İnsanlara hürriyət, millətlərə istiqlal!

“Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar

Analitik hesab edir ki, Fransa özünün nüfuz itkisini dərk edir və geosiyasi risklərdə kompensasiya yaratmaq üçün Azərbaycan amili ilə hücuma keçməyə çalışır

“Əgər Fransa bu vəziyyətdən çıxış yolu axtarmaq istəyirsə, ilk növbədə Azərbaycana qarşı düşmənçilik aktlarından əl çəkməli, Ermənistana silahların verilməsinə son qoymalıdır”. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa mediasına  müsahibələrində belə deyib. O bildirib ki, Fransa münasibətlərimizin bu vəziyyətə gəlib çatmasında birbaşa məsuliyyət daşıyır: “Əgər bu vəziyyətdən çıxış yolu axtarmaq istəyirsə, Paris ilk növbədə Azərbaycana qarşı düşmənçilik aktlarından əl çəkməlidir, həmçinin Ermənistana silahların verilməsinə son qoymalıdır. Bu cür yanaşma bizim nəinki ikitərəfli münasibətlərə zərbə vurur, eyni zamanda kövrək vəziyyətdə olan sülh prosesinə də olduqca mənfi təsir göstərir. Keçmişdə münasibətlərimiz normal idi və yaxşı inkişaf edirdi. Təəssüflər olsun ki, bu məsələyə münasibətlərimizə peşəkar şəkildə yanaşanların, Azərbaycana dost kimi baxan insanların səsi Fransada, ümumiyyətlə, eşidilmir. Münasibətlərin yaxşılaşdırılması üçün Fransa müəyyən addımlar atmalıdır”. 

Qeyd edək ki, Elçin Əmirbəyovun “L’Opinion” qəzetində də məqaləsi dərc edilib. Nəşrdə qeyd olunur ki, Azərbaycanda iqtisadi maraqlarına baxmayaraq, hazırkı Fransa hökuməti Bakı ilə əlaqələri böhran vəziyyətə gətirib. 

“Eyni zamanda bizim münasibətlərimizdə olan böhran ikitərəfli iqtisadi münasibətlərə də öz mənfi təsirini göstərir. Makron özündən qabaq fəaliyyət göstərən dövlət başçılarından fərqli olaraq tarazlaşdırılmış və balanslaşdırılmış siyasətə son qoydu. Ermənistanın mövqeyini açıqcasına dəstəklədi, Azərbaycanı isə mümkün olan bütün məsələlərdə günahlandırdı. Bu da münasibətlərin bu günə çatdırılmasına gətirdi”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 13-də Prezident İlham Əliyev COP29 iqlim konfransında çıxışında Fransanın da kolonial siyasətini pisləyib. Kiçik ada dövlətlərinə həsr olunmuş sessiyada o, iştirakçılara Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışıb. Dövlət başçısı deyib ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. 

“Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını  öldürən prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib”.

Ölkə başçısının dediyi kimi, tarixə qısa nəzər saldıqda, Fransanın kolonial siyasəti, 19-cu və 20-ci əsrlərdə geniş bir coğrafiyada təsirini, bir çox ölkə üçün dərin və davamlı izlər buraxdığını görmüş oluruq. Belə ki, kolonial dövr boyunca Fransa, Afrika, Asiya və Karib dənizində bir çox ölkəni işğal edərək onlara iqtisadi, mədəni və siyasi cəhətdən böyük zərərlər vurub. Bu siyasətin ölkələrə vurduğu ən böyük zərərləri bir neçə istiqamətdə qiymətləndirmək olar. Fransanın kolonial siyasəti, işğal etdiyi ərazilərdəki təbii sərvətləri və resursları istismar etmək məqsədini güdüb. Afrika və Asiyanın bir çox bölgəsində, kolonial rejimlər yerli xalqın əmək gücünü ucuz qiymətlərlə istismar edib, təbii sərvətlər isə Fransaya daşınıb. Bu siyasət nəticəsində yerli iqtisadiyyatlar tələblərə uyğun şəkildə dəyişdirilib və əksər hallarda yerli istehsal və sənaye inkişafı məhdudlaşdırılıb.

Kolonial dövr boyunca təhsil sistemləri yerli xalqın ehtiyaclarına uyğun olmayıb, Fransanın maraqlarına xidmət edən şəkildə təşkil olunub. Bu, yerli əhalinin geridə qalmasına və onlara kifayət qədər inkişaf imkanı verilməməsinə səbəb olub. Fransa kolonial rejimi zaman-zaman zorakılıq və qəddarlıqla da məşhur olub. Kolonial mübarizələr zamanı Fransa, yerli əhaliyə qarşı çoxsaylı qəddar hərəkətlər edib. Bu, qətliamlar, işgəncələr və zorakılıqla müşayiət olunan dövrlər olub. Nəticə etibarilə deyə bilərik ki, Fransanın kolonial siyasəti, təkcə iqtisadi resursları deyil, həm də mədəniyyətləri, cəmiyyətləri və sosial quruluşları hədəf alaraq, işğal etdiyi ərazilərdə dərin izlər buraxıb. Bu siyasət, həmin ölkələrdə yalnız maddi yox, həm də psixoloji və mədəni zərərlər yaradıb. Kolonializm dövrü, bu ölkələr üçün uzun müddət davam edən sosial və siyasi çətinliklərə yol açıb və bu çətinliklər müstəqillik dövründə də öz təsirini göstərib. Bu zərərlər bu gün də bir çox keçmiş Fransa koloniyasında özünü büruzə verməkdədir.

Göründüyü kimi, “öz gözündə tiri görməyən Fransa başqasında çöp axtarır”. İşğalçı dövlət Azərbaycana qarşı müxtəlif qarayaxmalar, kampaniyalar təşkil edir.  Yada salaq ki, Fransa XİN COP29-a qatılmaması bir yana, Bakıya getmək istəyən konfrans iştirakçılarına “həyatlarına təhlükə ola biləcəyi” haqda xəbərdarlıq etmişdi. Bəs bu krizis Yelisey Sarayının “siyasi qozbeli” - Makronun hakimiyyətinin sonuna qədər davam edəcəkmi?

Fransa daha bir total hücuma başlamaq istəyir-Aqşin Kərimov » www.Bia.Az

 Aqşin Kərimov

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi analitik Aqşin Kərimov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Azərbaycanın Fransa ilə münasibətləri ikitərəfli hüquqi və iqtisadi əsaslara söykənir. Rəsmi Bakı Azərbaycan-Fransa münasibətlərində yaranan gərginliyin məsuliyyətini daşımır. Çünki rəsmi Bakı öz süveren hüquqlarından, ərazi bütövlüyü prinsiplərindən çıxış edərək ərazi bütövlüyünü və süverenliyini təmin edir, regional aktora çevrilmək istiqamətində kifayət qədər uğurlu addımlar atır. Bu, Fransanı qane etmirsə və Azərbaycanın öz mövqelərinə qarşı Paris öz silahlarını işə salırsa, deməli, problem Parisin regional maraqlarındakı kontekstdədir. Bəs Parisin regional maraqlarının Azərbaycanla toqquşan tərəflərində biz hansı gizli məqamları görə bilərik. Azərbaycan Böyük Britaniyanın müttəfiqi kimi çıxış edir və Azərbaycanla Böyük Britaniya arasında tərəfdaşlıq münasibətlərinin irəliləyərək daha da yüksək səviyyə qalxacağı gözlənilir”. 

Analitikə görə, hər nə qədər Azərbaycan-ABŞ münasibətlərində problemlər olsa da, hər iki ölkənin strateji tərəfdaşlığı yüksələn şkala üzrə inkişaf etməkdədir: “Buna görə də Fransa NATO üzvü olmasına baxmayaraq, Azərbaycanın Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ilə maraqlarını uzlaşdırmasına qarşı çıxır. Çünki Paris həm Böyük Britaniyanın, həm də ABŞ-ın beynəlxalq siyasi nizam üzrə yaratdığı çətinliklərlə üzləşir. Bu çətinliklərlə üzləşdikdə Fransa özünün nüfuz itkisini dərk edir və geosiyasi risklərdə kompensasiya yaratmaq üçün Azərbaycan amili ilə hücuma keçməyə çalışır. Azərbaycana Ermənistan üzərindən həyata keçirilən kampaniya bunun bariz nümunəsidir”. 

Aqşin Kərimov hesab edir ki, Fransanın Ermənistanı silahlandırması, regionda beynəlxalq və regional aktorların oyunçuluq qabiliyyətini dəyişdirmək manevrinə əsaslanır:  “Lakin Fransa bu istəyinə tam çata bilmədikcə, daha agressiv davranaraq Azərbaycanla münasibətləri Ermənistanın xeyrinə yekunlaşdırmaqda qərarlı kimi görünür. Ancaq Fransanın bu istəyinə çatacağı çox şübhəlidir. Ona görə ki, Azərbaycana qarşı qüvvələr balansını və hərbi nizamı dəyişə bilmə potensialı Fransada mövcud deyil. Çünki Fransa Ermənistanı bir yerə qədər silahlandıra bilər. Onun limiti tükəndikdə artıq Fransa Azərbaycanla münasibətləri normallaşdırmaq üçün müəyyən addımlar ata bilər”.   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR