Onlayn ictimai-siyasi qəzet
Milli Məclis Ali Baş Komandanı və Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi
25 iyunda Milli Məclisin növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi keçirildi. Xanım sədr giriş nitqində Silahlı Qüvvələr Günündən bəhs etdi: “106 il öncə yaradılmış Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində milli hərb tariximizə yazdıqları şanlı səhifələr xalqımızın qürur mənbəyidir”.
S.Qafarova əlavə etdi ki, qəhrəman ordumuzun döyüş meydanlarında göstərdiyi hünərlər qarşıya qoyulan hədəflərə nail olmaq üçün onun ən mürəkkəb hərbi əməliyyatları yerinə yetirməyə qadir olduğunu nümayiş etdirib: “Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilib. Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını biz heç zaman unutmayacağıq”. S.Qafarova qeyd etdi ki, Silahlı Qüvvələr Gününü bayram edərkən Azərbaycan hərbi nailiyyətlərini qeyd etməklə yanaşı, müdafiə potensialını daha da möhkəmləndirməyə, regionda daimi sülh və sabitlik yaradılmasına kömək göstərməyə sadiq olduğunu da təsdiqləyir: “Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın qüdrətli orduları sırasında öz yerini möhkəmləndirəcək. Hörmətli deputatlar! Silahlı Qüvvələr Günü münasibətilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq!”
Deputatlar alqışlarla təbrikə qatıldılar.
Komitə sədri Siyavuş Novruzov çıxışında bir sıra ölkələrdə baş verən hadisələrə istinadən bildirdi ki, ayrı-ayrı qüvvələr müxtəlif ölkələri zəiflətməkdən, onların başını özlərinin daxilində baş verənlərə qatmaqdan ötrü müxtəlif təhdidlərə əl atırlar. Odur ki, S.Novruzov parlamentdəki büdcə müzakirələrində müdafiə və təhlükəsizlik sahəsinə maliyyə vəsaitinin artırılmasını da doğru hesab etdi.
S.Novruzov daha sonra parlament seçkiləri və ayrı-ayrı müxalifət partiyalarının prosesin əleyhinə mövqe sərgiləməsinə toxundu. “Müxalifət sevinməlidir ki, parlament seçkiləri vaxtından qabaq keçirilir”, deyən komitə rəhbəri qeyd etdi ki, onlar bir vaxtlar yeni seçkilərin keçirilməsi tələbi ilə mitinqlər elan edirdilər: “6-cı çağırış Milli Məclis fəaliyyətə başlayandan deyirdilər ki, növbədənkənar parlament seçkiləri olmalıdır, mitinq keçirirdilər. İndi seçki ilə bağlı məsələ ortaya çıxandan tam əks-mövqe nümayiş etdirirlər, bunun əleyhinə təbliğat aparmağa başlayıblar”.
Mədəniyyət komitəsinin sədri Fazil Mustafa dövlət qulluğuna qəbulla bağlı danışdı. Dövlət qulluğunda ən çox bal toplayan şəxsin qəbuluna gəldiyini deyən deputat bildirdi ki, həmin şəxsdən az bal toplayan işə götürülüb, amma o, şifahi mərhələdən keçə bilməyib. Hansı ki, magistraturanı bitirib, iki sertifikatı var, amma işə qəbul olunmayıb. F.Mustafa bu kimi hallarla bağlı narahatlığını ifadə etdi və dövlət qulluğuna qəbulla bağlı daha həssas yanaşmanı zəruri saydı.
Ceyhun Məmmədov Xəzər rayonunda 3 polis əməkdaşının axtarışda olan şəxs tərəfindən qətlə yetirilməsindən danışdı. C.Məmmədov bir həssas məqama da diqqət çəkdi: “İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd ki, proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.
Deputat Sahib Alıyev dedi ki, artıq neçənci dəfədir Birləşmiş Ştatların hər hansı yüksək vəzifəli məmuru ilə ünsiyyətdən dərhal sonra Ermənistan rəsmiləri hətta konkret vaxt göstərməklə Azərbaycanla sülhdən dəm vururlar. Deputatın sözlərinə görə, Blinkenin Prezident İlham Əliyevə növbəti telefon zəngindən də göründüyü kimi, Bayden administrasiyasına noyabrda keçiriləcək seçki öncəsi Azərbaycanla Ermənistan arasında tez-tələsik hər hansı bir çərçivə anlaşması lazımdır: “Amma elə bir anlaşma ki, düşmənçiliyi aradan qaldırmasın. Əgər Birləşmiş Ştatlar bu regionda davamlı və dayanıqlı sülhdə maraqlı olsaydı, onda Riçard Verma hayları Azərbaycan Prezidentinin ABŞ dövlət katibi ilə telefon danışığında da səsləndirdiyi beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə dayanan tələbini yerinə yetirib, konstitusiyalarını dəyişdirməyə çağırardı, onları silahlandırıb revanşizmə həvəsləndirən ölkələrin səfirləri ilə İrəvanda özünün də qeyd etdiyi kimi "isti və məhsuldar" görüş keçirməzdi".
Sonra büdcəyə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarıldı. Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdi. Bildirdi ki, dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin xərclərin bir sıra prioritet istiqamətlərə yönəldilməsi nəzərdə tutulur. Bura işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işləri (1 milyard 160 milyon manat), ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması (807 milyon manat), infrastruktur və digər layihələrin maliyyə təminatı (1 milyard 184 milyon manat), beynəlxalq fəaliyyət üzrə tədbirlərin maliyyələşdirilməsi və digər zəruri xərclər (499 milyon manat), zəruri əsaslı xərclər, təmir və sair (146 milyon manat) daxildir.
Komitə sədrinin sözlərinə görə, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.
Büdcəyə dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.
Torpaq Məcəlləsinə edilən dəyişikliklər də müzakirələrə səbəb oldu.
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin sözlərinə görə, bir çox hallarda qanunları qəbul edərkən həmin qanunlar hüquqi ekspertizadan keçirilmir: “Bir araşdırma aparılmır ki, sonradan bu norma qanunun sui-istifadəyə məruz qalmasına yol açacaq, yoxsa yox?” Q.Həsənquliyev əlavə etdi ki, edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanına geniş miqyasda səlahiyyətlər, yəni öz mülahizələrinə görə tətbiq edəcəyi səlahiyyətlər, həm də dispozitiv imkanlar yaradır: “Biz qanunun özündə nəzərdə tutmalıyıq ki, hansı hallarda torpaqların kateqoriyaları dəyişdirilə bilər və müvafiq icra hakimiyyəti orqanına öz mülahizələrinə görə qərar qəbul etmək üçün bu qədər geniş səlahiyyətlər verilməməlidir. Normativ hüquqi aktlar haqqında qanunun 64-cü maddəsində qeyd olunur ki, dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə halları hansılardır. Burada birinci qeyd olunur ki, diskresion səlahiyyətlərin geniş olması. İkinci, səlahiyyətlərin dispozitiv imkan kimi müəyyənləşdirilməsi. 64.1.9-cu bənddə isə qeyd olunur ki, qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması. Biz burada bu imkanı veririk ki, yəni müvafiq icra hakimiyyəti orqanı özünün normativ hüquqi aktı ilə bizim qanunda yaratdığımız boşluğun aradan qaldırılması”.
Deputat həmkarlarının diqqətinə özünün rastlaşdığı bir hadisəni çatdırdı: “Mənə yaxın insanlar müraciət etmişdilər ki, Masazırda qəsəbənin ortasında torpaq sahələri var, amma onun kateqoriyasını heç cür dəyişdirə bilmirlər. Baxmayaraq ki, ətrafdakıların hamısı bunu edə bilib. Yəni orada su yoxdur, kənd təsərrüfatı təyinatı üçün istifadə oluna bilməz. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bu barədə razılıq verib. Amma yenə də bu məsələ Nazirlər Kabinetində ilişib qalıb və o, bu məsələni heç cür həll edə bilmir. Uzun illərdir həmin torpaq yararsız vəziyyətdə qalıb. Ona görə hesab edirəm ki, biz bu məsələləri qanunvericilik qaydasında tənzimləməliyik. Yəni icra hakimiyyəti orqanlarına belə geniş səlahiyyətlər verilməməlidir”.
Deputat Razi Nurullayev bildirdi ki, birinci oxunuşda sənədə səs verib və ikinci oxunuşda da müsbət münasibət bildirəcək: “Xeyli mütərəqqi qanundur, ən azından irəliyə doğru atılmış addımdır. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının çevik mexanizmi yaradılır, üzərində tikinti aparılması qaydaları müəyyənləşdirilir və digər məsələlər daxil edilib. Amma bu dəyişikliklər təəssüf ki, mövcud problemlərin hamısını həll edə bilmir. Bu gün kənd təsərrüfatı təyinatlı torpaqlar böyük miqdarda zəbt edilib, qanunsuz yollarla əldə edilib, qanuni sahiblərinin əlindən alınıb və s. Bunları sadalamaq istəmirəm, çünki ikinci oxunuşdur. Bir neçə suallarım və fikirlərim var. Kənd təsərrüfatı təyinatlı torpaqlarda 5 hektar ərazinin bir faizi həcmində tikinti aparıla bilər. Əgər ərazi bir hektardırsa, daha azdırsa, daha çoxdursa bu necə hesablanacaq? Ola bilsin ki, bu var, mən başa düşə bilmədim. Qanunun 5-ci maddəsində deyilir ki, bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana müraciət edirlər. Məsələ burasındadır ki, edirlər, amma nəticə yoxdur və istərdim ki, bu maddə daha aydın, səlis, məqsədi məlum xarakter daşısın və konkret problemləri əhatə etsin”.
Müzakirələrdən sonra layihə təsdiqləndi.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda qəbul edildi. Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev şəhid ailələri və qazilərə dövlət qayğısından bəhs edərkən bildirdi ki, 2025-ci ilin sonuna qədər bütün şəhid ailələri və qazilər mənzillə təmin olunacaq.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ