İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə Qərbi Azərbaycanla bağlı dinləmələrdə ilginc

Tarixi ərazilərimizlə bağlı əsaslı faktlar açıqlandı; “1918-ci il mayın 29-da qərar qəbul edilərkən Azərbaycan xalqının mövqeyi nəzərə alınmayıb”

Sentyabrın 25-də Milli Məclisdə “Qərbi Azərbaycana Qayıdış: hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlar, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak ediblər.

Birinci vitse-spiker, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə sözügedən mövzuda keçirilən dinləmələrin əhəmiyyətindən bəhs edib.

Tədbirə çıxış edən Baş prokurorun müavini Elmar Camalov bildirib ki, 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib: “Zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmışdır. Eyni zamanda 15 nəfər şəxsin isə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən erməniəsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət almaları müəyyən edilib, həmin şəxslər və onların qohumları müəyyən edilərək zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib”.

Deputat, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana Qayıdış: hüquqi aspektlər” mövzusunda məruzə edib.

Qərbi Azərbaycan İcması adından hər kəsi salamlayan deputat Qərbi Azərbaycana Qayıdışın hüquqi aspektlərinə həsr olunmuş ictimai dinləməyə görə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, Milli Məclisin sədri Sahibə xanım Qafarovaya təşəkkürünü bildirib, daha sonra mühüm məqamlardan bəhs edib. QAİ rəhbəri deyib ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətləri 200 il əvvəldən başlasa da, son 100 il ərzindəki cinayətləri bütün hüdudları aşıb və bu cinayətlərlə bağlı saysız-hesabsız faktlar, sənədlər, sübutlar mövcuddur: “İstər 1905-1906, istərsə də 1918-1920-ci illər soyqırımları ilə bağlı çoxlu sübutlar var ki, onların hüquqi müstəvidə araşdırılmasına çox böyük ehtiyac var. Xüsusilə 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış və 1919-cu il noyabrın 1-nə qədər fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən (3500 vərəqdən) ibarət istintaq materialları masa üzərinə yatırılmalıdır. Bu cildlərdə ermənilər tərəfindən Bakıda və Azərbaycanın digər bölgələrində, o cümlədən Qərbi Azərbaycanın Zəngəzur və digər ərazilərində müsəlman əhaliyə qarşı törədilmiş zorakılıq hallarını əks etdirən çoxlu materiallar toplanıb. 1948-1953-cü illər deportasiyasına isə hələ də hüquqi qiymət verilməyib. Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" tarixi fərmanında bu deportasiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası da yaratmışdı. Elə hesab edirəm ki, Ulu öndərin tövsiyəsi mütləq həyata keçirilməlidir. 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya və deportasiyaya məruz qalan bütün şəxslər və bütün xalqlar Stalinin ölümündən sonra respublika Ali Məhkəmələrinin qərarı ilə bəraət alsalar da, təkcə 1948-1953-cü illər deportasiyasından zərər çəkənlərə hüquqi müstəvidə bəraət verilmədi, deportasiya olunanların və onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmadı. 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənmədi. Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insanımız bədən xəsarəti aldı. 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovuldular və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruldu. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək olmaz".

QAİ rəhbəri bir vacib məsələyə də diqqət çəkib: “Bildiyiniz kimi, Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur, bu Qanun 1999-cu il mayın 21-də Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmışdır. Artıq bu gün "məcburi köçkün" anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir. Həm bu səbəbdən, həm də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğunlaşdırmaq baxımından, elə hesab edirəm ki, bu qanuna yenidən baxılmalı, “Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ” ayrıca qanun qəbul edilməlidir".

QAİ-nin Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov qərbi azərbaycanlılara məxsus onlarla dərnəyin, təşkilatın Türkiyə, Rusiya və Avropa ölkələrində fəaliyyət göstərdiyini bildirərək qeyd edib ki, QAİ onlarla da iş aparır. Həmçinin deyib ki, Azərbaycan dövləti tankla, silahla böyük qayıdışı təmin etməyəcək, burada qətiyyətli mövqeyimiz öz sözünü deyəcək.

Komitə sədri Əli Hüseynli də bildirib ki, Azərbaycana qarşı beynəlxalq səviyyədə cinayətlərə yol verilsə də, Azərbaycan bu istiqamətdə də fəaliyyətini hüquq müstəvisində həyata keçirəcək.

 BDU-nun hüquq fakültəsinin dekanı Zaur Əliyev qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilə bağlı təkliflərini səsləndirib. O, ləyaqətli qayıdışın fiziki, hüquqi və  maddi təhlükəsizliyinə əməl edilməsi zərurətindən bəhs edərək bildirib ki, BMT-nin müvafiq qurumlarını da bu prosesə cəlb etməliyik. “Əlbəttə, Ermənistan bunu öz xoşuna qəbul etməyəcək. Sülhə məcburetmə tədbirlərini dövətimiz yəqin ki, həyata keçirəcək. Sözsüz ki, burada qeyri-hüquqi məcburetmə nəzərdə tutulmur. Biz hüquq fakültəsi olaraq QAİ ilə sıx əməkdaşlıq edirik”, - natiq bildirib.

Deputat Fəzail Ağamalı dinləmələri yüksək qiymətləndirərək QAİ ilə Prezident Administrasiyası, həmçinin Milli Məclisin əməkdaşlığını Qərbi Azərbaycana qayıdışımızı sürətləndirəcək mühüm amil kimi qiymətləndirib. Onun sözlərinə görə, ölkə Prezidentinin QAİ-nin ofisində dedikləri mühüm tapşırıqları ortaya qoyub. F.Ağamalı qeyd edib ki, min illər boyu Qərbi Azərbaycanda yaşayışımızı təsdiq edən faktlar, sənədlər var, hətta erməni tarixçiləri tərəfindən etiraf olunub. F.Ağamalı mühüm bir məsələdən bəhs edib. Bildirib ki, Azərbaycan de-fakto tanınan zaman indiki Ermənistan ərazisinin 20 faizi Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi kimi təsdiq olunub: “Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin hüquqi varisidir. Biz Demokratik Cümhuriyyətin varisi kimi o əraziyə iddiaçı olmalıyıq. Eyni zamanda digər ərazilərdə, 9 min kv km-lik ərazidə də min illər boyu soydaşlarımız yaşayıblar. Bizim hüquqşünas və tarixçilərimiz bu istiqamətdə də fəaliyyətini qurmalıdırlar. Avropa Məhkəməsi məhsəti türklərinin də tarixi torpaqlarına, Gürcüstana qayıtmaq hüququ əldə ediblər. Deməli, biz bu məhkəmənin imkanlarınna bəhrələnə bilərik. Eyni zamanda Avropa Ədalət Məhkəməsində də soydaşlarımızın ədalətli və ləyaqətli şəkildə öz yurdlarına qayıtmasını təmin edə bilərik. Mən əminəm ki, cənab Prezidentin bəyan etdiyi bütün məsələlər yerinə yetirildiyi kimi, Qərbi Azərbaycana qayıdış məsələsi də həllini tapacaq”.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun  direktor müavini Cəbi Bəhramov qiymətli faktları açıqlayıb. O, ilk olaraq İrəvanın ermənilərə verilməsindən danışıb: “1918-ci il mayın 29-da qərar qəbul edilərkən Azərbaycan xalqının mövqeyi nəzərə alınmayıb, arxivləri araşdırarkən xalqımızn fikrini təsdiq edən heç bir sənədə rast gəlmədik. Həmçinin bu mövzunun müzakirəyə çıxarıldığı iclasda Milli Şuranın üzvü olan 44 nəfərdən 22-si iştirak edib. İştirak edənlərin sayı 28 nəfər göstərilsə də, adbaad baxdıqda, 22 nəfərin olduğu aydınlaşır. Qəsdən say 28 göstərilib. İrəvandan olan 3 deputat iki dəfə etiraz etsə də, onların etirazı nəzərə alınmır. 44 nəfərdən 16 nəfər "hə", 1 nəfər “yox” deyib, 3 nəfər bitərəf qalıb. Ona görə də bu məsələyə yenidən baxmağa ehtiyac var. Biz Cümhuriyyətin varisiyiksə, bu məsələyə təkrar baxmalıyıq. İrəvanın verilməsi haqqında qərar ləğv olunmalıdır!" C.Bəhramov onu da bildirdi ki, Azərbaycan Demokratik Respublikası işğal ediləndə Azəraycanda 48 min nəfər güllələnib, 12 general, o cümlədən Cümhuriyyət qurucularımız. 21-ci il iyulun 15-dək Qərbi Zəngəzurun 4500 kv.km-lik ərazisi Azərbaycan xalqının rəyi soruşulmadan Ermənistana verilib. Buna da hüquqi nöqteyi-nəzərdən diqqət yetirilməlidir. 1926-28-ci illərdə SSRİ hökumətinin, Levon Mirzoyanın iştirakı ilə 20.8 min kv.km ttp://kv.km/ ərazi yenə də Ermənistana verilib. Həmin məsələlərə də baxılmasına və qərarların ləğv edilməsinə ehtiyac var". Tarixçi alim bütün əsasların mövcud olduğunu söylədi. “Rusiya Dövlət Dumasının nümayəndələri də bizimlə söhbət zamanı bildirdilər ki, Ermənistan deyilən bir qurum beynəlxalq hüquq nöqteyi-nəzərdən qeyri-qanunidir. Hüquqi, tarixi əsasımız var ki, bu məsələyə baxıb, qərar qəbul edək”.

Deputat Azay Quliyev Qərbi Azərbaycanla bağlı danışaraq hər kəsi əzmlə çalışmağa səslədi: “Azərbaycan xalqı əmindir ki, gec-tez biz bu hədəfə yetişəcəyik, amma çox mürəkkəb məsələdir, potensialı hərəkətə gətirmək üçün biz ilk işi görmüşük, QAİ-nin yaradılması və hərəkətə keçməsi başlanğıc üçün kifayət qədər böyük nəticədir. QAİ-də hüquq departamentinin fəaliyyət göstərməsi də ciddi məsələdir”. A.Quliyev bununla bağlı ilk  olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasını zəruri saydı: “Beynəlxaql ictimaiyyət bilməlidir ki, söhbət nədən gedir. İkinci mərhələ deportasiya və cinayətlərə beynəlxaql səviyyədə qiymət verilməlidir. Üçüncü mərhələdə artıq biz məsələyə hüquqi qiymət verməliyik. Biz artıq ilk mərhələdə müəyyən prosesləri keçmişik. İkinci mərhələdə biz parlamentlərlə də işləməli, birgə dinləmələr keçirməliyik. Xaricdəki həmkarlarımızın diqqətini buna yönəltməliyik. Bu məsələlərə həm etnik təmizləmə, həm də zorla köçürülmə maddəsi ilə də baxıla bilər, bununla bağlı beynəlxalq presedentlər də var. Məhsəti türklərinin qayıdışı ilə bağlı müsbət presedent var, Gürcüstan Avropa Şurasına daxil olarkən bu barədə öhdəlik götürmüşdü. Həmçinin serblərin qayıdışı ilə bağlı təcrübə mövcuddur. Azərbaycanlıların yurd-yuvalarına qayıtması ilə bağlı BMT TŞ-də qətnamələrin qəbul olunmasına da nail olmaq lazımdır. Nə qədər çox beynəlxalq təşkilatlar bu prosesdə iştirak edərsə, biz hədəfimizə daha tez çata bilərik”.

Deputat Hikmət Babaoğlu da bildirdi ki, ermənilər Azərbaycan ərazisində reinteqrasiya prosesində Rusiya hərbçilərinə etibar etdikləri kimi, bizim qərbi azəraycanlılar da Türkiyə hərbçilərinə etibar edir. “Mən QAİ sədrinin müavini kimi qeyd edirəm: biz də bunu istəyirik. Biz yendən beynəlxalq mexanizm yarada bilmərik, bizim buna zamanımız yoxdur. Biz mövcud beynəlxalq hüquqa istinad etməliyik”.

BDU-nun professoru İbrahim Vəliyev öz növbəsində dedi ki, 1905-ci ildən başlamış 1988-ci ilədək azərbaycanlılar vaxtaşırı deportasiya olunub. “Mən təklif edirəm ki, sonuncu deportasiya ilə bağlı azərbaycanlıların mülkiyyət hüququnun tanınması haqqında qanun qəbul olunsun” natiq bildirib.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR