İnsanlara hürriyət, millətlərə istiqlal!

Oyun bitdi! Xankəndi yolu(muz) açılır - Əliyev xəbərdarlığını etmişdi

Ermənistan və qəyyumları diplomatik nokautda; sonuncu “patron”lar da boşa çıxdı; İrəvan Bakının sülh şərtlərini qəbullanmaq zorunda

Hələ də böyük güclərin əlində maşa olan kapitulyant Ermənistanın öz boyunu aşan ambisiyaları bölgəni yeni təhlükənin astanasına gətirib. İki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə anlaşmaq, sülh müqavilələri imzalamaq əvəzinə, Paşinyan iqtidarı mifik “sülhü” uzaqlarda, dağda-daşda axtarır və faktiki daşnak-revanşist sələflərinin kursuna yuvarlanıb. Bu yolun hara apardığını bilə-bilə.

BMT Təhlükəsizlik Şurasında (TŞ) avqustun 16-da Ermənistanın təşəbbüsü ilə Azərbaycana əleyhinə düzənlənən, son 3 ildə sayca üçüncü siyasi şou İrəvanın Fransa başda olmaqla, havadarlarının tərcih elədiyi avantürist siyasət zəncirində, sadəcə, növbətisi idi. Artıq məlumdur ki, iclas nə qətnamə, nə bəyanat, nə də mətbuata hər hansı açıqlama verilmədən bitib.

TŞ-də müzakirələrin nəzərdə tutulduğu gün sərhəddə ölkəmizə qarşı baş verən diversiya cəhdi də Azərbaycanı hədəfə gətirmək üçün düşünülmüş təxribat idi. Lakin kimlərsə, hansısa çevrələr düşünürsə ki, bu üsullarla Azərbaycana təzyiq edib onu haqlı mövqeyindən çəkindirə, ona şərt diktə edə bilər, həmişəki kimi, yanılırlar. Azərbaycanı sıxmaq dəmir “prujini” sıxmaq kimi şeydir və yalnızca bunu edənlərə təhlükə vəd edir. Çünki “prujin” nə qədər çox sıxılsa, bir o qədər böyük güclə geri  açılacaq.

Eyni zamanda bütün bu destruktiv əməllər birmənalı şəkildə müharibə gündəliyinə işləyir. Bölgənin, elə Ermənistanın özünün ən çox ehtiyac duyduğu sülhü yox, daha bir dağıdıcı müharibəni yaxınlaşıdır, tətikləyir. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı, Qarabağla bağlı mövqeyi və “qırmızı xətləri” çoxdan məlum. Sülh sazişi üçün irəli sürdüyü 5 baza prinsipi də bəlli. Bakı onlardan bir addım da geri çəkilməyəcək, çünki hamısı beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə əsaslanır.

Şuşanı alandan sonra iki yolumuz vardı: ya Xankəndiyə girməliydik ya da...  » AzadSəs

Bizim güzəştimiz yalnız Ermənistana sülh anlaşması üçün vaxt vermək ola bilərdi ki, onu da elədik. Əfsus ki, qarşı tərəf uzatdığımız barışıq əlini sıxmaq istəmir. Bunu az qala, zəifliyimiz kimi anlayır. Amma anlamırlar ki, əgər 30 illik işğal dövründə Azərbaycan sülh naminə ərazi və suverenlik güzəştinə getməyibsə, 44 günlük savaşdakı möhtəşəm Zəfərdən sonra necə gedə bilər?!  

Demək, vaxt itirməkdənsə, Nikol və komandası yaxşı olar ki, heç olmasa, bundan sonra öz xalqını sülhə hazırlasın. Özünün və ermənilərin xəyalındakı “sülhə” yox, real, mümkün və ədalətli sülhə! Əks halda, erməni anaları sink tabutlar almağa davam edəcək, Azərbaycan həbsxanaları erməni diversantları ilə dolub daşacaq. Erməni hərbi əsirlərin sayı itəcək. Axı bir millət, onun başında duranlar öz-özünə nə qədər qənim kəsilə bilər...

***

“BMT TŞ-dəki iclas Ermənistan üçün sıfır nəticə ilə bitdi. İstisna deyil ki, BMT-dən ümidini itirən Ermənistan və onun dəstəklədiyi Qarabağdakı separatçılar reinteqrasiya və Ağdam-Xankəndi marşrutunun qarşısını almaq üçün son kartları olan silahlı toqquşmaya gedəcəklər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu ehtimalı analitik Asif Nərimanlı irəli sürüb. 

Ancaq onun sözlərinə görə, belə bir ssenari Bakıya separatizmin ləğvi və erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması məqsədilə problemi birdəfəlik həll etmək hüququ verir.

Yəni “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”. Ümid edək ki, BMT TŞ-dəki fiasko ermənilərin, nəhayət, ayıldacaq, öz gözlərindən “çəhrayı eynəkləri” çıxarıb gerçəyi olduğu kimi görməyə yardımçı olacaq. Əks təqdirdə, daha böyük fəlakətə hazır olsunlar...

***

Qarabağın digər rayonlarına da avtobus marşrutları açılacaq? - Rəsmi CAVAB

“İndi hər şey Azərbaycan və Ermənistan xalqlarının iradəsindən asılıdır. Ermənistan xalqı isə aldadılıb, işlərin mahiyyətini anlamır. Başa düşmürlər ki, irəli sürülən tələblər son nəticədə Rusiya qoşunlarının qalmasına xidmət edir”.

Bunu isə politoloq Zərdüşt Əlizadə deyib.

Öz növbəsində tanınmış politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanı BMT-yə müraciət etməyə vadar edən qəyyumları olub. “Onların başında Fransa ilə yanaşı, Rusiyanın və ABŞ-ın müəyyən dairələri dayanır”, - deyə o, Axar.az-a söyləyib.

Q.Hüseynliyə görə, erməni diasporundan, eləcə də qəyyumlarından dəstək alan Ermənistan Azərbaycana güc nümayiş etdirir: “Son zamanlar Hindistan və Fransadan alınan silahlar Ermənistanı hərbiləşdirməklə yanaşı, ölkənin siyasi liderlərinin ritorikasına da ciddi təsir göstərib. Onlar Azərbaycanla əvvəlki ritorikadan imtina edərək, hədələyici, təhdidedici tonda danışırlar. Bu məsələdə Nikol Paşinyanın da rolu az deyil. Ermənistanı BMT Təhlükəsizlik Şurasına müraciət etməyə də bir növ Fransa təhrik edib. Bundan əvvəl də Fransa belə fikrə düşmüşdü, amma cəhdləri uğursuz oldu”.

***

Yenə dı xəyal qırıqlığı ilə üzləşdilər. Yəqin ki, 4-cü cəhd olmayacaq.

Beləcə, Nikol Paşinyan suyu süzülə-süzülə qaldı. Guya Ermənistan qalib Azərbaycanı cəzalandırmaq istədi, özü cəzalandı, diplomatik nokauta düşdü - qəyyumları ilə birgə. Artıq Xankəndi yolu, yaxud yolumuz açılır. Hər iki mənada. Paşinyan Bakının şərtlərini qəbullanmaq, “A”-dan sonra “B” demək zorunda.

Bəzi siyasi müşahidəçilərə görə, BMT uğursuzluğu erməni baş nazirə ona görə lazım idi ki, öz xalqına və revanşist kəsimə göstərsin ki, baxın, mən əlimdən gələni elədim, amma alınmadı, odur ki, Bakının məlum şərtləri əsasında sülh sənədi imzalamaq zorundayıq.

Belədirsə, onda Paşinyan buyursun, konstruktiv danışıqlara qayıtsın. İlin axırına hələ var. Azərbaycan Prezidenti isə xəbərdarlığını edib...

Analitik xidmət,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR