İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə özəlləşdirmə çekləri ilə bağlı çağırış: “7 ədəd özəlləşdirmə çeki də mənim evimdədir”

 

“Özəlləşdirmə çekləri 1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən 450 nömrəli fərman ilə 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına əmlak payı olaraq verilib. Hardasa, 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. 7 ədəd özəlləşdirmə çeki də mənim evimdədir”. 

Musavat.com xəbər verir ki, deputat Razi Nurullayev bunu parlamentdəki çıxışında söylədi. Əlavə etdi ki, vətəndaşlar bu çeklərin nə vaxtsa yenidən istifadə edə biləcəklərinə ümid edirlər: “Amma, proses ona gedir ki, bu məsələ get-gedə sıradan çıxır. Özəlləşmənin məqsədi vətəndaşları da mülkiyyət, müxtəlif müəssisələrdə payçı etmək idi. Proses çox gözəl başladı və verilən fərman da vətəndaşların xeyrinə idi, amma həyata keçirilən zaman vətəndaşlar heç bir xeyrini görmədi. Özəlləşmə prosesi tam olaraq ayrı-ayrı şəxslərin müxtəlif maxinasiyalarla birdən-birə varlanmasına səbəb oldu”.

R.Nurullayev bildirdi ki, dövlət özəlləşdirmə çekləri sahəsində vətəndaşlar qarşısında olan borcunu yerinə yetirə bilməyib və biz bunu boynumuza almalıyıq: “Özəlləşdirmə çekləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif platformalar vər və mən də ilk vaxtlardan üzvüyəm. Insanlar haqlı olaraq çox narahatdır və dəfələrlə müxtəlif instansiyalara müraciət edirlər. Amma, onların səsinə səs verən yoxdur. Çek sahibləri bir neçə maddə üzrə konstitusiya hüquqlarının pozulmasını deyirlər və Konstitusiya məhkəməsinə də məktub ünvanlayıblar. Analoji məktublar bir neçə millət vəkili tərəfindən eyni quruma ünvanlanıb. Amma, bu şəkildə problemin həlli mümkün görünmür. Məncə, bu məsələnin müzakirə yeri elə parlamentdir. Onun üçün də bu sahədə fəaliyyət göstərən təşkilatların, fəalların və aidiyyatı hökumət strukturlarının iştirakı ilə müzakirələrin keçirilməsi vacibdir. Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluluğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası ola bilər, xanım sədr! Məncə, bu müzakirənin keçirilməsi və maraqlı tərəflərin dinlənilməsi ən əlverişli çıxış yoludur”.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR