnız 2026-cı ilin yay-payız aylarında referendum üçün hazır olacaq. Ermənistan hakimiyyəti seçkilərdə sülh sazişinin razılaşdırılmış mətnini və yeni konstitusiya layihəsini seçicilərə təqdim edəcək. Nikol Paşinyan hökuməti bunu sülh və müharibə arasında seçim kimi təqdim etməyə çalışacaq, yəni onlar seçilsə və sonra yeni konstitusiya qəbul olunsa, o zaman sülh şansı yaranacaq, amma başqa qüvvə qalib gəlsə, müharibə ehtimalı xeyli yüksək olacaq”, - Poqosyan iddia edib.

(Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək)...

“Reallıq var, Azərbaycan hər cəhətdən Ermənistandan güclüdür, bu gün o tərəfə asqırmaq belə mümkün deyil”.

Bunu isə kapitulyant ölkənin keçmiş müdafiə naziri Arşak Karapetyan deyib.

O, Prezident İlham Əliyevin ölkəsini beynəlxalq arenada güclü oyunçuya çevirdiyini də etiraf edib. “Ərdoğanın dövründə Türkiyənin beynəlxalq uğurlarını sadalamaq istəmirəm. Türkiyənin statusu bir neçə pillə yüksəlib və bu gün bunlar nəzərə alınır. Eyni şey Əliyevə də aiddir. Sovet Azərbaycanı demək olar ki, silah istehsal etmirdi. Ancaq bu gün onların hərbi-sənaye kompleksi regionun ən yaxşılarından biridir. Mən hələ neft-qaz sənayesinin inkişafını, Azərbaycan xalqının təhsil səviyyəsini, sosial təminatını demirəm. Reallıq belədir”, - Karapetyan bildirib.

Erməni general ardınca maraqlı bir ifadə də işlədib: “Bu gün Ermənistandan Azərbaycana tərəf asqırmaq belə mümkün deyil”.

Elə isə nəyi gözləyirlər? Ermənistanın silahlanma yarışında Azərbaycanı üstələməsi mümkün deyil, olmayacaq. İqtisadi, təbii və İnsani resurslar baxımından da o, ölkəmizlə ayaqlaşmaq iqtidarında deyil, olmayacaq. Yerli hərbi sənayemizin inkişaf tempi nəzərə alınarsa, heç mümkün deyil...

Qısası, Paşinyan parovozun qabağında qaçmağı dayandırmalıdır. Yəni mənasız ritorikaya son verib nəhayət, ciddi işlə məşğul olmalı, öncəliklə də böyük sülhə əsas əngəli aradan qaldırmalıdır. Konstitusiya dəyişikliyini iki il (!) uzatmağın zərbəsi ilk növbədə Ermənistana dəyəcək. Bu işi gələn il də yox, məhz 2025-də bitirmək lazımdır.

Məsləhətdir ki, tələsəsiniz, cənab haylar. Konstitusiya dəyişikliyi 2027-yə qalarsa, ona kimi Ermənistan qalmaya bilər. Əgər İrəvanda xəyal edirlərsə ki, zaman onlara işləyir, yanılırlar. Həmişəki kimi...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR