İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlunun meyitinin yanında qatilin atası ilə çay içib- Naxçıvandakı qətlin TƏFƏRRÜATI  

Naxçıvanda söyüş zarafatına görə qohumunu öldürən, daha sonra isə Türkiyəyə qaçan şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mərhum ürəyindən aldığı bir bıçaq zərbəsi ilə dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, hadisə Babək rayonunun Tumbul kəndində baş verib. 31 yaşlı Rahib Abdullayev qohumu 50 yaşlı Kərim Hüseynov tərəfindən qətlə yetirilib.

Tərəflər arasında zarafatla nəsil söyüşü…

İstintaqla müəyyən edilib ki, tərəflər arasındakı mübahisə içki məclisində başlayıb. Rahib Abdullayev masada əyləşdiyi dostları ilə söyüşlə zarafat edib. Kərim söyüşlü zarafat zamanı ümumi olaraq Şərur və Qıvraq ərazisində yaşayanların ünvanına xoşagəlməz ifadələrin işlədilməsinə görə Rahib Abdullayevə etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Ətrafda olanlar hər iki şəxsi sakitləşdirməyə çalışıb. Mübahisənin baş verdiyi kafe Rahib Abdullayevə məxsus olub.Rahib Abdullayev kafedən bıçaq götürərək cibinə qoyub. Amma Kərimi orada vurmayıb. 

Ürəkdən dəyən bir zərbə…

Hər iki şəxs evə getsə də Rahib Abdullayev Kərimdən qisas almağı qərarlaşdırıb. Buna görə də Kərimin evinə üz tutub. Onun yaşadığı evin qarşısına gəlib. Rahib Kərimi söyərək çölə çıxmasını istəyib. Səsə isə ilk olaraq Kərimin anası gəlib. O, tərəflərin dava etməməsi üçün evin qapısını içəridən bağlayıb və açarı götürüb. Lakin Rahib Kərimi söyməyə və çölə çağırmağa davam edib. Kərim anasından açarı zorla alaraq qapını açıb və çölə çıxıb. Eyvandan götürdüyü bıçaqla Rahibin döş qəfəsinə bir zərbə endirib. Rahib kəskin qan itirmədən dünyasını dəyişib.

Kərim ifadəsində özünü günahkar bildiyini deyib. Əlavə edib ki, mərhumla heç bir ədavəti və düşmənçiliyi olmayıb.

Təqsirləndirilən Kərim hadisə baş verən gün yaşananları belə danışıb: “Həmin gün kəndə qonaqlığa getmişdik. Valideynlərim də həmin qonaqlıqda idi. Dörd nəfərə bir araq içmişdik, amma sərxoş deyildim. Evə qayıdanda gördüm ki, siqaretim yoxdur. Atamın yanında siqaret çəkmirəm. Ona görə də maşına baxmaq adı ilə evdən çıxdım. Atam demişdi ki, getmə. Mən də söz verdiyimi, getməli olduğumu deyib çıxdım.

Rahibin obyektinə getdim ki, siqareti də oradan alım. Mən ora çatanda 3-4 nəfər yeyib-içirdi. Məni də dəvət elədilər. İsrar etdikləri üçün oturub pivə içdim.

Orada oturanlar Rahibi tanıyırdı. Bir-birləri ilə nalayiq sözlərlə zarafatlar edirdilər. Onlardan biri Rahibin nəslini söydü. Mən də bunun düzgün olmadığını dedim. Rahibə dedim ki, bu zarafatları yığışdırın. Rahib mənə “dayıoğlu, sən əlini qoy öz payının üstünə” dedi.

Bu söyüşlər bir qədər sonra yenə təkrarlandı. Mən yenə Rahibə irad bildirdim, dedim ki, atam yaşda kişisən. Həm də biz qohumuq, bu söyüş zarafatları olmaz. Rahib dedi ki, işimə qarışma. 

Mübahisədən sonra bizi ayırdılar. Ona dedim ki, içkilisən, sabah danışarıq. Amma Rahib yenə arxamca gəldi. Rahib məni və ailəmi təhqir elədi. Ona bir yumruq vurdum, yerə yıxıldı. Sonra evə getdim. Yolda öz-özümə deyinirdim ki, zibilə düşdüm”.

Amma Kərim zibilə düşməklə canını qurtara bilməyib. Rahib həmin yumruğun acığını çıxmaq üçün Kərimin arxasınca evinə qədər gəlib.

“Eşitdim ki, anamı, bacımı, uşağımı söyür”

Kərim qətl baş vermədən öncə yaşananları belə ifadə edib: “Evə çatandan bir az sonra eşitdim ki, Rahib qapıda anamı, bacımı, arvad və uşağımı söyür. Anam Rahibə yalvardı ki, çıx get burdan. Amma Rahib anamı da söydü. Anam evdən çıxmayım deyə qapını bağlamışdı. Zorla açarı ondan aldım. Çölə çıxanda Rahib əlində olan bıçağı mənə atdı. Amma bıçaq mənə dəymədi. Mən də ona bir bıçaq vurdum. Dedim ki, söyüş söyə bilirsənsə, indi də söy, görüm”.

Səsə qonşular və Kərimin atası da gəlib. Hadisə yerinə Rahibin atası da özünü çatdırıb. Amma orada heç kim Rahibin bıçaqla vurulduğunu bilməyib. Kərim də Rahibi bıçaqla vurduğunu deməyib. Rahib həyətdə gül qabının yanında ikiqat bükülərək oturub. Qan axmağa başlayanda onun bıçaqlandığını biliblər.

Həmin ərəfədə isə Kərim evdən getməyə hazırlaşıb və Bakıya üz tutub. O, əvvəlcə Bakıya gəlib, oradan da Türkiyəyə gedib.

Mərhumun ailəsi Kərimdən şikayətçidirlər. Bildiriblər ki, Kərim Rahibi bıçaqladıqdan sonra ona heç bir kömək etməyib, köməksiz vəziyyətdə qoyaraq gedib. Həmçinin Kərimin atasından və anasından da şikayətçi olublar. Deyiblər ki, onlar da Rahibə vaxtında kömək etməyiblər.

İki uşaq atası olan Rahibin ölümündən sonra Kərimin qohumları yas məclisinə gediblər. Rahibin ailəsinə 2 min manat təklif ediblər. Amma mərhumun ailəsi bunu qəbul etməyib.

Oğlunun öldüyünü bilməyib, çay içirmiş…

Mərhumun atası əsgər Abdullayevin ifadəsində isə maraqlı məqamlar üzə çıxıb. Onun sözlərinə görə oğlunun öldürülməsinə səbəb Kərimin ona borcunun olması imiş:

“Kərimin oğluma 35 manat borcu var imiş. Rahib pulunu istəyəndə mübahisə ediblər. Sonra da Kərim Rahibi döyüb. Rahib evə gələndə qanın içində idi. Dedi ki, Kərim onu döyüb, onu öldürəcək. Nə qədər çalışsaq da ona mane ola bilmədik. Kərimgilə gedəndən sonra onun arxasınca getdim. Mən ora çatanda Rahibi yerə uzatmışdılar. Amma mən qan izi görmədim. Rahib epilepsiya xəstəsi idi. Buna görə vəziyyətinin ağırlaşdığını dedilər. Onu uzadıb halının yaxşılaşmasını gözlədik. Balkonda oturub çay içdik. Amma gördüm ki, Rahib oyanmır. 2 saat sonra təcili yardım gəldi. Gələn kimi dedilər ki, Rahib bıçaqlanıb və artıq ölüb”.

Mərhumun atası Kərimə ağır cəza verilməsini istəyib: “Bu adam ömür boyu tüfeyli həyat sürüb. Ailəsinə bir manat xeyri dəyməyib. Mənim cavan balamı öldürdü. İki körpə nəvəm yetim qaldı. Ən ağır cəzanın verilməsini istəyirəm”.

Qeyd edək ki, Kərim hadisəni törətdikdən sonra axtarışa verilərkən ölkəni tərk etdiyi məlum olub. O, Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.

Kərim Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Onun barəsində 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

 

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR