İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin növbədənkənar sessiyası başa çatdı, deputatlar tətilə getdilər

Sahibə Qafarova: “İnanıram ki, görülmüş işlər gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaradıb”

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyasının son iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi.

Deputat Fazil Mustafa cari məsələlərdən bəhs edərkən bildirdi ki, Azərbaycanın əksər ucqar bölgələrində, eləcə də Naxçıvanda vəkil çatışmazlığı var: “Bunun da bir səbəbi var. Qanunda qeyd olunur ki, vəkilin üç illik stajı olmalıdır. Bu tələb çox absurddur. Türkiyədə belə bir müddəa yoxdur. Ona görə də bu müddəa aradan qaldırılmalıdır ki, vəkil çatışmazlığı aradan qaldırılsın. Heç olmasa imtahana girənlər üçün bir illik staj qeyd olunmalıdır”.

Deputat bildirdi ki, vəkilliyə qəbul asanlaşdırılmalıdır: “Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

Deputat Ceyhun Məmmədov Ermənistanın aqressiv siyasətindən bəhs etdi. Onun sözlərinə görə, proseslərin təhlili göstərir ki, müharibə bitsə də, Ermənistanın ölkəmizə qarşı təxribatları müharibədən əvvəlki dövrdə olduğu formada və bir az da kəskin şəkildə davam edir və hələ uzun illər davam edəcək: “Bu gün də Ermənistanın xarici siyasətində Qarabağ mövzusu prioritet məsələ olaraq qalır. Bu gün də Ermənistan Azərbaycan əleyhinə yalan və saxta təbliğatı davam etdirir. Davamlı olaraq Ermənistan Azərbaycanı təcavüzdə, Qarabağda humanitar böhran yaratmaqda ittiham edir. Hətta Ermənistan bu fəal siyasəti bir sıra müsəlman ölkələrində də sistemli şəkildə aparmağa çalışır”.

Milli Meclis: Milli Məclisin növbədənkənar sessiyası başlanıb

Deputat Əli Məsimli ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədəki məsələlərdən bəhs etdi. Onun sözlərinə görə, iyulun 11-də Prezident İlham Əliyevin çıxışı göstərdi ki, ölkəmizin iqtisadi imkanlarının artması ciddi addımların atılmasına, o cümlədən qarşıdakı iqtisadi hədəflərə nail olmaq üçün mühüm imkanlar yaranıb: “Qarabağ və Şərqi Zəngəzura 12 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin vəsaitdən böyük şəffaflıq və qənaətlə istifadə olunacaq. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər də Azərbaycan qanunlarına hörmət etməlidir. Bizim qanunlarımıza, ekoloji tələblərə cavab verməyən xarici şirkətlərin fəaliyyəti dayandırılmalıdır”.

Ə.Məsimli dedi ki, eyni zamanda inflyasiya ilə bağlı da zəruri addımların atılmasına ehtiyac var: “Çünki ikirəqəmli inflyasiya təkcə aşağı deyil, orta təbəqəyə də ciddi təsir göstərir. Düşünürəm ki, subyektiv səbəbləri aradan qaldırmaqla, inflyasiyanı təkrəqəmli həddə endirmək mümkündür”.

Deputat Razi Nurullayev onu və seçicilərini narahat edən məsələlərdən danışdı. Öncə bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib diplom verib. Ancaq deputatın sözlərinə görə, indi o müəssisələrin məzunlarının işə düzəlmək problemi var, çünki Təhsil Nazirliyi o diplomları təsdiq etmir: “Deyirlər ki, qanunsuz işləyib, qanunsuz diplom verib və sair. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onların içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar İnstitutu ki, Bakıda olub, sərhədi çıxıb-getməyə ehtiyac olmayıb. Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud iş yerində hər il stress yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstə düşdü ki... Bunlar məhv oldu ki...”

R.Nurullayev daha sonra sual etdi: “O lisenziyanı kim verib, dövlət, diplomu kim verib, dövlət, kim şərait yaradıb dövlət. Əzizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır və Təhsil Nazirliyinin yanaşması bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür. Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər. Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan. Nazirlər Kabineti bu məsələni həll edərdi məncə, Təhsil Nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq. Mən parlamentdən kömək istəyirəm!”

Deputat seçildiyi rayonun bağça problemindən də danışdı: “Mənim yaşadığım İmişli rayonu, Xəlfəli kəndinin uşaq bağçası bərbaddan da bərbad gündədir. Yapon səfirindən də xahiş etdik. Onlar o bağçanın tikintisi üçün 80 min dollar civarında pul ayırıb. Təhsil Nazirliyi deyir ki, tikilən bağçalar gərək Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun olsun. Haradan tapaq bir milyon manatı ki, bağça tikək? Onda zəhmət çəkib gedib özləri standartlara uyğun bağça tiksinlər”.

İclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunun ikinci səsvermədə müzakirəsi keçirildi. Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışı zamanı bir sıra məqamlara toxunub. “Bu qanun birinci dəfə qəbul olunanda, birinci dəfə səsverməyə qoyulanda mən 48-ci maddə ilə bağlı təkliflərlə çıxış etmişdim. Sadəcə, bilmək istəyirəm ki, mənim qaldırdığım məsələlərə qanunvericilik təşəbbüsü subyektinin reaksiyası nədən ibarət olub? Söhbət ondan gedir ki, 48-ci maddə "Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi" adlanır. Normayaratma orqanı deyəndə Milli Məclis nəzərdə tutulur" - deputat bildirib.

Milli Məclis sülhməramlılarla bağlı Rusiya parlamentinə müraciət edəcək |  Report.az

Q.Həsənquliyev qeyd edib ki, əslində norma təsdiqedən yazılsaydı, bəlkə də daha məntiqli olardı: “Burada qeyd olunub hansı sənədlər bizə təqdim olunmalıdır. Məsələn, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması, normativ hüquqi akt layihəsinə dair ekspert rəyləri. Ona görə ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 61-ci maddəsində xüsusilə qeyd olunur ki, normativ hüquqi aktların sui-istifadəyə məruz qalmasına dair ekpertiza keçirilməlidir. Yəni bu. məcburi ekspertizadır. Bundan başqa, normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılmasına dair arayışlar verilməlidir. Amma çox təəssüf, bu, normativ hüquqi akt layihəsinin normayaratma orqanına təqdim edilməsi adlanır. Öncə sadalanır və 48.6-cı maddədə deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublkasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və konstitusiya qanununun 48.3 və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır".

Müzakirələrdən sonra parlamentin növbədənkənar sessiyası yekunlaşdı. Milli Məclisin sədri Sahibə Qafarova yekun nitqi ilə çıxış etdi. Sədr bildirdi ki, həm iclasımızın, həm də növbədənkənar sessiyamızın gündəliyinə daxil olan məsələlər başa çatdı: “Sessiyanın yekunları ilə bağlı bildirmək istəyirəm ki, bu dövrdə Milli Məclisin 9 iclası keçirilmiş, 90 qanun və qərar qəbul edib. Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən dövlət siyasətini qanunvericilik sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu növbədənkənar sessiyada yerinə yetirib. Hörmətli həmkarlar, bu gün (dünən - red.) Ulu Öndərin 1969-cu ildə Azərbaycanda ilk dəfə ali hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur. Bu haqda hörmətli həmkarlarım söz açdılar. Məhz o illərdə Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoyub. Azərbaycanın başladığı bu uğurlu yol Ulu Öndərin xidmətləri sayəsində dövlət müstəqilliyi dövründə  davam etdirilib. Bu dahi şəxs, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasında daha bir xüsusi iclas keçirilib və bəyanat qəbul olunub”.

S.Qafarova qeyd etdi ki, növbədənkənar sessiya dövründə Milli Məclisdə iki dinləmə keçirilib: “Onlardan biri ölkəmizdə uşaq hüquqlarına, digəri isə Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələlərə həsr edilib. Eyni zamanda qeyd edim ki, sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. İyun ayının 6-dan bu günə qədər, yəni bir ay 8 gün ərzində Milli Məclisin 39 deputatı 16 xarici ölkəyə 51 səfər həyata keçirib. 7 xarici ölkənin və 3 beynəlxalq təşkilatın nümayəndə heyətləri Milli Məclisdə qəbul edilib. Həmçinin bizim deputatlar Özbəkistanda keçirilmiş Prezident seçkilərini müşahidə edib. Bildiyiniz kimi, Milli Məclis sədrinin Avstriya Respublikasına rəsmi səfəri olub və mən bu barədə sizə məlumat vermişdim. Hörmətli həmkarlar, inanıram ki, həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlər gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaradıb. Mən səmərəli fəaliyyət üçün sizin hamınıza təşəkkür edirəm. Hörmətli deputatlar, Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edirəm”.

Dövlət Himninin oxunmasından sonra deputatlar tətilə yollandılar.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR