İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdən Fransaya kəskin etirazlar

Milli Məclisdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilərək qəbul edildi

Dekabrın 20-də Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında Fransanın qərəzli siyasətindən bəhs etdi. “Heç kimin ixtiyarı yoxdur ki, bəşəri dəyərləri özününküləşdirsin” - deyən komitə rəhbəri bildirdi ki, Fransa  demokratik dəyərləri pozur: “Fransa özünü Avropa ölkəsi kimi aparsa da, bu gün separatçılara dəstək verir. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldıracağıq, ikili standartları görürük. Bu gün Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan öz sözünü deyəcək. Fransanın bütün hərəkətləri qınanmalıdır”. S.Seyidov bildirdi ki, Fransa bu gün Korsikada insanlığa qarşı siyasət yürütməkdədir: “Bu ölkədə insanların öz dillərində danışmağına icazə verilmir.  Bu, Avropanın demokratik dövləti olan Fransa üçün utancvericidir və bu məsələyə susmaq olmaz. Bu barədə beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq”.

Deputat Sahib Alıyev Laçın yolunda aksiya keçirən vətəndaş cəmiyyətinin üzvlərinə təşəkkür etdi. Bildirdi ki, aksiyanın mahiyyəti Fransa kimi dövlətlər tərəfindən düzgün qiymətləndirilmir: “Bir dövlət ki, öz ərazilərindən minlərlə kilometrlərindən kənarda olan əraziləri öz torpağı sayırsa, Cenevrə Konvensiyasını pozursa, ondan hər cür haqsızlıqları gözləmək olar”.

Musa Qasımlı dedi ki, Fransa kimi Avropa dövlətinin təxribatçı çıxışlarına birlikdə cavab vermək lazımdır: “Bununla əlaqədar beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq. Fransa öz qanlı tarixinə baxmalıdır, demokratiyadan, azadlıqdan danışa bilməz. Fransa kimi dövlət Azərbaycana heç bir şey öyrədə bilməz, Azərbaycan özü öyrədən dövlətdir”.

 Elman Nəsirov Fransanı Korsikaya qarşı təcavüzkar siyasətdən imtina etməyə, həmçinin beynəlxalq təşkilatları Fransanın siyasətinə reaksiya verməyə çağırdı.

“Onsuz da aydın idi ki, Fransa, Yunanıstan və Ermənistana yaxın olan ölkələr Azərbaycana qarşı hansı mövqeyi tuturlar”.

Deputat Tural Gəncəliyev isə diqqəti Avropa Parlamentinə çəkdi. Bildirdi ki, həmişə Avropa Parlamentdə Azərbaycana qarşı qərəzli mövqe tutan deputatlar Ermənistandan aldıqları pul müqabilində Azərbaycan əleyhinə sənədlər qəbul edib, danışıblar: “Son günlər Avropa Parlamentində açığa çıxan korrupsiya faktları da ondan xəbər verir ki, erməni iş adamları Avropa Parlamentinin binasında oturub, Avropa deputatlarını pul müqabilində Azərbaycana qarşı işə cəlb edirlər”.

 Kamal Cəfərovun sözlərinə görə, Avropa İttifaqı başa düşməlidir ki, onlar üçün təbii qaz və yaşıl enerji nə qədər vacib və müqəddəsdirsə, bizim üçün də Qarabağdakı təbii sərvətlərimiz bir o qədər strateji və müqəddəsdir. Odur ki, Avropa İttifaqı ölkələri evlərini isti saxlamaq, hakimiyyətlərini qorumaq üçün Azərbaycanla münasibətlərini də isti saxlamalı, bütün haqlı siyasi məqamları nəzərə almalıdır: “Ona görə biz də Avropa İttifaqından müdrik addımlar, soyuq başla qərar vermələrini gözləyirik. Onların bizim ekoloji aktivistlərin çağırışlarına qoşulmasını gözləyirik. Bu gün hər birimizin ürəyi Laçın-Xankəndi yolundakı ekoloji aktivistlər, vətəndaş cəmiyyəti nümayəndələrinin ürəyi ilə döyünür. Hər birimiz axşam yatanda, sübh tezdən qalxanda birinci növbədə Laçın-Xankəndi yolundakı vəziyyətlə maraqlanır, gözləyirik ki, bizim haqlı tələblərimiz yerinə yetirilib, ya yox”.

İclasda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənildi. Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim etdi.

B.Muradova bildirdi ki, 2021-ci ildə respublikada qadınlara qarşı zorakılıqla müşayiət olunan 2197 cinayət qeydə alınıb: “Bu cinayətlərin 20%-i və yaxud hər beşincisi qısqanclıq və sair ailə-məişət münaqişələri səbəbindən baş verib. Qeyd etməliyəm ki, cinsi zorakılıqla bağlı dünyada da artım müşahidə edilib. Ötən illə müqayisədə 2021-ci ildə ölkəmizdə zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə verilmiş mühafizə orderlərinin sayı artıb. Ailə münaqişəsi zəminində görülən operativ сavab tədbirləri ilə 10.600 hüquqazidd əməlin qarşısı alınıb. Məişət zorakılığı ilə mübarizə sahəsində işlərin gücləndirilməsi məqsədilə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya” şöbəsi ötən il ərzində fəaliliyyətə başlayıb".

Komitə sədri bildirdi ki, 2021-ci ildə qadını nikaha daxil olmağa məcburetmənin baş verməsi ilə bağlı çoxsaylı faktlara rəğmən cəmi bir cinayət qeydə alınıb. Erkən nikahla əlaqəli olan əmələ görə 6 cinayət işinə başlanılıb: “Dövlət Komitəsinin ictimaiyyət və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə təhsildən yayınma hallarının qarşısının alınması sahəsində görülmüş tədbirlər nəticəsində 60 nəfərin (onlardan 21-i qızdır) müəyyən edilərək təhsilə cəlb edilməsi təmin olunub. 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917-dən  2021-ci ildə 1650-yə enib”. Komitə sədri deyib ki, 2021-ci ildə bu sahədə  ən yuxarı göstərici Aran iqtisadi rayonunun payına düşür, daha sonra Gəncə-Qazax, Lənkəran və Yuxarı Qarabağ iqtisadi rayonları gəlir: “Ötən illə müqayisədə Abşeron, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq-Şirvan iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında azalmaya doğru müsbət tendensiya müşahidə olunub. 2021-ci ildə cins seçimi məsələsi yenə də fokusda qalıb. Hətta 2020-ci ilə nisbətən cüzi artım müşahidə olunur. Cins nisbəti hər 100 qıza 115 oğlan təşkil edir ki, bu göstəricinin bioloji normadan yüksək olması ölkədə hələ də uşaqların doğulanadək cins seçiminə məruz qaldığını göstərir”.

B.Muradovanın sözlərinə görə,  Dövlət Məşğulluq Agentliyi tərəfindən 2021-ci il ərzində ölkə üzrə özünüməşğulluq proqramına cəlb olunmuş 16,230 nəfərdən 4400-ü qadınlardır. Sosial inklüzivlik prinsipi də qorunmaqla, 446 sağlamlığı məhdud qadın işlə təmin olunub. O qeyd etdi ki, hesabat ili ərzində kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 375 qadın sahibkara 4 milyon 310 min manat kredit ayrılıb və 3 mln. 205 min manat güzəşt edilib: “2021-2022-ci illərdə ümumilikdə 56 mindən artıq qadın fermerə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilib. Bütün bunlara rəğmən sahibkarlıq subyektləri arasında qadınların xüsusi çəkisinin az olması bu sahədə aparılan işlərin gücləndirilməsini şərtləndirir. Xüsusilə kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətlərinin müəyyənləşdirilməsi vacibdir”.

Ümumtəhsil məktəblərində isə şagirdlərin cins bölgüsü arasındakı fərq cəmi 7%-dir. Qadınlar daha çox orta ixtisas təhsilinə, kişilər isə peşəyönumü təhsilə üstünlük verirlər. Qadınlar ali təhsilin bakalavr pilləsində  51,8%, magistr səviyyəsində isə 49,7% paya malikdir.

B.Muradova qeyd etdi ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlı dövlət qeydiyyatından keçmiş 58 siyasi partiya fəaliyyət göstərir ki, onlardan 2-nə qadınlar rəhbərlik edir: “Seçki prosesinin əsas indikatoru olan Mərkəzi Seçki Komissiyasının kompozisiyasına da nəzər salmaq vacibdir. Belə ki, MSK-nın 18 üzvündən 14-ü kişi, 4-ü qadındır, onlardan 3 kişi və 1 qadın rəhbər vəzifədə təmsil olunur. 125 dairə seçki komissiyasının 1119 üzvündən 908-i kişi, 211-i qadındır”.

Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa bəzi vacib məqamlara toxundu. Xatırlatdı ki, məktəbəqədər təhsildə bir nəfər də olsun kişi cinsinin nümayəndəsi yoxdur, bu da gələcək nəsildə xarakterin formalaşmasında əlavə problemlər yaradan nüansdır.

Müzakirələrin yekununda parlament illik hesabatı qəbul etdi.

Milli Məclisdə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirib ki, ölkə əhalisinin 82 faizi internet istifadəçisidir: “Bu gün Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan qanun layihələrini müzakirə etdik. Qanun layihələri İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan işçilərə, xarici vətəndaşlara 01 yanvar 2023-cü il tarixdən 10 il müddətinə mühüm vergi, sosial və miqrasiya güzəştləri təklif edir”. T.Mirkişili dəyişikliklərin aşağıdakılardan ibarət olduğunu vurğulayıb: “1. Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri də parkın rezidentləri sayılacaq; 2. Rezident şəhadətnaməsi alan "sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi" fəaliyyəti ilə məşğul olan sahibkarlar mənfəət(20%) və gəlir(14%) vergisindən tam azad ediləcəklər. 3. Bu, sahibkarlar üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan divident vergisi (10%) ləğv ediləcək. 4. Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin gəlir vergisi 01.01.2026-cı ilə qədər - 8000 manatadək 0%, 8000 manatdan çox olan hissəsi 5% (hazırda 14%), 01.01.2026-cı ildən isə 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək; 5. İşçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli (1200 man) miqdarından ya da muzdlu işdən əldə edilən gəlirlərdən indiki qaydada davam edərək ödəyə biləcəklər. 6. Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq; 7. Əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər".

T.Mirkişili qeyd etdi ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) mütəxəssislərinə tələbat təxminən 20 min nəfərə yaxındır. Bu baxımdan qəbul olunacaq qanun yeni mütəxəssislərin yetişdirilməsi, mütəxəssislərin ölkədə qalması və yaxud əcnəbi mütəxəssislərin cəlb edilməsi üçün geniş imkanlar yaradacaq:  “Təklif edilən dəyişikliklər İKT sahəsində digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadi mühitini ən cəlbedici edəcəkdir. Hesab edirik ki, bu yeni mühit ölkəmizdə İKT sahibkarlığını inkişaf etdirəcək, İT mütəxəssislərin isə inkişafına dəstək olacaq”.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olundu. Layihə İKT sahəsində çalışanlara vergi güzəştlərinin tətbiqini nəzərdə tutur.

Milli Məclisdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirə olundu. Layihə İnformasiya Texnologiyaları (İKT) sahəsində çalışanlara vergi güzəştlərinin tətbiqini nəzərdə tuturdu.

Deputat Qüdrət Həsənquliyev söz alaraq bildirdi ki, kütləvi şəkildə vergi güzəştlərinin tətbiqinin əleyhinədir: “Həmkarım Razi Nurullayev çox emosional vəziyyətdə qeyd elədi ki, bu layihəni çox sevinclə qarşılayır. Amma bu layihə sosial ədaləti pozur”. Deputat dedi ki, qanun layihəsindən belə çıxır küçəni süpürən və 500 manat maaş alan insan vergi ödəyəcək, amma informasiya texnologiyası mütəxəssisi 8 min manata qədər maaş alacaq, gəlir vergisini isə ödəməyəcək: “Bunun maaşını qaldırmağa ehtiyac var. 8 min almasın, 10, 15, 20 min manat alsın. Dünyanın hər yerində çox qazanan daha çox vergi ödəyir. Bizdə isə sanki bunun əksi baş verir. Biz bu layihəni geri qaytarmalıyıq. Mən büdcə müzakirələrində də dedim. Bu məsələnin üzərində ciddi düşünmək laızmdır. Azərbaycanda faktiki surətdə son zamanlar o qədər vergilərdən və rüsumlardan azadetmələr nəzərdə tutulub ki, büdcəyə çatmalı olan təqribən 7-8 milyard manatı biz ayrı-ayrı fiziki və hüquqi şəxsləri vergi və gömrük rüsumlarından azad etməklə itiririk. Bu tendensiya da davam edir. O zaman büdcəyə kim pul verməlidir? Dediyim kimi, 300, 400, 500 manat maaş alanlar? Bu baxımdan, mən hesab edirəm ki, yanaşma düzgün deyil, sosial ədaləti pozur, konstitusiya ilə ziddiyyət təşkil edir. Bizdə konstitusiyaya görə qanunlar bərabər mənafelərə bərabər münasibət ifadə eləməlidir. Deputat dedi ki, sadaladığı arqumentlərə əsasən, bu layihənin əleyhinədir: "Həmkarlarımı da çağırıram ki, əleyhinə olsunlar. Hesab edirəm ki, ikinci oxunuşa qədər müvafiq icra hakimiyyəti orqanı ilə bu məsələ təkrar müzakirə olunmalıdır".

Elşad PAŞASOY,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR