Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bir sıra önəmli məqamlar diqqət çəkir.
Öncə məlumat üçün bildirək ki, müsahibənin mətni cari ilin 23 may tarixində dərc olunub.
Qarabağ problemini kökündən həll edən Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindən biridir. Bunun nəticəsidir ki, Azərbaycana intensiv şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, birgə müqavilələr imzalanır, gələcəyə hesablanan layihələrin əsası qoyulur. Eyni zamanda Azərbaycan daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır. Onlardan biri də yaxın gələcəkdə baş tutacaq olan COP29-dur.
Ölkə başçısı müsahibədə qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirib. Azərbaycan prezidenti bir növ təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını elan edib.
Yuxarıda da qeyd etdiyimiz kimi sülhün tərəfdarı olan Azərbaycan digər dövlətlərlə balanslı siyasət aparır. Bunun nəticəsidir ki, Azərbaycana qarşı məkrli addımlar nəticəsiz qalır, bizi oyunlara çəkmək istəyənlər heç bir şey əldə etmirlər.
Nümunə kimi Fransanı və digər dövlətləri göstərmək olar ki, artıq onların özləri də Azərbaycanla hesablaşmağın vacib olduğunu dərk ediblər. Elə Ermənistanın özü də sülh üçün vasitəçisiz hərəkət etməyin lazım olduğunu anlayıb. Ermənistan başa düşüb ki, onun gələcəyi, inkişafı da Azərbaycanla münasibətlərindən asılıdır.
Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etdi. 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq.
Prezidentin müsahibəsində Avropa İttifaqı ilə bağlı münasibətlərə də toxunulub.
Ölkə Prezidenti bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.
Cop29 zamanı nələrin baş verəcəyindən danışan ölkə başçısı bir sıra önəmli anonslar da verib.
Prezident qeyd edib ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq: “Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar”.
Bu gün bəzi ölkələr var ki, onlar təbii sərvətlərinə görə mühakimə olunurlar. Bunu da o ölkələr edirlər ki, neftləri olmasa da zavodları var. Hansı ki, həmin zavodlar ətraf mühiti daha çox çirkləndirir. Ancaq nədənsə, onlar bunu görmək istəmirlər.
Azərbaycan prezidenti bu barədə açıqlamasında bildirib:
“Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir. Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq”.
Azərbaycan bərpa olunan enerji mənbələrinin əsas ixracatçılarından birinə çevrilmək iddiasındadır. Bunun üçün bizim potensialımız mövcuddur. Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edir. Azərbaycanın paytaxtı Bakıda iqlim dəyişikliklərilə bağlı mövzuların tənzimlənməsin üçün çoxsaylı təşəbbüslər olacaq.
Mövzu ilə bağlı Azərbaycan prezidenti bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb:
“Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ