Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Baş verənlər sübut edir ki, dünyanın diqqətini Kaledoniyada və digər Fransa müstəmləkələrində qurulmuş istismar rejiminə cəlb edən İlham Əliyev tam haqlı mövqedədir”
Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə dövlət xidməti - Viginum Azərbaycanın Yeni Kaledoniyadakı iğtişaşlar fonunda sosial şəbəkələrdə guya Fransanı hədəf alan qaralama kampaniyası apardığını iddia edib.
Viginum aprelin 17-də yaydığı hesabatda iddia edir ki, “Azərbaycan mənşəli hesabların son günlərdə X və Facebook platformalarında Fransa polisini Yeni Kaledoniyada etirazçılara atəş açmaqda ittiham edən "aşkar qeyri-dəqiq və ya aldadıcı məzmunun kütləvi və koordinasiyalı şəkildə" yaymasını “aşkarlayıb”. Hesabatda təkcə mayın 15-də X plaftormasında 1686 istifadəçinin Fransanı hədəfə alan saxta məlumatlar paylaşdığını, onlardan ən az 86-sının öz hesablarında Azərbaycanın hakim partiyası - Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduqlarını qeyd etmələrinə diqqət çəkilir. Mayın 16-da isə X platformasında oxşar paylaşımlar edən 301 istifadəçinin ən azı 112-sinin bioqrafiyasında YAP və Azərbaycandan olduqlarını qeyd etdikləri bildirilir.
Viginum iddia edib ki, guya foto və videomontajlardan ibarət saxta məlumatları ilk yayan istifadəçilərdən biri - İslam Bafadarov adlı şəxs YAP-da məsləhətçi işlədiyini vurğulayıb. Hesabatda həmçinin kampaniyada iştirak edən istifadəçilərin bir hissənin siyahısı, yayılmış saxta məlumatlara dair “nümunələr” verilib. Yada salaq ki, ötən həftə Fransanın daxili işlər naziri Azərbaycanı Fransanın Sakit okeandakı xüsusi inzibati-ərazi vahidi, həftə ərzində iğtişaşların baş verdiyi Yeni Kaledoniyanın daxili siyasətinə qarışmaqda ittiham edib. Rəsmi Bakı ittihamları rədd edib. Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal bəyanat yayaraq fransalı nazirin “əsassız fikirləri”ni tamamilə rədd etdiyini vurğulayıb. Fransa baş verənlərə görə Azərbaycanı ittiham etsə də, Yeni Kaledoniyada yaşananlar Makron hakimiyyətinin yanlış siyasətinin nəticəsidir. Etirazların kökündə də Makronun “islahat” adı altında atdığı addımlar dayanır.
Əslində Azərbaycanın Yeni Kaledoniyaya dəstək verdiyi sirr deyil. Qoşulmama Hərəkatı tərkibində Bakı Təşəbbüs Qrupu yaradılıb və Fransanın son koloniyalarında azadlıq mübarizəsi aparan xalqlar bu qrupda təmsil olunurlar. Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat Yeni Kaledoniyada baş verənlərlə bağlı birgə bəyanat da yayıb. Fransa isə beynəlxalq diqqəti özünün işğalçı siyasətindən, insan haqlarını tapdamasından yayındırmaq üçün Azərbaycanın adını hallandırır.
Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, Fransa açıq şəkildə “anqlo-saksların” üzərinə gedə bilmir, Azərbaycanın adını çəkir: “Olsun, əslində bu, məmləkətə nüfuz qazandırır və Fransaya da dərs olsun ki, separatizmi dəstəkləmək həmişə "bumeranq effekti" yaradır. Deməli, Azərbaycanın adının bu məsələdə hallanmasına gülmək, bunu zarafata çevirməkdənsə, bu məsələdən ağıllı istifadə etmək lazımdır". N.Cəfərliyə görə, Sakit okeanda faydalı qazıntılarla dolu, strateji coğrafi mövqeyi olan Yeni Kaledoniya niyə Fransanın nəzarətində qalmalıdır: “Deməli, Kanak xalqının müstəqillik mücadiləsinə dəstək vermək, Fransanı sıxışdıraraq həmin adalara sahib olmaq lazımdır. Bunu Britaniya və ABŞ istəyir, yəni Azərbaycan bu məsələdə nə edirsə, çox güman, Britaniya kimi müttəfiqi ilə razılaşdırılmış şəkildə edir”.
Aydın Quliyev
Politoloq Aydın Quliyevə görə, Azərbaycan Prezidentinin artıq 2 ildən çoxdur ki, Fransa müstəmləkələrinin azadlığı uğrunda başlatdığı məşhur Bakı Təşəbbüs Qrupu prosesi Fransa hakimiyyəti tərəfindən qərəzli münasibət kimi dəyərləndirilsə də, reallıq başqa mənzərəni göstərir: “Kaledoniyada baş verənlər sübut edir ki, dünyanın diqqətini Kaledoniyada və digər Fransa müstəmləkələrində qurulmuş istismar rejiminə cəlb edən İlham Əliyev tam haqlı mövqedədir. Kaledoniyada həyata keçirilən cəza siyasəti 173 il bundan öncə fransızların bu torpaqlarda başlatdığı müstəmləkə - istismar siyasətinin davamıdır. Hələ bitməyib. Mahiyyət etibarilə bu siyasət 130 il ərzində fransızların Əlcəzair xalqına qarşı törətdiyi soyqırımlardan fərqlənmir. 1960-cı illərdə Əlcəzair xalqı azı 2 milyondan çox qurban vermək bahasına 130 illik fransız müstəmləkəçiliyinə son qoya bildi. Ancaq Kaledoniya xalqının mübarizəsi hələ davam edir. Təbii ki, Azərbaycanın dəstəyi ilə...”
Turan Rzayev
Siyasi şərhçi Turan Rzayev isə hesab edir ki, rəsmi Bakı heç bir ölkənin daxili işinə qarışmır: “Fransadan fərqli olaraq Azərbaycan bu ölkənin ərazi bütövlüyünə hörmət edir. Halbuki Paris keçmiş separatçı rejimin "liderləri" ilə təmaslar qurub, onları açıq şəkildə dəstəkləyirdi. Lakin nə bu gün kanak xalqının etirazları separatçılıqdır, nə də Azərbaycanın Yeni Kaledoniya təmsilçilərinə platforma tanıması separatizmə dəstəkdir. Azərbaycan Fransadan fərqli olaraq separatizmə yox, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışı zamanı “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” demişdi. Nazir Darmanin iddia edib ki, müstəqillik tərəfdarları guya Azərbaycanla hansısa “sövdələşmə” bağlayıblar. Mümkündür ki, o bunu Yeni Kaledoniya təmsilçilərinin Bakıya səfəri ilə əlaqələndirir. Lakin bu yanaşma da yalan və əsassızdır. Rəsmi Bakı Yeni Kaledoniya nümayəndələrinə, sadəcə, platforma tanıyır və bu da beynəlxalq hüquqa zidd deyil".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ