Onlayn ictimai-siyasi qəzet
Çox çeynənimiş ifadədir, amma həqiqətin tam özüdür, dövlətlərarası dostluqlar əbədi deyil, əbədi olan dövlətlərin mənafeləridir.
Bu baxımdan vaxtilə dördlükdə GUAM (Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova) adlı təşkilat yaratdığımız ölkələrin bizə qarşı yol verdiyi hərəkət çox da gözlənilməz və sarsıdıcı deyil, amma xoşagəlməz və ibrətamizdir.
Bizə görə, hansı ölkələr olsa da, məhz Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətləri AŞPA-da keçirilmiş səsvermədə yanımızda olmalıydılar. Fəqət Moldava Azərbaycanın əleyhinə səs verib, Ukrayna və Gürcüstanı təmsil edən deputatlar isə səsverməyə qatılmayıblar, gözləyiblər ki, əleyhimizə qətnamə qəbul edilsin.
Bununla da onlar əslində təkcə Azərbaycana yox, həm də özlərinə, öz mənafelərinə xəyanət ediblər.
İndi bu üç dövlətin nəyə görə yanımızda olmalı olduqlarınından bir az təfərrüatlı şəkildə danışaq.
GUAM-a daxil olan dörd dövlətin dördü də Rusiyanın dəstək verdiyi etnik separatçılıq hərəkatları tərəfindən parçalanmış ölkələr idi. Düzdür, GUAM yaradıldığı vaxtlarda Ukraynada hələ separatçılıq hərəkatı vüsət almamışdı, amma bölücülük xəttinin işartıları vardı, Rusiya hazırda işğal və ilhaq etdiyi Krıma, Donetsk və Luqanska çox “ərk edirdi”, tez-tez işarələr verirdi ki, Ukrayna özünü yaxşı aparmasa, şərq regionlarını itirə bilər. Sonradan elə də oldu.
Gürcüstan isə Cənubi Osetiyanı və Abxaziyanı itirmişdi, Acarıstanı isə əlində pişim-pişimlə saxlayırdı, ermənilər yaşayan Cavaetiyadan əndişəli, Azərbaycan türklərinin yaşadığı Borçalıdan isə arxayın idi.
Moldova rusların yaşadığı Dnestryanı bölgəni SSRİ-nin dağılması ilə birlikdə itirdiyidir, hələ də o bölgə üzərində suverenliyini bərpa edə bilməyib. Üstəlik, xristian türklərin yaşadığı Qaqauz bölgəsi Kişinyovdan çox Moskvaya rəğbətlidir və və hiss olunur ki, Kreml bu bölgəni Moldava dövlətinə qarşı qaldırmaq üçün müəyyən rıçağa malikdir.
Bir sözlə, bu dörd ölkənin dördü də uzun illərdir etnik separatizmdən əziyyət çəkir. Yalnız Azərbaycan ötən ilin sentyabrında öz problemini həll etdi, separatizm yuvasını dağıtdı. İndi Qarabağın dağlıq hissəsində “bizim öz dövlətimiz var” deyən erməni yoxdur. Hətta onların bir hissəsi sabah hansısa anlaşmalarla Azərbaycana qaytarılsalar, daha separatçılıq edə bilməyəcəklər.
Ancaq Gürcüstan və Moldovanın ərazisi hələ də parçalanmış haldadır. Ukrayna ərazisinin xeyli hissəsini itirməklə yanaşı, müharibə içində, işğal təhlükəsi qarşısındadır.
Belə olduğu təqdirdə bu dövlətlər öz separatizm problemini həll etmiş dövlətə dəstək olmalıydılar. Çünki sabah özləri də eyni duruma düşə bilərlər. Məsələn, Ukrayna Donetski, Luqanskı və Krımı rus işğalından azad edə bilsə, bu bölgələrdə yaşayan ruslar Moskva ilə əməkdaşlıqda suçlanacaqlarından qorxaraq bölgəni tərk edəcəklər. O zaman Ukraynaya qarşı “etnik təmizləmə” ittihamı sürülə bilərmi? Prinsipcə, sürülə bilər.
Yaxud Gürcüstan Abxaziya və Cənubi Osetiyanın üzərində öz yurisdiksiyasını bərpa edə bilsə, yenə də bu vilayətlərdə yaşayan abxazların və osetinlərin bir hissəsi, bəlkə də yarısı öz evlərini tərk edəcək, Rusiyaya sığınacaqlar. Bu da “deportasiya” sayılacaqmı? Prinsipcə, sayıla bilər.
Eyni aqibət Moldovadakı Dnestryanı bölgənin əhalisinin başına gələ bilər. Onlar da Rusiyaya qaçacaqlar. Bu da Moldovaya qarşı ittihamlara səbəb ola bilər.
Əgər o zaman AŞ PA deputatları bu gün Azərbaycana qarşı səsləndirdikləri ittihamların birə-bir eynisini Ukrayna, Gürcüstan və Moldovaya qarşı səsləndirəcəklərsə, demək, onların da Azərbaycanın və Türkiyənin dəstəyinə ehtiyacı olacaq. Yox, AŞ PA belə bir addım atmayacaqsa, onda bu, riyakarlığın Mariana çökəkliyi, ayrı-seçkilik olacaq. Elə çıxacaq ki, dünyada iki cür separatizm var, biri yaxşıdır, o biri pis. Ermənilərin separatizmi müdafiə oluna bilər, amma abxazların, osetinlərin, rusları separatizmi yox.
Beləcə, aydın olur ki, adını çəkdiyimiz üç ölkə AŞ PA-da Azərbaycanı dəstəkləməməklə az ayaqlarına balta, bizə isə kürəkdən xəncər vurublar.
Ancaq bu ölkələri bu addıma təhrik edən səbəb var. O da odur ki, hər üçü gözünü Avropanın ağzına dikib, ondan mədəd gözləyir. Bu “mədəd”ə Avropanın siyasi, maddi dəstəyinə ehtiyaclar daxildir. Onlar elə bir durumdadırlar ki, Avropanın qüdrətli dövlətləri nə desə, icra edəcəklər. “Ağa deyir, sür dərəyə” məsələsi. Hazırda isə müsyölər, sinyorlar, fonlar, panlar məhz elə bir əmr ediblər.
Uzun sözün kəsəsi, AŞ PA-nın səsverməsində bizimlə çiyin-çiyinə durmağı o dövlətlərin əbədi mənafeləri tələb edirdi.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ