Onlayn ictimai-siyasi qəzet
Kiçik çavuş Emin İsmayılov Vətən müharibəsinin ən gənc şəhidlərindədir. Vətən uğrunda şəhid olanda cəmi 19 yaşı var idi. Qəhrəmanımız özü yaralı olsa da, 9 şəhid, 3 yaralı yoldaşını döyüş bölgəsindən çıxarmağa müvəqqət olub.
Fəxri xiyabanda, anım günündə şəhidimizin anası Məlahət İsmayılova Musavat.com-a açıqlamasında dedi ki, Emin ailənin yeganə övladı idi. Eminin nəşi 2 aydan sonra tapılmışdı:
“Eminin komandirinin anası həmişə məni görəndə deyir ki, üzünə baxa bilmirəm. Sənin uşağın mənim uşağımın arxasınca getdiyi üçün şəhid oldu. Mən isə deyirəm ki, bu, Eminin alın yazısı idi, qisməti belə imiş... O, evin tək uşağı idi, getməyə də bilərdi. Eminin canında o qədər vətənpərvərlik, qeyrət vardı ki... Emin Xocalının qisasını alıb. Bir ana üçün nə qədər çətin olsa da, bir o qədər də qürurludur. Hər dəfə Qarabağa köç olanda fəxr edirəm ki, bu bizim oğulların hesabına gerçəkləşib. Ana olaraq buz kimi daşı qucaqlayanda nələr çəkdiyimi Allah bilir. Biz o cür oğullar böyütdüyümüz üçün qürur duyuruq. Mən cəbrayıllıyam. Cəbrayıla, Füzuliyə gedəndə fəxr edirəm. Dünən Cəbrayıla ilk köç oldu. Mən halallıq verirəm. Zəng edib dedim ki, bizim oğullarımızın azad etdiyi torpaqlarda siz balalarınızı böyüdəcəksiniz. Arzu edirəm ki, balalar gülərüzlə böyüsün. O torpaqlarda xeyir işlər görülsün. Mən xeyir-duamı vermişəm. Oğlumun arzusu idi ki, mən Cəbrayıla gedim. Sonuncu dəfə sentyabrın 30-u danışmışdıq. Eminə dedim ki, inanmazdım, zaman gələr sən ananın torpağını azad edərsən. Vatsap statusunda oğlumu paylaşanda ürəyim, fəxrim, arxam, dayağım yazırdım. Sonuncu telefon danışığında da dedim ki, bu gün həqiqətən səninlə fəxr edir, qürur duyuram. Dedi ki, ana, mən heç vaxt sənin başını aşağı etməmişəm, etmərəm də...”
Məlahət İsmayılova oğlunu tez-tez yuxuda görür:
“Emin yuxuma gələndə deyirəm ki, səndən nigaranam. Zəng edirəm, zəng çatmır. Deyir ki, mənə zəng çata da bilər, çatmaya da. Mən işləyirəm, zamanı gələndə səni də aparacam. Biz bir-birimizə çox bağlı idik. Emin o qədər qeyrətli oğul idi ki, müharibə başlayanda özümə dedim ki, o oğulu mən böyütmüşəmsə, o ya döyüşüb qürurla gələr, ya da şəhid olar. Mənim oğlum gizlənən oğul deyil. Mən onu vətənpərvər böyütmüşdüm. Dost, Vətən, ana yolunda həmişə hazır idi. Emin ölümün gözünə dik baxıb getdi. Getdi də, torpaqlarımızı azad etdi də. Mən bütün şəhidlərimizlə fəxr edirəm. Mənim heç kimim yoxdur, amma hər kəsin balası üçün qürurla xeyir-dua verirəm. Dərdi mən çəkirəm, bütün balalara xoşbəxtlik arzu edirəm. Hər zaman deyirəm ki, şəhidlərimizin azad etdiyi torpaqlarda firavanlıq olsun. Bir daha Azərbaycanımıza şəhid, müharibə qismət olmasın!”
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ