İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistandan Almaniyaya 800 tibb bacısı gedəcək – azı 2200 avro maaş alacaqlar

Özbəkistan və Almaniya 800 özbək tibb bacısının işə götürülməsi barədə razılığa gəliblər.

Musavat.com gazeta.uz-a istinadən xəbər verir ki, bunu Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Behzod Musayev bildirib.

B.Musayev “Özbəkistan 24” telekanalına müsahibəsində Almaniya ilə miqrasiya və mobillik sahəsində hərtərəfli tərəfdaşlığa dair hökumətlərarası sazişin imzalanmasına münasibət bildirib.

Almaniyanın tibb və nəqliyyat sektorunun əmək resurslarına ehtiyacı var, ona görə də maraqlananlar üçün Özbəkistanda alman dili kursları təşkil olunacaq. O, imtahanları uğurla verənlərin mütəşəkkil şəkildə Almaniyaya gedəcəklərini bildirib.

“Bu, şəffaf, mütəşəkkil miqrasiya prosesinin qurulması istiqamətində ilk addımdır. Bu gün biz Almaniyanın “Deutsche Bahn” dəmiryol şirkəti ilə avtobus və dəmiryol sürücülərinin, “Globogate” şirkəti ilə isə tibb bacılarının hazırlanmasına dair razılığa gəldik. Bu il Özbəkistandan 800-dən çox tibb bacısı mütəşəkkil şəkildə Almaniyaya gedəcək, onlardan 400-ü artıq müəyyən olunub, qalanları dil imtahanı verir. Onların maaşı ən azı 2200 avro təşkil edəcək”, - nazir bildirib.

O qeyd edib ki, özbəkistanlı mütəxəssislərə Almaniyada maşınqayırma, nəqliyyat və tibb sahələrində yüksək texnologiyalar üzrə təhsil almaq üçün də şərait yaradılacaq.

“Bu müqaviləni tarixi adlandırmaq olar. Əgər Hindistan və Almaniya bu müqaviləni 6 il müddətinə hazırlayıblarsa, Özbəkistan və Almaniya arasında strateji əlaqələr nəzərə alınaraq bu mürəkkəb sənəd bir il ərzində hazırlanıb və imzalanıb. Bugünkü müqavilə 1-5 illik deyil, 10-20-30 illik müddəti əhatə edir”, - deyə Behzod Musayev bildirib.

Müqavilə çərçivəsində sadələşdirilmiş viza prosedurlarına da baxılacağını və Almaniyadan olan bir çox işəgötürənlə belə müqavilələrin imzalanmasının nəzərdə tutulduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR