İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament “Siyasi partiyalar haqqında” qanun layihəsini ilk oxunuşda təsdiqlədi

Deputat Azərbaycan dövlətinin adının Şimali Azərbaycan olmasını  təklif etdi

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputat Razi Razi Nurullayev Elm və Təhsil Nazirliyinin fəaliyyətini tənqid etdi: “Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Ha çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur”.

Spiker Sahibə Qafarova Elm və Təhsil Nazirliyini və nazir Emin Əmrullayevi tənqid edən deputat Razi Nurullayevin çıxışına reaksiya verdi. Sədr “Razi müəllim, Emin müəllim çox açıq adamdır, mediaya da, ictimaiyyətə də. Keçən iclasda da burada idi. Nəyə görə siz onu sərt tənqid edirsiniz? Deyirsiniz ki, məktub yazmayacaqsınız. Siz yazmayacaqsınız, təbii ki, cavab almayacaqsınız. Amma yazsanız, cavab olmasa, bu başqa məsələ. Lakin indiki halda Elm və Təhsil Nazirliyi haqqında belə danışmağınız düzgün deyil”.

Deputat Fazil Mustafa Gürcüstanla Azərbaycan arasında normal münasibətlərin olduğunu söylədi. Ancaq bildirdi ki, son on ildə Gürcüstandakı azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki məktəblərin kadrlarla təmin edilməsində ciddi problemlər var. Deputat dedi ki, yaşlı müəllimlər hansısa səbəbdən çalışdıqları məktəbləri tərk etsələr, fəlakətli vəziyyət yaranar, milli məktəblərimiz bağlanmaq təhlükəsi ilə üz-üzə qalar. F.Mustafa bildirdi ki, vaxtilə ildə 40 kadrın hazırlanması ilə bağlı layihə təqdim olunmuşdu, Gürcüstan hökuməti də bu təşəbbüsü dəstəkləyirdi, lakin pandemiya səbəbindən layihəni reallaşdırmaq mümkün olmadı. Çıxış yoluna gəldikdə, deputat dedi ki, Azərbaycan milli kadrların hazırlanması istiqamətində addımlar atmalıdır. F.Mustafa digər təklif də irəli sürdü. Bildirdi ki, bir sıra ölkələrlə ortaq universitetlər yaradıldığı kimi, Gürcüstanla da analoji addım atılmalıdır: “Niyə Gürcüstan-Azərbaycan Universiteti yaradılmasın? Bu, strateji məsələdir. Belə bir addım atılsa, azərbaycanlıların Azərbaycanda hazırlanmasına ehtiyac qalmaz”. Deputat digər problemə də diqqət çəkdi. Bildirdi ki, Gürcüstandakı din xadimlərinin əksəriyyətini ya İran hazırlayır, ya da onları cəlb edib, Borçalıya qaytarırlar. Təhsilin aşağı olması səbəbindən Gürcüstanda cəhalətin səviyyəsi yüksək həddə çatıb.  

Komitə sədri Zahid Oruc dedi ki, Azərbaycanın müstəqilliyi ilə yaşıd olan hakim partiyanın yubiley mərasimində Prezident İlham Əliyevin nitqi 30 illik ictimai-siyasi tariximizin xronikası, eləcə də siyasi qüvvələrin yaranması və keçdiyi inkişaf yolunun dolğun şəkildə qiymətləndirilməsi idi: “Ölkə rəhbəri yeni dövlət quruculuğunu güclü partiyalar sistemi ilə birgə gördüyünü bəyan etdi və onu alqışlarla qarşılayan yüzlərlə məsləkdaşları ilə bərabər, 50-yə qədər partiya rəhbərinin öz siyasi-ideoloji baxışlarındakı fərqlərə baxmayaraq, yeni qalib siyasi sistemi və yeni milli hədəfləri dövlətlə birgə görməsi tarixi hadisə idi. Unutmayaq ki, İlham Əliyev təkcə bir partiyanın sədri deyil, coğrafi sərhəd tanımayan milyonlarla azərbaycanlının lideridir. Ona görə də dövlət idarəçiliyində baş verən yeni institusional, konstitusion dəyişikliklər ”Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunu zəruri edir".

Deputat Qüdrət Həsənquliyev öncə İranda pozulan insan hüquqlarından bəhs etdi. Həmçinin Azərbaycan türklərinin təbii haqlarından məhrum edildiyini bildirdi. Deputat bildirdi ki, ölkəmizdə konstitusiya hazırlanmalı və referendumda qəbul olunmalıdır: “İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də cənubi azərbaycanlılar üçün stimul olar”.

Milli Məclisin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiyanın Qarabağdakı hərbi kontingentinin özbaşınalıqlarına diqqət çəkdi. Bildirdi ki, son vaxtlar Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini dəyişdirdiyini görürük: “Hansi səbəbdən bunu edirlər?” S.Novruzov bildirdi ki, bununla hərbi kontingent üçtərəfli razılaşmaya, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləyən prezident Putinə hörmətsizlik edirlər. Komitə sədri bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət ediləcəyini söylədi:  “Sülhməramlılar görünür ki, öz prezidentlərinin imzaladığı sənədi saymırlar, hörmətsiz yanaşırlar. Bununla bağlı Biz Rusiya Dövlət Dumasının regional məsələlər komitəsinə və Müdafiə Nazirliyinə müraciət edəcəyik. Ermənilər tərəfindən 1000-dən artıq toponimimiz dəyişdirilib. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə separatçılar lazım deyil, işlərini görə bilmirlərsə, getsinlər”.

Komitə sədri Ziyafət Əsgərov da bu mövzuda danışarkən həmkarının fikirlərini dəstəklədi.

Naqif Həmzəyev paytaxtdakı tıxaclardan bəhs etdi. Bildirdi ki, günün ayrı-ayrı saatlarında tıxacların yaranmasının konkret səbəbləri var. N.Həmzəyev bu problemin əsasən dərslərin başladığı saatlarda yarandığını söylədi. Bildirdi ki, hər evdən bir avtomobil çıxırsa və uşaqlar məktəblərə aparılırsa, bu halda nəqliyyat vasitələrinin sıxlığının yaranması təbiidir. Odur ki, deputat bu sıxlığın aradan qaldırılmasını təmin etməkdən ötrü müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın gündə heç olmasa iki dəfə pulsuz olmasını təklif etdi: “Həmçinin ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır ki, Bakıda tıxac problemi qismən həll olunsun. Payız tətilində biz gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi. 

Deputat Fazil Mustafa çıxışında ombudsmanın səlahiyyətlərinin artırılması zərurətindən danışdı. O, həmkarı Zahid Orucun fikirlərinə reaksiya verdi: “Burada Zahid bəy dedi ki, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov olsaydı, gətirib ölkəyə kapital qoyardı. Qətiyyən qoymazdı”. F.Mustafa sahibkarların problemlərinin kifayət qədər olduğunu, onların həlli istiqamətində dövlət başçısı, Milli Məclis səviyyəsində addımlar atılsa da, kiçik və orta sahibkarların problemlərdən xilas ola bilmədiyini söylədi: “Ombudsmana da yüzlərlə müraciətlər edilir. Ombudsman da sənədləşdirir, lazımi ünvanlara göndərir. Amma heç bir tədbir görülmür. Qanun pozuntuları aradan qaldırılmır. Çünki ombudsmanın səlahiyyətləri əlavə addıma imkan vermir”. Daha sonra deputat məmurların biganəliyindən də bəhs etdi: “Mən artıq millət vəkili olaraq bir sıra nazirliklərə müraciət etmirəm, xeyri yoxdur. Biz kimisə tənqid edəndə deyirlər şəxsi xahişə baxılmayıb deyə tənqid edirlər.  Amma reallıq budur ki, biz ölkənin maraqları baxımından heç bir addımı atmaq imkanına malik deyilik”.

 İclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verərək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu söylədi. Vitse-spiker qeyd etdi ki, ötən qanun layihəsinin qəbul edilməsindən uzun zaman keçir: “Yeni qanun layihəsi beynəlxalq təcrübələrə əsaslanır. Dünyanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Qanun lahiyəsində son variantda 66 dəyişiklik edilib”.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin vacibliyindən bəhs etdi: “Demokratik dövlətdə ifadə azadlığına, toplaşmaq və birləşmək azadlığına maksimum təminat verilməlidir. Yeni hazırlanan ”Siyasi partiyalar haqqında" qanun layihəsi məhz bu təminatlara cavab verir".

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə dedi ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenidən tərtib olunması vacib idi: “İlk qanun layihəsi 1993-cü ildə qəbul olunub. 30 ildən artıq zamanda bu qanuna təkcə 70 dəyişiklik edilib, amma müzakirələr zamanı 66 dəyişiklik olunub. Bu isə təbii ki, göstərilən diqqətin nəticəsidir. Eyni zamanda "Siyasi partiyalar haqqında" Qanunun bütün müddəaları Milli Məclisin saytında qeyd olunur. Qanunla bağlı bütün müddəalar beynəlxalq standartlara cavab verir”.

Deputat Razi Nurullayev qanun layihəsinə səs verəcəyini söylədi. Bildirdi ki, aparılan müzakirələrdə verilən təkliflərin nəzərə alınması, müzakirələrin açıq və şəffaf keçirilməsi buna əsas verir: “Bu qanunun müzakirəsi zamanı ortaya çıxan gerçəklik həm də bir siqnal oldu, qanunun qəbul edilməsinin vacibliyini ortaya qoydu. Ölkəmizdə iqtidarı, Prezidenti tənqid etmək, zəiflətmək naminə Azərbaycanın düşmənləri ilə belə əməkdaşlıq etmək, onların sözünü dəstəkləmək və onların televiziyalarında tənqidi fikirləri ilə görünən siyasətçilərin olmasına təəssüf edirəm. Bu gün İranın, Ermənistanın televiziyalarında onların çıxışlarından və tənqidlərindən istifadə olunursa, bu onlar üçün utanc və faciədir. Parlamentdə olan müxalifəti də tənqid edirlər ki, siz necə müxalifətsiniz? Müxalifət olaraq, vəzifəmizi çox dürüst yerinə yetiririk. Nə etməliyik? Yumruq davasına çıxmaq, qarışıqlıq salmaq, spikerin sözünü kəsmək, hər məsələyə etiraz etmək, zalı tərk etmək, səsi imkan verdikcə qışqırmaq, əl-qolla danışmaq bizlik deyil. Daha mədəni və təsirli yollar var. Bunu da edirik. Son zamanlar məni də təhqir edirlər. Çünki Prezident İlham Əliyevin Azərbaycan naminə gözəl çıxışları olur, dövlətimiz naminə onları dəstəkləyirəm. Səbəbini deyim, bilsinlər. Prezident İlham Əliyevi ona görə dəstəkləyirəm ki, o bizim arzularımızı gerçəkləşdirir. O, bu gün Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin ideyalarını, proqramını gerçəkləşdirməklə məşğuldur”.

Digər çıxışlardan sonra qanun layihəsi ilk oxunuşda qəbul olundu. Qanun layihəsinin lehinə 95 nəfər səs verdi.

Spiker Sahibə Qafarova qanun layihəsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Dedi ki, əgər layihə ilə bağlı hər hansı dəyişikliyə ehtiyac varsa, yenidən ictimai müzakirələr keçirilsin.

Elşad PAŞASOY,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR