İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pakistan bu dəstəyi heç vaxt dayandırmayıb” - Arzu Nağıyevdən İLGİNC açıqlamalar

“Cənab İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması ilk növbədə lider kimi dünyada olan nüfuzu ilə bağlıdır. İkinci məsələ isə Pakistanın Azərbaycana olan münasibətindəndir. Bu haqda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də öz çıxışında qeyd etdi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Prezident İlham Əliyevin Pakistana yüksək səviyyəli səfərini şərh edən millət vəkili iki qardaş dövlətin yüksək səviyyədə inkişaf edən münasibətlərindən bəhs edib:

“Cənab Prezidentin səfəri az bir zaman çərçivəsində ən yüksək səviyyədə hazırlandı və bu görüşlərin müsbət nəticəsinin də şahidi olacağıq. Çünki cənab Prezidentin də qeyd etdiyi kimi, tərəfdaşlığımızın əsasını qardaşlıq, Pakistan və Azərbaycan xalqlarının bir-birinə olan qardaşlıq hissləri təşkil edir. Biz çətin anlarda həmişə bir-birimizə dəstək olmuşuq. Təbii ki, 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü barədə birmənalı mövqe ifadə edən bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri də Pakistan olub. Bununla yanaşı, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanı dəstəkləyir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini istəyir”.

SERİFO.jpg (99 KB)

A.Nağıyev qeyd edib ki, Azərbaycanla Pakistan arasında əsas istiqamətlərdən biri də investisiya imkanlarıdır:

“Pakistan çox strukturlu iqtisadiyyata malik aqrar-sənaye ölkəsidir. Kənd təsərrüfatı ölkə iqtisadiyyatında böyük rol oynamaqda davam edir və ümumi ÜDM-in 20,8%-ni təşkil edir. Pakistan həm də təbii sərvətlərlə zəngindir və bu sərvətlərdən hazırda istifadə olunmur. Ölkədə iri qızıl və mis (3-cü yer), kömür (7-ci yer), duz (2-ci yer), neft və qaz (10-cu yer), eləcə də qiymətli metalların, qiymətli və yarımqiymətli daşların geniş yataqları var. Bütün bu sahələrə investisiya qoymaq mümkündür. Bundan başqa, Pakistan dünyanın altıncı ən böyük hərbi gücü ilə orta güc hesab olunur. Elan edilmiş nüvə silahlı dövlətdir. Bütün bu aspektləri nəzərə alaraq Azərbaycanla Pakistan arasında hərtərəfli əlaqələr qurmaq mümkündür. Buna misal olaraq Pakistana düyü ixracı ilə bağlı heç bir rüsum olmadan, tam vergidən azad etməklə köməklik göstərilməsi bir faktdır və Azərbaycandan başqa heç bir ölkə bunu etməyib”.

Deputat bildirib ki, imzalanan sənədlər də çoxşaxəlidir:

“Belə ki, Bakı və İslamabadın qardaşlaşmış şəhər müqaviləsindən başlayaraq iqtisadi, logistika, hərbi sənaye, konsulluq əlaqələri, tranzit ticarət, ədliyyə və əmlak özəlləşdirilməsi, mineral ehtiyatlar və geologiya, Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Pakistan İslam Respublikasının “Pakistan Televiziya Korporasiyası” arasında əməkdaşlıq, elmi texnoloji, turizm, hava əlaqəsi, kiçik və orta biznesin inkişafı və digər sahələrdə 15 anlaşma protokolu imzalanıb. Məlumdur ki, qanunvericilik sahəsində də Azərbaycan və Pakistan parlamentləri arasında dostluq və işgüzar mühit mövcuddur, bu da əlaqələrimizin inkişafına müsbət təsir edən amillərdən biridir. Təbii ki, bunlar bir-birinə qarşılıqlı inam, etimad mühitində həyata keçirilə biləcək layihələrdir.

NAZİRO.jpg (103 KB)

Bir daha qeyd etmək yerinə düşərdi ki, Azərbaycan xalqı Pakistan xalqını sevir. Bunun müqabilində Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu dostluq, qardaşlıq yeni deyil. Onlar onilliklər boyu davam edir”.

A.Nağıyev vurğulayıb ki, Pakistan Azərbaycanı daim dəstəkləyib və Azərbaycan da istər BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunmuş hüquqlarını həyata keçirməkdə, istərsə də geniş şəkildə dəstəklənən referendum keçirmək hüququndan asılı olmayaraq Pakistanı dəstəkləyib.

Deputat əlavə edib ki, Pakistan Qarabağ məsələsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib və bu dəstəyi heç vaxt dayandırmayıb:

“Vaxtı ilə Ulu Öndər Heydər Əliyev Pakistan haqqında deyirdi: “Pakistanla Azərbaycanın çox yaxşı münasibətləri, dostluq münasibətləri var. Bu münasibətlər keçmiş tarixi ənənələrimizə əsaslanır”. Tarixə nəzər salsaq, görərik ki, Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına 300 min ampuladan çox vəba peyvəndi alıb Pakistana göndərib. Bu, Pakistanda ölümcül xəstəliyə qalib gəlməkdə böyük rol oynamışdı. 1947-ci ildə Pakistan müstəqillik əldə etdikdən sonra bu fakt tədris vəsaitlərinə daxil edilib. Tarix təkrarlanır, dostluğumuz əbədidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR