Onlayn ictimai-siyasi qəzet
Yay mövsümü ilə əlaqədar mətbuatda tez-tez kiminsə dənizdə batmaqdan xilas edilməsi və ya batanların meyitlərinin sudan çıxarılması ilə bağlı məlumatları oxuyuruq. İlk olaraq zərərçəkənlərin kimliyi ilə maraqlanırıq. Onları xilas edənləri və ya dərinliklərə dalıb canını suya tapşıranları axtarıb tapanları heç ağlımızın ucundan da keçirmirik.
Suallarımıza cavab tapmaq üçün günün qızmar çağında Şıxov çimərliyinə üz tuturam.
Orada məni hər zaman çağırışa hazır vəziyyətdə gözləyən “Bakı” dalğıc axtarış qrupunun rəisi, baş çavuş Elvin Mirzəyev qarşılayır və sahil boyu gəzişə-gəzişə 2010-cu ildən bəri çalışdığı işindən danışır.
İlk olaraq axtarış-xilasetmə əməliyyatlarına qoşulmasından söz açır:
“Yaşadığım qəsəbə sahil boyunca yerləşirdi. Ona görə də 9 yaşımdan üzməyi yaxşı bacarırdım. Tez-tez dənizə gedirdim, balıqçılara baxırdım. Böyüyəndən sonra Qobustanın sahil məntəqə rəisi bacarığımı görüb, xilasedici kimi işləmək üçün müraciət etməyimi məsləhət gördü. Beləliklə, 2010-cu ildə xilasedici kimi işə başladım. Sonradan axtarış qrupuna keçdim. Təzə gələndə çətin idi. Deyirdim, görəsən, burada necə baş çıxaracağam. Sonra öyrəşdim. İndi özümü peşəkar hesab edirəm. Dənizdə iki nəfər batsa, ikisini də xilas edəcək potensialdayam. Mən su ilə yaşayıram. Gün ərzində elə vaxt olur ki, iki saat yarım üzürəm.
Əməkdaşlarımızın əksəriyyəti idmançıdır. Karate və kikboksinq ilə məşğul olmuşam. Hazırda isə alpaqut döyüşü üzrə hazırlaşıram. Oktyabrda Rumıniyada dünya çempionatına qatılacağam. Bir sözlə, orada insanlarla, dənizdə isə bədbəxt hadisələrlə döyüşürəm”.
Həmsöhbətimiz nisbətən dərinliyə gedən vətəndaşlara xəbərdarlıq edir və qaldığımız yerdən davam edirik. Bildirir ki, dənizdə batan və tapılmayan şəxslərlə bağlı “Bakı” və “Zaqulba” dalğıc axtarış qrupu fəaliyyət göstərir. Hadisə yerinə hansı qrup yaxın olarsa, çağırışa o gedir:
“Bəzən insanlar bizi axtarışa meyilli olmamaqda günahlandırırlar. Əslində elə deyil. Biz də meyitləri vaxtında tapıb təhvil vermək marağındayıq. Hətta bir dəfə bir qadın mənə yaxınlaşıb soruşdu ki, o düzdür ki, “vodolaz”lar adam batırır?
İşimizin psixoloji tərəfi çox ağırdır. İnsan itkisi görmək çətindir, sarsıntı olur. Bu yaxınlarda bir oğlan qardaşı əsgərlikdən gələn günü dənizdə boğulmuşdu. Onun meyitini biz tapıb təhvil vermişdik. Oğlanın anasının fəryadı hələ də qulağımdadır. Əl boyda uşaqların meyitini dənizdən çıxarırıq. Onları görəndə ağlayıram, pis təsir edir. 2014-cü ildə qeyri-çimərlik ərazidə güclü axının olduğu hissədə iki qardaşın 5 uşağı batmışdı. Biz onların meyitlərini təhvil verdik. O mənzərəni indi də unuda bilmirəm.
Amma nə yaxşı ki, bəzən müsbət hadisələr də olur. Məsələn, bir dəfə bir qızın dənizdə batması ilə bağlı çağırış gəldi. İki gün axtarış apardıq. Suda mümkün dərinlikləri yoxladıq. Ancaq meyit tapa bilmədik. Sonradan qızın qardaşı yaxınlaşıb dedi ki, bəs bacısı sağdır və hansısa oğlana qoşulub qaçıb. Onlar da elə bilib ki, qız özünü dənizdə batırıb. Sağ qaldığı üçün bu hadisəyə çox sevindik, xeyli güldük.
Daha belə maraqlı hadisə bir qadınla olmuşdu. Balaca uşaqlarının dənizdə batması ilə bağlı məlumat vermişdi. Biz də axtarış əməliyyatına başlamışdıq. Sonradan məlum olmuşdu ki, uşaq cizgi filminə baxmaq üçün əmisinin dənizin yaxınlığındakı bağına gedib.
Bir dəfə də axtarışdan gəlmişdik. Qayığı yuduq, texnikanı təzə rahlamışdıq ki, çağırış gəldi. Bildirdilər ki, külək yelkəndə olan bir nəfəri 1 kilometrdən çox aparıb. Onu xilas etmişdik. Həmin kişi həmişə məni görəndə deyir ki, siz mənim ikinci ad günümsünüz”.
Qış aylarında 3 növbəli işləyirlər. Yay mövsümündə isə iki növbəli rejimə keçirlər. Yəni qrupun əməkdaşları bir gündən bir səhər saat 9-dan axşam 8-dək xidmət aparırlar. Gecələr və axının sürəti 2 metrdən çox olarsa, axtarış aparılmır.
“Operativ maşınlarımız, texnikamız var. Maşın tam olaraq sökülür, təhvil-təslim olunur, avadanlıqların sazlığı yoxlanılır. Hər gün bunun qeydiyyatı aparılır və rəhbərliyə məruzə olunur. Mühərrik işlək olmalıdır. İşimiz elədir ki, hər an çağırış ola bilər. Biz 3 dəqiqə ərzində məntəqəni tərk etməliyik. Əsasən həftə sonları və küləkli hava olanda gözləyirik. Bakı kəndlərində “Rip axıntıları” çoxdur, elə yerlər var ki, çay kimi axır. Bu da insan həyatı üçün çox risklidir.
Bakı kəndlərindən çağırış olanda özümüzü quru yolla çatdırırıq. Lökbatan və digər yaxın ərazilərə isə su yolu ilə gedirik”.
Həmsöhbətimizdən suda batan şəxsin meyitini küləyin qonşu ölkələrin su hövzəsinə aparması ilə bağlı soruşuram.
“Biz ancaq çimərlik ərazilərdə xidmət aparırıq. Dalğıclarımız 20 metrə qədər enə və 2 min metrə qədər üzə bilərlər. İki mindən sonra isə xüsusi riskli xilasetmə qrupu dövriyyəyə girir. Daxili İşlər Nazirliyinin su polisi və sahil mühafizə xidməti ilə birgə işləyirik. Axtarışlarımıza helikopterlər də cəlb olunur. Onlar hündürlükdən izləyib bizə məlumat verirlər. İstənilən insan üzməyi bacarmasa belə, özünü suyun üzərində saxlaya bilər. Əksər hallarda həyəcandan panikaya düşərək özünü batırır. Batan adamı üç dəqiqə ərzində xilas etmək mümkündür. Ancaq istisnalar da olur. Qrupumuzun xilas etdiyi bir qız 5 dəqiqədən sonra həyata qayıdıb”.
E. Mirzəyevin sözlərinə görə, dalğıclar 50 yaşına qədər xidmət göstərə bilər:
“Xidmətinin 20 ilini başa vuran şəxs rahat formada pensiyaya çıxır. İşlə bağlı su altında 3 min saat olan şəxsin isə ilindən asılı olmayaraq təqaüdə çıxma hüququ var”.
Baş çavuş hələ pensiyaya çıxmağa hazırlaşmır. O, suda saman çöpündən yapışan bir çox insanın ikinci doğum günü olacağını bildirir.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ