İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oktyabrın 26-da Gürcüstanda ən təhlükəli qüvvə erməni diasporu olacaq” - Siyasi şərhçi

Gürcüstan 2003-cü il hadisələrinin ərəfəsinə bənzər günlərini yaşayır. O zaman Mixail Saakaşvili prezident Eduard Şevardnadzeni devirərək hakimiyyətə gəlmişdi. 21 ildən sonrakı vəziyyətlərin bir-birinə nə qədər oxşar olub -olmadığını oktyabrın 26-da görəcəyik. Bəlkə də Gürcüstanın tarixində bundan maraqlı və bundan gərgin parlament seçkisi olmayacaq.

Musavat.com xəbər verir ki, seçkiyə bir həftə qalmış Gürcüstanda siyasi mübarizə özünün pik həddinə yaxınlaşır.

Ölkədə rüsyönümlü və qərbyönümlü qüvvələr hələ heç vaxt indiki qədər açıq mövqelərdə üz-üzə dayanmayıblar. Bəs belə vəziyyətdə 26 oktyabrda Gürcüstanda ən təhlükəli qüvvə hansı ola bilər?

Siyasi şərhçi Aydın Quliyev bildirib ki, üz-üzə duran hər 2 tərəfin-rusiyapərəst və qərbpərəst siyasət platformasında çox zəngin təcrübələri var. Əvvəlcə qərbpərəstlər Saakaşvilinin liderliyi altında ruspərəstləri məğlub etdilər. 8 ildən sonra ruspərəstlər Saakaşvilini devirərək yenidən hakimiyyətə qayıtdılar. Artıq 12 ildir ki, ruspərəstlər hakimiyyətdə, Saakaşvili həbsxanada döyüşürlər. İki tərəf də böyük siyadi təcrübəyə malikdirlər.

1601468957_aydin-quliyev011.jpg (90 KB)Aydın Quliyev 

Oktyabrın 26-da bu qüvvələrin tarixdə ən böyük "döyüşü " baş verəcək. Bu qüvvələrin biri tam şəkildə Qərbə, digəri Rusiyaya arxayındır:

“Ancaq 26 oktyabrda “pərdəarxası” fəaliyyət göstərəcək qüvvələr də var. Məsələn, Ermənistan rəhbərliyi və Gürcüstandakı erməni diasporu. Paşinyan və komandası yaxşı bilirlər ki, hələ Türkiyə ilə münasibətlərin “qapısının kilidli” olduğu indiki halda Gürcüstan onlar üçün Qərbə zəif də olsa, yeganə birbaşa çıxış yoludur. Təbii ki, Gürcüstanda ruspərəst qüvvələrin hakimiyyət mövqelərinin möhkəmlənməsi Ermənistanın Qərblə daha sıx inteqrasiya planlarına o qədər də uyğun gəlmir. Gürcüstanda ruspərəst hakimiyyət yeri gələndə Ermənistanın Qərbə meylli hərəkətlərinə məhdudiyyət qoya bilər. Odur ki, seçki günü Gürcüstandakı erməni diasporunun Ermənistan hakimiyyətinin təlimatı ilə hərəkət edəcəkləri şübhəsizdir. Gürcüstandakı azərbaycanlıların isə yekdil siyasi qərarla hərəkət etmələri ən arzuolunan variant olsa da, təəssüf ki, bu mümkün olan şeyə oxşamır. Eyni fikri Acarlar barədə də demək mümkündür. Bir sözlə, seçki ərəfəsində Gürcüstan cəmiyyətində aşkar görünən və görünməyən xətlər üzrə kəskin siyasi qütbləşmə mövcuddur. Ölkədə Qərbin isə çox fəal QHT strukturları və şəbəkəsi var”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR