Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Bolunun məşhur qış turizm bölgəsi olan Kartalkaya dağında yerləşən Grand Kartal hotelində baş vermiş dəhşətli yanğın hadisəsi hələ də ölkə gündəmini tərk etmir. Qeyd edək ki, bu faciə nəticəsində 78 nəfər həyatını itirmiş, onlarla insan isə müxtəlif dərəcəli yanıq və tüstü zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilmişdi.
Musavat.com xəbər verir ki, hadisənin araşdırılması məqsədilə Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan xüsusi komissiyanın son iclasında olduqca duyğusal anlar yaşanıb.
Komissiya üzvlərinin qarşısında çıxış edən və hadisədə 13 yaşlı oğlunu itirən ana, həmin dəhşətli gecəyə aid bir səs yazısını dinlədib. Səs yazısında oğlunun "Ana, səni çox sevirəm" sözləri eşidilib. Ana qeyd edib ki, oğlunun bu mesajı ölümün yaxınlaşdığını hiss etdiyinin sübutudur.
"Kaş ki, oyanmasaydı, kaş ki, qorxmasaydı..." – deyə ana sarsıntılı şəkildə bildirib. Bu ifadələr zalda olan hər kəsə təsir edib və komissiya üzvləri göz yaşlarını saxlaya bilməyiblər.
Ana çıxışında qeyd edib ki, yanğın zamanı valideynlər və uşaqlar heç bir dəstək və yönləndirmə olmadan, tamamilə tək buraxılıblar:
“O anda bizə yaxınlaşan tək bir nəfər belə olmadı. Sadəcə biri gəlib dedi ki, 'Ağlama, vali bəy üzülür'. Göz yaşlarımız belə narahatlıq sayıldı. Mən ömrümü həsr etdiyim uşaqlarımı orada itirdim. O an anladım ki, biz orada həqiqətən tək idik…”
Bu ürəkağrıdan çıxış sosial mediada da böyük rezonans doğurub və bir çox insan hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edir.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ