Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, son günlər ölkədə qızılca xəstəliyinin yayılması ilə bağlı ciddi narahatlıq var. Səhiyyə Nazirliyi xəstəliyin bu cür sürətlə yayılmasının əsas səbəbi kimi əhalinin bir qismini peyvənddən yayınma hallarının olması ilə əlaqələndirir. Qurum epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə Qızılca-Parotit-Məxmərək peyvəndinin tətbiq olunacağını bəyan edib.
Qeyd edək ki, Azərbaycanda peyvəndləmə könüllüdür və bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir, digəri isə peyvəndlərin “uşaqlarda xəstəliklərə səbəb olduğuna” inanır.
Qeyd edək ki, hazırda Azərbaycanda Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Səhiyyə Nazirliyinin milli peyvənd təqdiminə əsasən, uşaqlara peyvəndlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Azərbaycana vaksin preparatları 2014-cü ildə UNİCEF-in xətti ilə daxil olur və daxil olan bütün preparatlar Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasını keçib.
Hazırda ölkədə Belçika, Hollandiya, İndoneziya, Hindistan, Cənubi Koreya, Bolqarıstan, Britaniya Krallığının istehsalı olan vaksinlərdən istifadə edilir.
Onu da əlavə edək ki, son vaxtlar sosial şəbəkələrdə kimlərsə ölkədə tətbiq edilən Hindistan istehsalı peyvəndin keyfiyyətsiz olduğunu iddia edir. Hətta bu günlərdə aparıcı Aytən Səfərova efirdən Azərbaycanda uşaqlara Hindistan istehsalı vaksinlər vurulmasına etiraz edərək, bildirmişdi:
"Ölkəmə, balalarıma qarşı Ermənistanı silahlandıran Hindistandan niyə vaksin alıb uşağıma vurdurum? İndi kimsə deyə bilər ki, Hindistanın vaksinlərindən Avropada istifadə edilir. Amma həmin vaksinlər Niderlanddakı zavodda Avropa standartlarına uyğun istehsal edilir. Bizdə isə alternativ yoxdur. Niyə bizdə məcburi vaksinasiya hökm sürür?"
Aparıcının bu fikirlərinə tanınmış pediatrlardan sərt reaksiyalar gəldi. Bildirildi ki, vaksinlərin hansı ölkədə istehsal edilməsinin əhəmiyyəti yoxdur, əsas tərkibidir və bütün vaksinlər mütləq şəkildə Ümumdünya Səhiyyə Təşkilatının standartlarından keçəndən sonra istifadəyə verilir.
Dövlət, yoxsa özəl klinikalardakı vaksinlər daha keyfiyyətlidir?
Qeyd edək ki, dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur, özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir. Bəs özəl klinikalarda qızılcaya qarşı peyvəndlərin qiyməti neçəyədir?
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı bir neçə özəl klinika ilə əlaqə saxlayıb.
Leyla Medikal Center-dən bildirildi ki, hazırda klinikada qızılcaya qarşı peyvənd yoxdur. Yalnız 2 həftədən sonra olmalıdır. “Bəs qiyməti neçəyə olur?” sualımıza cavab olaraq bildirildi ki, yalnız vaksinlər gəldikdən sonra bu barədə deyiləcək.
MediClub-dan da bildirildi ki, hazırda peyvənd yoxdur. Nə vaxt olacağı isə məlum deyil. Bundan əvvəl peyvəndin qiyməti isə 120 manatdan başlayıb.
Digər əlaqə saxladığımız “Modern Hospital”, “Məlhəm” klinikalarından da bildirildi ki, hələlik heç bir peyvənd yoxdur.
Bəs özəl klinikalarda qızılca əleyhinə peyvənd niyə “yoxa” çıxıb?
Mövzu ilə bağlı tanınmış pediatr Vaqif Qarayev “Yeni Müsavat”a danışıb. Həkim öncə insanların peyvənddən imtina etməsinə münasibət bildirib:
“Peyvənd altına düşən yoluxucu xəstəliklərin hamısında yeganə qorunma yolu peyvənddir. Təkcə qızılca deyil. İndi bir arqument ortaya atıblar ki, guya pandemiya dövründə təcridlə bağlı uşaqları poliklinikalara aparmayıblar, peyvənd vurdurmayıblar. Bu tamamilə yalandır. Guya ki, bundan əvvəl insanlar peyvəndə zurna-balabanla gedirdi? Pandemiyadan əvvəl də var qızılca, göy öskürək var idi, çünki uşaqlar peyvəndə getmirdi”.
Vaqif Qarayev qeyd edib ki, son 15 ildə təkcə Azərbaycanda deyil, dünyada peyvənd əleyhinə çıxış edən böyük ordu yaranıb:
“Ola bilər ki, bu məsələdə sosial şəbəkələrin də təsiri var. Mən bu cür peyvənd əleyhinə təbliğat aparan səhifələri bağlayardım. Mən sovet dövründən işləyən həkiməm. O vaxt peyvənd məcburi idi və mən o dövrdə hansısa yoluxucu xəstəliyin yayıldığını görmədim. Elə ki, sovet hakimiyyəti dağıldı, müstəqillik oldu, dünyaya, Avropaya inteqrasiya etdik, insan haqları, hüquqları ilə əlaqədar ortaya bunu atdılar ki, valideyn istəmirsə, övladına peyvənd vurulmasın, yəni könüllü olsun. Yaxşı indi könüllüdür, onda indiki vəziyyətə kim cavab verəcək? Məgər qızılca virusu haqq tanıyandır? Özü qapını döyüb girir içəri ki, icazə verin, sizi yoluxdurum? Mən panika qaldırmaq fikrində deyiləm, amma bir həftənin içində 3 uşağın rəhmətə getməsi ciddi SOS-dur. Bu təkcə təkcə 3 uşağın faciəsi deyil, onun getdiyi məktəbin də faciəsidir. Çünki onun oxuduğu məktəbdəki şagirdlər bu faciənin şahidi olur və hamısı psixoloji təsir edir.
Yanıma gələn, göy öskürəkdən boğulan uşağın valideynindən soruşuram ki, ay qızım uşağı peyvənd etdirmisən? Deyir ki, yox. Soruşuram ki, niyə, cavab verir ki, bilmirəm. Yəni bu günə qədər yetərli bir əsas eşitmədim. Deyirlər ki, ziyandır, ziyanı olduğu haqda da qonşudan eşidib, qaynanası deyib, sosial şəbəkələrdən oxuyub və sairə. Peyvəndə əks çağırış insanları ibtidai icma quruluşuna çağırış etmək kimi bir şeydir. Peyvənd insanı xətadan qoruyur, xilas edir. Amma indi bəzi tanınmışlar, aparıcılar çağırış edir ki, bəs bizə Hindistan və yaxud Belçika vaksini lazım deyil. Anlamaq istəmirlər ki, vaksin və yaxud da hansısa xəstəliyin müalicəsi üçün nəzərdə tutulan dərmanlar mütləq şəkildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və beynəlxalq səhiyyə qurumlarının bütün standartlarından keçəndən ümumi istifadəyə verilir. Vaksin aspirin deyil ki, kimsə ətəyində gətirsin ki, bunu camaata vurun”.
Dövlət yoxsa özəl klinikalardakı peyvəndlərin keyfiyyətli olması ilə bağlı Vaqif Qarayev bildirdi ki, dövlət və özəl klinikalarda olan vaksinlər eynilik təşkil edir:
“Mənə də sual verirlər ki, özəl yoxda dövlət poliklinikalarındakı peyvəndlər keyfiyyətlidir? Cavab verirəm ki, fərqi yoxdur, əsas odur ki, övladına bu vaksini vurdur. İstər dövlət, istərsə də özəl klinikalarda tətbiq edilən vaksinlərin tərkibi mütləq şəkildə beynəlxalq qurumlar tərəfindən öyrənilir, sonra icazə verilir. Dövlətin havayı etdiyini insanlar çoxlu pul xərcləyib, özəl klinikalarda etdirmək istəyir. Bu gün özəl klinikalarda peyvəndlərin qiyməti 150-200 manat arasında dəyişir. Niyə əlavə xərc çəkilməlidir ki? Üstəlik, indi özəl klinikalarda peyvənd yoxdur, yoxa çıxıb. Çünki tələbat var və bir azdan ortaya çıxardıb, daha baha qiymətə verməyə başlayacaqlar".
Vaqif Qarayev qeyd edir ki, istehsalçı ölkənin hansı olmasının əhəmiyyəti yoxdur:
“Burada yalnız istehsal olunan məhsulun əhəmiyyəti var. Bu gün Rusiya da qızılca həddən artıq çox yayılıb. Çünki orada da insanlar peyvənddən imtina edir. Onlara sual verirəm ki, yaxşı, bizdəki bəzilər Hindistan peyvəndi deyib, ondan imtina edir, bəs axı sizin özünüz peyvənd istehsal edirsiniz, niyə insanlarınız peyvənddən imtina edir? Cavab verirlər ki, burada da insanlar Avropa istehsalı olan peyvənd istəyir. Pandemiyadan əvvəl Rumıniya qızılcadan ,”yanırdı”. ÜST həmin vaxt Rumıniyaya vaksin verməkdən imtina etdi, arqumenti də bu oldu ki, Rumıniya səhiyyə qurumları vaxtında əhalisini maarifləndirməyib ki, peyvənd vacibdir.
Sovet vaxtı biz daha çox epidemioloqlardan qorxurduq, nəinki prokurordan. Çünki peyvəndlənmənin gedişatına ciddi nəzarət edirdilər, kiçik bir gecikməyə görə bizi incidirdilər. Yəni, o dövrdə peyvəndləmə məcburi idi. Peyvənddən imtina edəni polislə poliklinikaya gətirirdik. Amma indi bunu edə bilmirik və mövcud vəziyyət göz qabağındadır”.
Sinifdə və yaxud digər kollektivdə hansısa uşaqda qızılca aşkarlanarsa, nə etməli? Vaqif Qarayev sualımıza bu cür cavab verdi:
“Əgər sinifdə bir nəfərdə qızılca aşkar edilibsə, dərhal həmin sinif bağlamaq lazımdır. Çünki qızılca virusunun təhlükəsi odur ki, son dərəcə sürətli, qığılcım kimi yayılır. Yəni, bir sinifdə bir uşaq kifayət edir ki, bütün sinfi yoluxdursun. Ona görə də dərhal həmin uşaqla kontaktda olan hər kəs qeydiyyata alınmalı, nəzarətə götürülməlidir.
Daha bir məsələ, indi böyüklər də qızılcaya yoluxur. Əvvəllər çox nadir hallarda bu hal görünərdi. Amma artıq müşahidə olunur və böyüklər bunu çox ağır keçirtdiklərini bildirirlər. Bu bizi çox narahat edir.
Bir daha qeyd edirəm, peyvənddən imtina etmək olmaz, təkcə özümüzü deyil, digər insanları, bu xəstəliyə görə övladlarını itirən valideynləri də düşünməliyik”.
Xalidə Gəray,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ