İnsanlara hürriyət, millətlərə istiqlal!

Ortaq Türk İnvestisiya Fondu yaradılır -Ekspertlər Fondun fəaliyyət prioritetlərini necə görür?

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin ortaq investisiya fondunun yaradılması prosesi yekunlaşmaq üzrədir. Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda verdiyi məlumata əsasən artıq proses son mərhələdədir: "Noyabrda bu fondla bağlı müvafiq sənədin tamamlanaraq imzalanması gözlənilir. Bu vəsait kiçik və orta biznesin inkişafına, infrastrukturun yaradılmasına yönəldiləcək. Qarabağın bərpası da onun əsas prioriteti olacaq. 2023-cü ilin yanvarından bu fond öz fəaliyyətinə başlayacaq və bizim iştirakçı ölkələrin maliyyə strukturları ilə əməkdaşlığı genişlənəcək”.

Qeyd edək ki, Ortaq Türk İnvestisiya Fondunun yaradılması ideyası Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev tərəfindən 2015-ci ildə irəli sürülüb. Ondan bəri Türk Dövlətləri Təşkilatının toplantılarında bu məsələ dəfələrlə müzakirə olunub. Proses keçən ildən sürətləndirilib. Belə ki, 2021-ci ilin sentyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar verilib. Rəsmi açıqlamaya görə, Fondun yaradılmasında məqsəd üzv ölkələrdə infrastrukturun inkişaf etdirilməsi, biznesin maliyyələşdirilməsi və investisiya layihələrindəki maliyyə çatışmazlığı ilə bağlı maneələrin aradan qaldırılması naminə əlavə resursların səfərbər edilməsidir.

Qırğızıstan Fondun baş ofisinin Bişkekdə yerləşməsi təklifi ilə çıxış edib.

Türk dövlətlərinin qarşılıqlı əməkdaşlığının sürətlə dərinləşdiyi indiki dövrdəTürk İnvestisiya Fondunun yaradılması hansı perspektivlərvəd edir? Fondun maliyyələşdirilməsi, fəaliyyət prinsipləri necə təşkil olunmalıdır ki, bütün dövlətlər ondan faydalana bilsin? Belə bir Fondun yaradılması orta türk valyutasına keçid üçün zəmin ola bilərmi?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ümumiyyətlə, türk dövlətlərinin iqtisadi inteqrasiyasının dərinləşməsi üçün münbit şərait var: “Həm yeni logistik marşrutların açılması, həm yeni investisiya şəraitinin yaranması gələcəkdə bu tip fondların yaradılmasını aktuallaşdırır. Gələcəkdə türk dövlətlərinin inteqrasiyasını sürətləndirəcək, onların hamısını razı salacaq layihələrin  bu fond tərəfindən maliyyələşdirilməsi gözlənilir. Sadəcə, bu fondun prioritetlərinin nədən ibarət olacağı indidən dəqiq müəyyənləşdirilməlidir”.

Ekspertə görə, Türk İnvestisiya Fondunun əsas prioriteti ölkələrin iqtisadi inteqrasiyası prosesinin sürətləndirilməsi olmalıdır: “Bəlkə də bir 10 ildən sonra türk dövlətlərinin vahid elektron ödəniş vasitələrinin də dövriyyəyə buraxılması mümkün olsun”.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, alternativ fondların olması xüsusilə Azərbaycan üçün faydalıdır: “Çünki Azərbaycan işğaldan azad olunan ərazilərin bərpası kimi nəhəng investisiya tələb edən prosesi həyata keçirir. Həm də iqtisadiyyatın restrukturizasiya edilməsi, neftdən asılılığın aradan qaldırılması kimi investisiyatutumlu fəaliyyətlərə ehtiyac var. Ölkəmizin investisi ya reytinqi də elə yüksək deyil. Yəni de yure inevstorlar üçün əlverişli şərtlər var, amma de fakto bunlar işləmir. Türk dünyası ölkələri siyasi cəhətdən uzlaşa bilən ölkələr olduqları üçün belə bir maliyyə alətinin yaradılması pis olmaz. İndiki halda, mən bildiyim qədər, dövlətlərin maliyyələşdirməsindən söhbət gedir. Sonrakı mərhələdə Fond öz işini qurandan sonra digər maliyyələşmə alətlərindən də istifadə edə biləcək: beynəlxalq maliyyə qurumlarının, fondların vəsaitlərinin cəlb olunması da nəzərdə tutulur”. 

Ekspert bildirir ki, Fond məqsədli olmalıdır: “Fondun əvvəlcədən müəyyənləşdirilən prioritetləri olmalıdır. Burada əsas diqqət türk dövlətlərinin qarşılıqlı inteqrasiyası üçün zəruri infrastrukturun formalaşdırılmasını nəzərdə tutan layihələrin maliyyələşdirilməsinə yetirilməlidir. Onsuz da çox böyük maliyyə imkanları olmayacaq. Olan imkanları nəqliyyat-logistik, sərhəd ticarət infrastrukturunun yaradılmasına yönəltmək daha məqsədəuyğun olar. Düşünürəm ki, ilkin mərhələdə böyük maliyyələşmə imkanları formalaşmayacaq. Buna Fond 5-10 illik fəaliyyətdən sonra nail ola bilər”. 

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR