İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə bayrağımızı qaldıranlara verilən yüksək qiymət

Bu, gənc nəslin idmanla məşğul olması üçün çox mühüm motivasiyadır

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Dövlət başçısı Olimpiya oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.

İdmançılarla görüşündə İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Paris Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan bayrağını ucaldıb:

“Olimpiya oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu yarışa xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son yarışda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz son nəticədə dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal”.

Azərbaycan lideri vurğulayıb ki, idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır:  “Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Xüsusilə qızıl medalçılarımız  ilk günlərdən qələbə sevincini xalqımıza bəxş etdilər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bunu bir daha təsdiq etdilər. Daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu olimpiyada  bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir”.

Ölkə başçısı bildirib ki, növbəti Olimpiya oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq: “Xüsusilə ölkəmiz üçün uğurlu Paris Yay Olimpiya Oyunlarından sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq. Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.  Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər”.

Hikmət Babaoğlu: “MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...”

Hikmət Babaoğlu

Milli Məclisin altıncı çağırış deputatı olmuş Hikmət Babaoğlu “Yeni Müsavat”a deyib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Parisdə keçirilən olimpiada da bir daha idmançılarımızın hansı potensiala sahib olduqları bilindi: “Azərbaycan Prezidenti olimpiadadan qayıdan idmançılarımızı qəbul edərkən bu məsələyə toxundu. Yəni idman siyasəti Azərbaycanda ardıcıl və davamlıdır.  İdmanın inkişaf dinamikası ölkəmizdə göz önündədir. Biz müstəqillik əldə etdikdən sonra Olimpiya oyunlarında əldə etdiyimiz medalların statistikasını müqayisə etsək, görəcəyik ki, ən son göstəricini  daha da yaxşılaşdıra bildik.  Əlbəttə, bu, böyük nailiyyətdir. Nəticə etibarı ilə Olimpiya oyunları idmançılar içərisində ən seçilmişlərin mübarizəsidir. Dünya sırasında 30-cu yeri əldə etmək olduqca böyük uğur və nailiyyətdir. Amma bu, sırf idman mübarizəsi kontekstində belədir. Məsələ ondadır ki, uğurlar, sadəcə, idman hadisəsi deyil. Azərbaycan gəncliyi üçün ən əhəmiyyətli məsələlərdən biri də budur. Azərbaycan bu gün bir olimpiya çempionu yetişdirirsə, deməli, o, minlərlə idmançının içərisindən seçilib. Geriyə baxdıqda biz burada geniş bir kütlə görəcəyik. Yəni olimpiadaya bir idmançı çıxarmaq yüzlərlə idmançının əməyinin nəticəsidir. Bu o deməkdir ki, Azərbaycanda idman kütləvidir. İndiki dövrdə ölkələr həm də səssiz müharibələrlə üz-üzədir. Narkotik ticarəti, pis vərdişlərlə, zərərli alışqanlıqlarla ölkənin gənclərini hədəf kimi seçirlər. Amma idman həm də onun zəmanətidir ki, gənclərimiz pis vərdişlərdən kənar qalırlar.

Ona görə də düşünürəm ki, Prezidentin olimpiaçılarla  görüşməsi yeni və gənc nəslin idmanla məşğul olması üçün çox mühüm bir motivasiyadır. Ayrıca çempionlarımıza maddi vəsaitin verilməsi gənclərimizi idmanla məşğul olmağa həvəsləndirir. Azərbaycanda dövlətin və Prezidentin idman siyasəti belədir. Hər hansı bir idmançının maddi imkanları məhduddursa, nəticə əldə edən kimi dərhal bu, Azərbaycan dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir. Bu isə idmanın inkişafı üçün əlavə stimul yaradır". 

Aqil Abbas - 70

 Aqil Abbas

Yazıçı, jurnalist Aqil Abbas da dedi ki, dövlət idmanın inkişafı üçün hər cür şərait yaradıb: “Onların qayğısına qalır. Hətta məişət işlərinə də kömək edir, ev verir.  Milli Olimpiya Komitəsi, eyni zamanda Gənclər və İdman Nazirliyi idmanımızın inkişafı üçün əlindən gələni əsirgəmir. Sevindirici haldır ki, Parisdən əliboş gəlmədik. Bu, yüksək nailiyyətdir. Dövlət başçısı da idmançıları həmişə diqqət mərkəzində saxlayır. İdmançılarımızla  görüş də buna bir sübutdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu, yüksək nəticə kimi qiymətləndirilir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR